Savaşdan dönən jurnalist: “Düşmənin “başının əzilməsini” görmək...”

Vətən müharibəsində iştirak edən döyüşçülərimiz təkcə tarix yazmadılar, həm də özləri tarixə yazıldılar. Şəhidlərimizin də, qazilərimizin də adı dillərdədir. Onlar istiqlal savaşının fədailəri kimi ən böyük hörməti, ehtiramı qazandılar. Sevindirici haldır ki, qəhrəman döyüşçülərimiz arasında jurnalistlər də var idi. Belə həmkarlarımızdan biri də hazırda “Baku tv”nin xüsusi müxbiri kimi fəaliyyət göstərən Yelmar Məmmədlidir. O, 1992-ci il may ayının 25-də anadan olub.  Bakı şəhəri Nizami rayonu 214 saylı məktəbi bitirdikdən sonra Xəzər Universitetinin Regionşünaslıq (Amerika və Böyük Britaniya üzrə) ixtasasında bakalavr təhsili alıb. Ardınca isə isə Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdə olub. Bir müddət İctimai Tv-də çalışan Yelmar bəy daim Vətənin taleyinə görə nigaranlıq keçirib. Və bu narahat hisslər onu İkinci Qarabağ müharibəsinin iştirakçısına çevirib. 

Daha ətraflı həmkarımızın “Sherg.az”a açıqlamasından oxuyaq: 

“Cənab Ali Baş Komandanın televiziyada müraciətindən sonra mən də bir Vətən övladı, Azərbaycan vətəndaşı kimi Hərbi Səfərbərlik Xidmətinin Nizami rayon idarəsində könüllü olaraq qeydiyyatdan keçdim. Çünki fikirləşirdim ki, Tovuz hadisələri, düşmənin ard-arda təxribatları,  hərbi hərəkətlilik və ritorika müharibə ehtimalını artırır . Sentyabr ayının 21-i səhər saat 7-də qapımız döyüldü.  Təlimlərə cəlb edildiyim və onlarla getməli olduğum barədə məlumat veriləndə həmin anın çatdığını bildim. Evdəkilərə narahat olmamalarını, hər şeyin tezliklə yaxşılığa doğru dəyişəcəyini deyib, səfərbərlik xidmətinə yollandım. Altı günlük təlimlərdən sonra sentyabrın 27-si bizim hərbi hissə Füzuli istiqamətindən döyüşlərə başladı. Siravi əsgər idim. Baş sürücü və radiotelefonçu kimi fəaliyyət göstərirdim. Cəbhə həyatının hər dəqiqəsi, saatı, günü heç vaxt unutmayacağımız bir xatirə kimi ömrümüzə həkk olundu. Tarix bizim gözlərimiz önündə yazıldı. Təsəvvür edin, gecənin bir yarısı - saat 3-4-də artilleriya silahlarının səsindən yer-göy lərzəyə gəlir və bu səsdən necə dik atılırsan... O səs bizə toy-bayram müjdəçisi kimi gəlirdi. Hər atılan mərmidən sonra “Birini də atın!” deyə qışqırıb sevinirdik. Bu zaman keçirdiyimiz qürur, sevinc hisslərini ifadə etmək çətindi. Biz tərəfdə qürur hissi keçirməyimizə səbəb olan top səsi, mərmi atışı, düşünün ki, düşmən tərəfdə necə qorxuya, panikaya səbəb olurdu. Bir zamanlar paradlarda, hərbi təlimlərdə izlədiyimiz bu texnikaların indi düşmənin “başını əzməsini” görmək, yeri-göyü titrədən səsin bizi böyük məqsədimizə tezliklə çatdıracağını bilmək möhtəşəm idi... Biz bunları yaşadıq”.

Y.Məmmədli həmin günləri daim fəxarətlə xatırlayacağını bildirib:

“Jurnalist fəaliyyətimdə daha çox siyasi, hərbi mövzularla maraqlanmışam, süjetlər hazırlamışam. Dəfələrlə qardaşlarımızın, əsgərlərimizin “Canımız bu torpağa fəda!”, “Hər şey Vətən üçün”, “Döyüşə tam hazırıq” kimi cəsur nidalarını eşitmişik. Lakin bu dəfə qismət elə gətirdi ki, mən igidlərimizin bu Vətən eşqini hərb meydanında, əməldə gördüm. Təsəvvür edin, bir jurnalist kimi gözünün qarşısında tarix yazılır…Qəhrəmanlıqlar görüb, qəhrəmanlar tanıyırsan. Real döyüş səhnələri baş verir.

O torpaqlara hələ heç kimin, heç bir jurnalistin ayağı dəyməmiş, mən artıq oradayam. Çox istəyirsən ki, həmin dəqiqə əlində mikrofon, bir də videokamera olsun.

Və ilk olaraq sən qışqıra-qışqıra aləmə car çəkəsən ki, ordumuz müqəddəs borcunu yerinə yetirir, doğma Qarabağımızı geri qaytarır. Bundan əvvəl dediyim artilleriya silahlarının, hərbi texnikaların möhtəşəm səsini, əsgərlərin sevincini, xalqımızın igid övladlarını hamısını xalqa ilk sən çatdırasan, tanıtdırasan. Lakin sonra başa düşürsən ki, müharibənin öz qanunları var və sənin burada missiyan, məsuliyyətin tamam fərqli- daha böyükdür.

Qismətimdə əldə mikrofon müharibənin informasiya cəbhəsində iştirak etmək də ola bilərdi. Eşitdiklərimi, aldığım müsahibələri, oğullarımızın yazdığı tarixi elə onların dilindən xalqımıza çatdıra bilərdim. Amma taleyimdən çox-çox razıyam ki, ələ silah alıb, bu şanlı tarixin yazılmasında birbaşa iştirak etmək, bu qələbəni birbaşa müharibəyə qoşulmuş əsgər kimi yaşamaq qismət oldu.

Müharibə başlayandan sonra yox, savaşdan altı gün əvvəl bu tarixi prosesə cəlb olunduğuma, ilk günündən son gününədək bütün anları yaşadığıma görə çox sevincliyəm. Xoşbəxtəm ki, ümumilikdə 100 günə yaxın Qarabağda oldum.

Füzuliyə, Cəbrayıla, Xocavəndə, Şuşaya, Xocalıya  27-28 il sonra ilk dəfə ayaq basdım. Elimin-obamın, ailəmin, bütövlükdə mənə inananların başını uca elədim”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu