Bu çiçək, o çiçək deyil

Bakıda 20 manata satılan xarıbülbül Şuşadan gətirilməyib

Şuşanın düşmən tapdağından azad edilməsiylə, xarıbülbül də Bakıya ayaq açdı. Vətən müharibəsindəki şanlı qələbəmizin rəmzi seçildi və 8 Noyabr Zəfər Günü də  xarıbülbül çiçəyi ilə interpretasiya olundu. Və 28 il əsarətdə qalmış çiçəyin - Qarabağın, Şuşanın rəmzi kimi tanınan bir çiçəyin buna tamamilə haqqı çatırdı.  Xarıbülbül həm də gözəllik, incəlik, ülviyyət, ismət rəmzi kimi qəbul edilir. Qəhrəmanlığı ilə yanaşı, özündə eyni zamanda gözəllik və müqəddəslik daşıyan böyük bir obanın, elin rəmzinin məhz xarıbülbül çiçəyi seçilməsi bu mənada məntiqidir və tamamilə doğrudur.

Xarıbülbülün qələbəmizin rəmzi seçilməsi bu çiçəyə marağı birə-on artırıb. Artıq gül salonları, çiçək mağazaları xarıbülbül satışını təşkil edir, internetdə bununla bağlı elanlara da rast gəlinir, dibçəklərdə xarıbülbül çiçəyi satıldığı anons edilir. Qiyməti 20 manatdır. Xüsusilə vurğulanır ki, bu qiymət dibçəkdəki bir çiçəyin dəyəridir. Böyük dibçəkdə 2-3 çiçək, kiçik dibçəkdə isə 1 çiçək olduğu bildirilir. Xəbərdarlıq da edilir ki, çiçəklər torpaqda yetişdirilib, yazağzı – martda çiçək açacaqlar. Onlayn sifarişlər qəbul olunur, dibçəklər Xaçmazdan gətiriləcək.             

Xarıbülbülün bu qədər sevilməsi, yayılması, ona bunca diqqət, qayğı bir tərəfdən xoşdur, digər tərəfdən isə işbazların fürsətcilliyinə heyran olmaya bilmirsən. İstər-istəməz düşünürsəın ki, niyə bu iş adamları, illər öncə xarıbülbül çiçəyini yetişdirib satışa çıxarmırdı?

Xalq xarıbülbülə həsrət qalmışdı. Bir halda ki, bu çiçəyi Xaçmazda, ya da paytaxtda yetişdirmək mümkündü, niyə bunu illər öncə etmirdilər. Məlum məsələdir ki, hazırda satışı təşkil olunan xarıbülbül çiçəyi Şuşadan gətirilməyib. Bəlkə bir qədər sonra – gediş-gəliş, məskunlaşma tam bərpa olunandan sonra gətirəcəklər, Bakıda da yetişdirəcəklər, nə bilmək olar. Amma bir tarixi həqiqət də  var axı. Rəvayət qısaca belədir ki, Qarabağ xanının qızı Ağabəyim ağa İran şahı Fətəli xanla evləndirilib Tehrana göndəriləndə xan qızı Vətən həsrəti azalsın deyə, saray bağçasında Qarabağdan, Şuşadan gətirilmiş ağaclar, çiçəklər yetişdirilməsini istəyib. Hər ağac, çiçək bitib, böyüyüb, təkcə xarıbülbül çiçəyi, nə illah ediblərsə də, bitməyib. Öz doğma torpağından – Şuşadan kənarda yetişməyib. İndi bizim fürsətcillər Xaçmazda xarıbülbül yetişdirir; ey dadi-bidad!

Bəs, dibçəklərdə yetişdirilən xarıbülbül çiçəyi həqiqətən Şuşada bitən çiçəkdimi? 

Əslən Şuşadan olan, Böyük Qələbəmizdən sonra hər gün, hər saat Şuşaya qayıdacağı günü, saatı gözləyən peşəkar həmkarımız Kəmalə Cahidqızı “Şərq”ə açıqlamasında dedi ki, bu çiçək, o çiçək deyil: 

- Qarabağlılar, şuşalılar xarıbülbülü tanıyır. Doğrudur, xarıbülbül Şamaxıda, İsmayıllada da bitir. Amma Şuşada bitən xarıbülbül deyil. Şuşanın xarıbülbülü başqadır, fərqlidir. Son zamanlar müxtəlif bəzək əşyalarının tərtibatında da xarıbülbüldən istifadə edilir.

Gümüş dəst hazırlanır, sırğa, üzük. Xarıbülbül boyunbağısı da var. Sancaq da var. Xarıbülbül rəmz kimi də artıq məşhurdur. Amma bu xarıbülbülün rəngi də Şuşadakı xarıbülbülün rəngində deyil. Şuşanın xarıbülbülü 3 hissədən ibarətdi: gül-bülbül-arı.

Bülbül sarımtıl yaşıl, arı isə tünd qəhvəyi rəngdə olur. Gül isə çox açıq yasəmən rəngində. Hazırda rəmz formasında təqdim olunan xarıbülbüldə isə bənövşəyi rəng üstündür. Hətta arı da bənövşəyi rəngdədir. Bənövşəyi rəngdə arı olmur. Təbiilikdən uzaqdı. Anlaşılandı, necə düzəlir düzəlsin, o, təbii çiçək kimi ola bilməz. Xarıbülbülü parnikdə, dibçəkdə, harda istəsələr yetişdirə bilərlər, amma o, Şuşanın xarıbülbülü olmayacaq.

İstəməzdim ki, xarıbülbül bu qədər ucuzlaşsın. Qiymət, maddi dəyər baxımından demirəm. Mənəvi baxımdan ucuzlaşdırmasınlar gərək bu çiçəyi. İstəmirəm xarıbülbül qərənfilin taleyini yaşasın. Adiləşməsin. Həddindən artıq populyarlıq sonda ucuzluq gətirir. Hər şeydə qazanc güdməyək. Xarıbülbülü ucuzlaşdırıb hamı üçün əlçatan etməsinlər. Xarıbülbülün yurdu Qarabağ, Şuşadır. O çiçək o torpağa mənsubdur. Onu Bakıda, ya da başqa hansısa şəhərdə yetişdirməyin nə mənası?!     

Xarıbülbül çiçəyi haqqında rəsmi məlumatlar isə bundan ibarətdir ki, onun elmi adı Qafqaz qaş səhləbidir. Latınca ophrys caucasica – Qafqaz ofrisi adlanır. Azərbaycanda el arasında xarıbülbül adlanır. Bu da çiçəyin gül və bülbülü xatırlatmasına görədir. Səhləbkimilər fəsiləsinə aiddir. 2007-ci ildə xarıbülbül şəkli ilə Azərbaycanda poçt markası da buraxılıb. 

Aprel ayında çiçəkləyir. Dekorativ gözəlliyinə görə əhali tərəfindən intensiv toplandığı üçün itirilmə təhlükəsi yarandığından “Qırmızı Kitaba” daxil edilib. 
Daha çox Şuşa və ətraf ərazilərdə, həmçinin Samur – Dəvəçi, Kür-Araz və Xəzərsahili (Siyəzən rayonu, Beşbarmaq dağının təpə hissəsində) ovalıqlar, Kür düzənliyi, Abşeron, Diabar, Kiçik Qafqazın cənub rayonlarında rast gəlinir. Otlu yamaclarda, meşə açıqlıqlarında və kolluqlarında və Cəbrayıl rayonu istiqamətlərində bitir. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu