"Altılıq platforması" strateji önəm daşıyır

"Azərbaycan bu prosesdə müstəqil güc mərkəzi və aparıcı aktor kimi çıxış edir"

Hazırda müzakirə olunan məsələlərdən biri də bölgədə "altılıq formulu"nun reallaşdırılmasıdır. İlk dəfə Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər Paradındakı çıxışları və ondan sonra keçirdikləri mətbuat konfransında söylədikləri bir sıra fikirlər müxtəlif dairələrdə ciddi müzakirələrə səbəb olub. “Altılıq” adlanan formatın bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq üçün geniş imkanlar açacağını proqnozlaşdırırlar. Rusiya Prezidenti V.Putin də bu ideyaya müsbət yanaşıb. İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu istiqamətdə xüsusi fəallıq göstərmək üçün qonşu ölkələrə səfərlər təşkil etməkdədir. 



Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini öz milli güc resurslarından istifadə edərək hərbi-siyasi yolla həll etməsi regionda yeni geosiyasi konfiqurasiyanın meydana çıxması üçün geniş imkanlar yaratdığını vurğulayan politoloq Nurlan Qələndərli "Şərq"ə açıqlamasında bildirib ki, bu kontekstdə, ilk növbədə, bölgədə yeni geostrateji əməkdaşlıq platformasının yaranması xüsusilə qeyd edilməlidir.

Onun sözlərinə görə, bölgədə yeni “altılıq platforması” formatında işbirliyi mexanizminin formalaşması həm regional, həm də beynəlxalq əməkdaşlıq və təhlükəsizlik müstəvisində strateji önəm daşıyır:

“Şübhəsiz ki, Azərbaycan bu prosesdə müstəqil güc mərkəzi və aparıcı aktor kimi çıxış edir, qlobal əhəmiyyətli yeni regional geosiyasi konfiqurasiyada rol-statusları və yerləri müəyyənləşdirir. Bu, eyni zamanda, beynəlxalq təhlükəsizliyə fundamental töhfə kimi səciyyələndirilə bilər.

Paralel olaraq nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması Cənubi Qafqaz və ətraf regionlarda ticari-iqtisadi münasibətlərin inkişafı, siyasi inteqrasiyanın genişləndirilməsi, çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir”.

Politoloq qeyd edib ki, “altılıq formatı” kimi xarakterizə edilən əməkdaşlıq platforması Cənubi Qafqazın geostrateji statusunu yüksəltmək, bu regionu Avrasiyanın “heartland” nöqtələrindən birinə çevirmək potensialına malikdir:

“Ən əsası, regional supergücə çevrilən, beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında yüksəlişə malik olan Azərbaycan üçün yeni geoiqtisadi və geosiyasi dividendlər deməkdir".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu