““Vətəndaş jurnalistikası”nı qəbul etmirəm, çünki...”

Elçin Şıxlı: “...Jurnalistika peşədirsə, onda bu işlə peşəkar məşğul olmalıdır”

“Xəbərin ötürülməsində keyfiyyət yoxdursa, deməli, bu, jurnalistika yox, cinayətdir”
“İnformasiya keyfiyyətli və peşəkar olmalıdır. Əks halda mediada indiki kimi xaos yaranacaq”


“Vətəndaş  jurnalistikası” anlayışı son vaxtlar mediada “ayaq açıb yeriyir”. Bu termini qəbul edənlər də var, etməyənlər də. Hərəsi özünə görə arqument sadalayır. Kimi “dünya dəyişir, İKT-in inkişafından geri qalmaq olmaz” deyir, kimi də dəyərlərə və ənənələrə sadiqliyini ifadə edir. Məsələn, jurnalist Anar Həsənovun məsələ ilə bağlı fikirləri belədir: “Xahiş edirəm  “vətəndaş jurnalistikası” yazmayın, işlətməyin bu yanaşmanı. Küçə və tin uşaqlarının fəallığını 4 və bəzən 6, 9 il jurnalistika təhsili olanlara bərabər tutmayaq. Vətəndaş tarixşünaslığı, tibbi, fizikası olmadığı kimi jurnalistikası da yoxdur. “Mediafəal” deyin elələrinə”.

Elə isə niyə, az qala, bütün media ədəbiyyatlarında bu terminə rast gəlirik? Niyə onun xüsusiyyətlərini öyrənirik?

 Bu barədə “Sherg.az”a danışan “Ayna- Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı məsələyə belə münasibət bildirdi: 

“Düzdür, “Vətəndaş jurnlistikası” termini var. Hətta Qərbdə də vətəndaş jurnalistikasına xeyli yer verirlər. Lakin mən qəbul etmirəm. Əgər jurnalistika peşədirsə, onda bu işlə peşəkar məşğul olmalıdır. Yox, əgər, peşə deyilsə, adını nə istəyirsiniz qoyun. Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin informasiya almaq, axtarmaq, yaymaq hüququ təsbit edilib. Amma bu, o demək deyil ki, hər kəs öz hüququndan düzgün istifadə edir. Ən ciddi məsələ xəbəri yaymaqdır. Peşəkar jurnalist informasiyanı tirajlayanda bunun səbəbini də izah edir. Siz dediyiniz vətəndaş jurnalistlər isə bu və ya digər məlumatı niyə ictimailəşdirdiklərini, onun cəmiyyətə nə verdiyini çox vaxt izah etmirlər. Ya da bunu sadəcə bacarmırlar. Nəticədə yayılan kiçik bir informasiya cəmiyyətdə ciddi ajiotaj yarada bilir”.

E.Şıxlı, həmçinin peşəkarlığa verilən tələblərə də toxundu: 

“Sözsüz ki, biz keyfiyyətli jurnalistikadan danışırıq. Xəbərin ötürülməsində keyfiyyət yoxdursa, deməli, bu, jurnalistika yox, cinayətdir. Məlumat ən azı iki mənbədən dəqiqləşməli və mütləq məsələyə dair bütün tərəflərin mövqeyi öyrənilməli, göstərilməlidir. Mətbuatda “saxta xəbərlərə” yer olmamalıdır. Həmişə informasiyanın məhdudlaşdırılmasının əleyhinə olmuşam. Fəqət, xəbər keyfiyyətli və peşəkar olmalıdır. Əks halda mediada indiki kimi xaos yaranacaq və hər yerindən duran özünü jurnalist elan edəcək”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu