Valideynlər, övladlarınızı “TikTok”dan qoruyun

Lalə Mehralı: "Övladımızı bizdən başqa kimsə qoruya bilməz"

İtaliyada  “TikTok”un təhlükəli oyununda iştirak edən 10 yaşlı qız ölüb. Uşaq “Blekaut” adlı dözümlülük yarışı yerinə yetirərkən boğularaq həyatını itirib. Yarışın şərtlərinə  əsasən iştirakçılar video yayımlandığı müddətdə boyunlarını kəmərlə sıxmalı və nəfəslərini tutmalı imiş. Nəticədə balaca qız həlak olub, onu hamam otağında yanında telefonla 5 yaşlı bacısı tapıb.
Bu səbəbdəndir ki, dəfələrlə maarifləndirici  yazılar yazıb, valideynləri uşaqları “TikTok”dan qorumağa çağırırıq. Lakin hələ də  həmin sosial şəbəkə platformasına uşaqların, gənclərin axını müşahidə olunur. 



Məsələni “Şərq”ə şərh edən jurnalist-sosioloq Lalə Mehralı valideynlərin mütəxəssislərin tövsiyələrinə məhəl qoymadıqlarını söyləyib:

“Peşəkarlar, övladınızı həmin platformadan qoruyun, təhlükəlidir, uşaqların  tərbiyəsinə, mənəviyyatına zərərlidir" deyirlər. Valideynlər üçün isə bunların önəmi yoxdur.

Çünki 10-12 yaşlı uşaqlar kamera qarşısında əcaib hərəkətlər edib, jarqonla danışırlar, meyxana oxuyurlar, söyüşlə videolar çəkirlər. Tutaq ki, onların bir-ikisinin valideyni durumdan xəbərsizdir.

Axı “TikTok” hər kəsə açıq platformadır. Onların ətrafında  kimsə görüb tanımalıdır, valideynə xəbər etməlidir ki, övladın bu işlərlə məşğuldur. Bilirlər, lakin etinasız yanaşırlar. Mətbuatda  dərc olunsun, televiziyada göstərilsin ki, İtaliyada belə bir hadisə baş verib, deyəcəklər ki, təsadüfdür. Təsadüflər də zərurətdən doğur.

Biz hər  şeyə təsadüf deyərək məsuliyyətdən yaxamızı kənara çəkirik. Məsələn, selfi yeni dəbə düşəndə nə qədər insanın həyatını itirdiyinin şahidi olduq. İndi körpə uşaqlara smartfon telefon alıb, sərbəst internet istifadəsinə icazə vermək nə dərəcədə doğrudur?

Bunun özü mübahisəli mövzudur. Düzdür, onlayn təhsillə bağlı uşaqların hamısında smartfon telefon var. Amma nəzarət  olunmalıdır. Odur ki, valideynlərin üzərinə böyük məsuliyyət düşür. Övladımızı bizdən başqa kimsə qoruya bilməz. Valideynin öz övladına qarşı maksimum diqqətli olmasından başqa çarəsi yoxdur.

Qloballaşan dünyada informasiya texnologiyalarının əjdahaya çevrildiyi bir zamanda ana, ata hər cür tələyə qarşı gözü açıq olmalıdırlar”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu