Direktor: "Onkoloji xəstələrə vaksin tövsiyə olunmur"

“Artıq bütün dünyada yayılan COVID-19 infeksiyası bir ilə yaxındır ki, bizim ölkəmizdə də mövcuddur və keçən il fevralın sonunda ilk koronavirus daşıyıcıları qeydə alınıb”.
APA-nın məlumatına görə, bunu ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova deyib. O bildirib ki, indiyədək bu infeksiyaya yoluxma davam edir:

“Dünyada 100 milyondan artıq insanın yoluxduğu, 2 milyondan çox insanın ölümünə səbəb olan bu virusla bağlı mənzərə Azərbaycanda da eynidir. 
Mütəxəssislər bu xəstəliyin qarşısının yalnız vaksinasiya ilə alına biləcəyini deyirlər. Vaksin mikroblardan, ya da onların həyat fəaliyyəti nəticəsində ifraz etdiyi maddələrdən hazırlanmış bioloji preparatlardır. Bunları insan orqanizminə yeritdikdə bu mikroba qarşı immunitet yaranır. Ona süni immunitet deyilir. Vaksinlər diri, zəiflədilmiş və öldürülmüş ola bilər. Hazırda bizim ölkədə tətbiq olunan vaksin öldürülmüş virusdur. Həmin virus vero adlanan hüceyrələrdə becərdilir, onun kütləsi çoxaldılır, xüsusi üsullarla öldürülür. Müxtəlif maddələr əlavə edilərək stabilləşdirilir və bundan sonra vaksin kimi istifadə olunur”. 

Mütəxəssis bir neçə qrup vaksin içərisindən Çin Respublikasının Sinovac firması tərəfindən istehsal olunan vaksinin seçilməsini onun təhlükəsizliyi ilə əlaqələndirib: 

“Bu vaksinin seçimi TƏBİB-in elmi komitəsində və Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasında dəfələrlə müzakirə olunub. Tətbiqi üçün ilk növbədə vaksinin təhlükəsizliyi nəzərə alınmalıdır. Bu nöqteyi-nəzərdən inaktivləşdirilmiş vaksinlər təhlükəsiz hesab olunur. İkinci parametri isə effektivliyidir. Yəni vaksin orqanizmə vurulduqdan sonra immunitet yaratmalıdır. Bu vaksinlərin kifayət qədər immunitet yaratmaq qabiliyyəti var. Bu parametrləri nəzərə alaraq ölkə rəhbərliyi Türkiyədə də geniş istifadə olunan bu vaksinin tətbiqinə qərar verdi. Bir çox ölkələrdə vaksinin əlçatmaz olmasına baxmayaraq, Azərbaycanda vaksinasiya prosesinə vaxtında başlanılmasını insan sağlamlığının daim diqqətdə saxlanıldığının göstəricisi kimi qiymətləndirmək lazımdır”. 

H. Qədirovanın sözlərinə görə, ilk mərhələdə risk qrupuna daxil olan insanların, o cümlədən tibb işçilərinin vaksinasiya edilməsi doğru yanaşmadır: 

“Çünki xəstələnənlər arasında tibb işçiləri kifayət qədərdir. Eyni zamanda yaşı 65-ı keçənlər, şəkərli diabet, ürək çatışmazlığı və digər xəstəliklərdən əziyyət çəkənlər vaksinasiyaya birinci mərhələdə cəlb olunmalıdır. Bir virusoloq, immunoloq və mikrobioloq kimi hər kəsin mütəşəkkilliklə vaksinasiyadan keçməsini tövsiyə edirəm. Yanvarın 21-də özüm bu vaksini vurdurmuşam və heç bir mənfi əlamət, yan təsir hiss etməmişəm. Onu da deyim ki, rəhbərlik etdiyim Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 200-dən artıq tibb işçisi vaksinasiya olunub. Heç kəsdə, hətta ürəyində stend olan xəstələrdə yan təsir müşahidə olunmayıb. Tam məsuliyyətlə bildirirəm ki, xəstəliyin geniş miqyasda yayıldığı bir vaxtda karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə vasitəsi vaksinasiyadır.  Hələlik bundan etibarlı vasitə yoxdur. Ölkə əhalisinin təxminən 60-70 faizi vaksinasiya olunarsa, kütləvi immunitet yaranar və xəstəliyin qarşısı alına bilər”. 

O, vaksinasiya tədbirinə qarşı xüsusən də sosial şəbəkələrdə çox güclü antitəbliğat aparılmasından təəssüfləndiyini deyib. Həkimin sözlərinə görə,  insanları çaşdırmağa hesablanmış feyk xəbərlər reallığa, məntiqə söykənmir:

“Ancaq immun dipensant qəbul edən QİÇS-li, onkoloji xəstələrə bu vaksin tövsiyə olunmur. Hamilə qadınlara və süd verən analara da yoxlanılmayıb deyə tövsiyə etmirik. Digər hallarda əks göstəriş yoxdur”. 

Vaksinasiyadan bir müddət sonra hansısa fəsadların baş verə bilməsi barədə gəzən şailərin də əsassız olduğunu deyən mütəxəssis  öldürülmüş vaksinin orqanizmdə uzun müddət qalmaq, inteqrasiya etmək ehtimalının olmadığını diqqətə çatdırır: 

“Əgər vaksinasiya olmamışıqsa  yoluxmaq və yoluxdurmaq ehtimalımız çoxdur. Digərlərinə örnək olmaq, izah etmək, başa salmaq bizim təkcə həkimlik deyil, həm də vətəndaşlıq borcumuzdur. Müharibədən təzə çıxan, hələ çətinliklərlə üzləşəcək  xalqımızın sağlamlığını qorumaq ilk növbədə bizdən başlanır”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu