Gözlər Mərkəzdə: Qarabağda təxribatlara davam, ya tamam? – Türk jurnalistin baxışı

“Ermənistan zaman-zaman atəşkəsi pozmağa cəhd edə bilər”

“Lakin Türkiyə və Rusiyanın sülhü qorumaq üçün atdığı addımlar, habelə birgə Monitorinq Mərkəzinin fəaliyyəti bunun qarşısını alacaq”

“Düşmən təxribat törədərsə, on illər boyu özünə gələ bilməyəcək faciəyə  məruz qalar. Və “beli bir daha dikilməmək şərti ilə əyilər”


Müharibələrdə güclü tərəfin qalib gəldiyi artıq faktdır. Biz bunu tarixin ən müxtəlif dövrlərində görmüşük. Ancaq çox zaman bir məsələ- “altıncı iri dövlət”in, yəni medianın rolu unudulur. Belə ki, proseslərin inkişaf etməsində ictimai rəyin yaradılması mühüm məqamdır. İctimai rəyi yaradanlar isə məhz jurnalistlərdir.

Deməli, biz həm də fədəkar KİV işçilərimizin sayəsində bu qələbəni qazandıq. İnformasiya savaşında da qardaş Türkiyə ilə birgə mübarizə aparmağımız xüsusilə sevindirici haldır. Onlar bizi bu istiqamətdə də tək qoymadılar. Bir də baxdıq ki, Türkiyənin ayrı-ayrı müxbirləri Gəncədə, Tərtərdədirlər.

 Artıq müharibə bitib. Qazandığımız qələbədə jurnalistlərin, informasiya savaşının rolunu qiymətləndirmək üçün türkiyəli jurnalist və siyasi analitik Melik Yiğitellə söhbətləşdik. O, “Sherg.az”-ın  suallarını ətraflı cavablandırdı.

-Azərbaycanın tarixi zəfərini necə qiymətləndirirsiniz?

-Azərbaycanın qələbəsinin mahiyyəti təkcə işğal altındakı torpaqların azad edilməsi ilə məhdudlaşmır. Bu zəfərin təməlində Azərbaycanın iqtisadi və hərbi gücü ilə birlikdə, həm də Türkiyə ilə davam etdirdiyi “Bir millət, iki dövlət” prinsipi dayanır. Sözügedən uğur Azərbaycan silahlı qüvvələrinin zamanın tələbinə uyğun, hətta texnoloji cəhətdən dünya  ölkələri ilə rəqabətə girə biləcək səviyyədə inkişafının təzahürüdür. Azərbaycan təkcə Ermənistanı deyil, eləcə də, hər fürsətdə onu dəstəkləyən Fransanı, Rusiyanı, ABŞ-ı məğlub etdi. Azərbaycanın qələbəsindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinin cənab İlham Əliyevə zəngi və sülhə vasitəçiliyi qələbənizi qəbul etməsinin göstəricisidir. Azərbaycana Ermənistanı yaxşı bir dərs keçdi. Eyni zamanda düşmənə qorxu, dostlara güvən verildi və rəsmi Bakının gücü bütün dünyaya nümayiş edildi.

-Bu qələbədə jurnalistlərin rolu nədən ibarət idi?

-Media işçilərinin vəzifəsi prosesləri olduğu kimi xalqa çatdırmaqdır. Azərbaycan və Türkiyədəki jurnalistlər vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Beləliklə, Ermənistanın qara piarı iflasa uğradı. İkinci bir tərəfdən isə beynəlxalq ictimaiyyətin düzgün bilgilər almasını bacardıq. Xüsusilə azərbaycanlı jurnalistlərin hadisə yerlərindən verdikləri informasiyalar bu istiqamətdə müstəsna əhəmiyyətli idi.

-Bildiyiniz kimi, həmin müddətdə türk jurnalistlər də Azərbaycanda oldular. Bunun əhəmiyyəti barədə nə deyə bilərsiniz?

-Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək məqsədilə başlatdığı əks- hücum Türkiyədə də həyəcan yaratdı. Əlbəttə, jurnalistlərimiz də məsələyə laqeyd yanaşmadılar. Onlar türk ictimaiyyətini proseslərdən anbaan xəbərdar etməyə çalışdılar. Türk jurnalistlərin Azərbaycandan verdiyi məlumatlar, hazırladıqları reportajlar dəqiqəbədəqiqə izlənilirdi. İctimaiyyət həmin xəbərləri maraqla, səbirsizliklə gözləyirdi. Azərbaycana dair xəbərlər ən çox oxunan, baxılan materiallar idi. Türk jurnalislər də dəqiq və qərəzsiz məlumat verməkdən ötrü əllərindən gələni etdilər. Beləliklə, bir çoxlarında Ermənistanla bağlı yaranmış və ya yaradılmış müsbət təsəvvür dəyişildi.

-Artıq iki ölkənin ortaq media platformasının yaradılması müzakirə edilir. Belə bir layihə bizə nə vəd edir?

- Əlbəttə, bu çox vacibdir. Hər şeydən əvvəl alınan informasiyalar bölüşüləcək. Və ictimaiyyət xarici təsirlərdən, dezinformasiyalardan uzaq bir formada, daha uğurla xəbərlə təmin ediləcək. Eyni zamanda ABŞ və Rusiya başda olmaqla bütün dünyaya qarşı növbəti qardaşlıq nümunəsi ortaya qoyulacaq. Bu ortaqlıq dünya ictimaiyyətini bilgiləndirmə, düzgün istiqamətləndirmə və lobbiçilik baxımından mühüm əhəmiyyətə malikdir.
 -Dediyiniz kimi, müharibə dövründə Ermənistan ard-arda dezinformasiyalar yayırdı. Belə informasiya təxribatlarının qarşısı necə alınmalıdır?
-Azərbaycan və Türkiyənin buna necə etmək lazım olduğunu Qarabağ müharibəsi zamanı göstərdi. İki ölkə rəsmiləri və KİV-i dezinformasiyalara qarşı dərhal reaksiya göstərərək doğru xəbəri doğru zamanda hədəf auditoriyaya çatdırmağı bacardı. Ancaq türkcə yox, bütün dillərdə həyata keçirilən yayımlarla düşmənin saxta xəbərləri puç oldu. Yenə rastlaşa biləcəyimiz informasiya təxribatları ilə mübarizə üçün cəld və koordinasiyalı davranmaq lazımdır.

-Sizcə, yeni müharibə başlaya bilər?

-Ermənistanın buna cəsarət edəcəyini düşünmürəm. Çünki ağır məğlubiyyətə uğradı. İkinci bir tərəfdən, sabitliyin qorunmasında Türkiyə və Rusiya cavabdehlik daşıyır. Ermənistan bunu göz ardı eləməz. Əgər edərsə, on illər boyu özünə gələ bilməyəcək faciəyə  məruz qalar. Və “beli bir daha dikilməmək şərti ilə əyilər”.

-Qarabağdakı rus sülhməramlılarının fəaliyyəti hamımıza məlumdur. Beş il belə davam edəcək?

 -Bu məsələdə də Türkiyə və Azərbaycan iş birliyi çox vacibdir. Amma region ölkələrinin sülhə dəstək vermələri də şərtdir. Rusiyanın sabitliyi qorumaq istiqamətindəki qətiyyəti, o cümlədən Ermənistana təzyiqi mühüm faktdır. Şübhəsiz ki, Kremlin fəaliyyətini tarazlaşdıracaq tərəf  Türkiyədir. Ankara tarazlığı qorumağa çalışır və qoruyacaq da. Rəsmi Moskva Azərbaycana laqeyd yanaşa bilməyəcəyini anladı. Həmçinin Rusiya xüsusilə regional sabitliyi qorumaq naminə münasibətlərin həyati əhəmiyyət daşıdığının fərqindədir.

-Proseslərin bundan sonrakı inkişafını necə görürsünüz?

-Ermənistan zaman-zaman atəşkəsi pozmağa cəhd edə bilər. Lakin Türkiyə və Rusiyanın sülhü qorumaq üçün atdığı addımlar, habelə birgə Monitorinq Mərkəzinin fəaliyyəti bunun qarşısını alacaq. Gələcək aylarda Ermənistan müharibənin onu düçar etdiyi siyasi və iqtisadi böhranın fərqində olaraq daha ağıllı addımlar atacaq. Daha doğrusu, buna məcbur qalacaq. Azərbaycanla savaşın ya da pis münasibətlərin Ermənistan üçün faciə olduğu aydın göründü. Məncə, bunu təkcə Ermənistan hərbi-siyasi hakimiyyəti deyil, həm də onu “cəsarətləndirənlər” anladılar.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu