Cavidan Kəsəmənli: “Savaşa məsuliyyətlə hazırlaşmışdıq..."

“Ona görə torpaqlarımız işğaldan azad olundu”



İllər öncə bir şair yaşayırdı. Bu gün də yaşayır, amma şeir kimi. Şeirləri nəğmələrin qonağı, dillər əzbəridir. Elə təkcə “ Bir vardı, biri yox” şeiri  hər kəsin qəlbinə, həyatına sirayət edib. İndi özü də yoxdur. Amma ailəsi onun adını yaşatmağa davam edir. Sevgi şairi Nüsrət Kəsəmənlidən danışıram. Şairin nəvəsi Cavidan Kəsəmənli də 44 günlük Vətən müharibəsində iştirak edib, son ana qədər savaşıb. Biz də  Cavidan bəylə həmsöhbət olub, döyüş yolundan, sivil həyatdakı fəaliyyətindən, sənətindən və babasından danışdıq.

Gəlin, Cavidan Kəsəmənlinin “Sherg.az”a müsahibəsini oxuyaq.

 -Öncə Vətən savaşından bəhs edək...

- Müharibədə divizionda top heyətində idim. Son günə kimi savaşdım.  Füzuli istiqamətində, Lələtəpənin yaxınlığında döyüşə başladıq. Hazır vəziyyətdə idik. Çünki 10-15 gün əvvəldən bizə müharibə ehtimalının olduğunu demişdilər. Sentyabrın 27-i səhərə yaxın 6 radələrində əks - hücuma keçdik.

- Döyüş zamanı ab-havanız necə idi?

-Bir az həyəcan və qayğı vardı. Kimsə deyirsə, həyəcanlı deyildim. Bunu səmimiyyətdən uzaq  kimi qiymətləndirirəm. Bir müddət sonra isə müharibəyə, o situasiyaya alışdıq. Həm də qürurla deyirəm, mən, əsgər yoldaşlarım və digər müharibə iştirakçıları savaşa məsuliyyətlə hazırlaşmışdıq. Ona görə torpaqlarımız işğaldan azad olundu.

- Müharibə sizə nələr öyrətdi?

- Çox şeylər…  İradəli, səbirli olmağı, aclığa, susuzluğa dözməyi, dostluğu, yoldaşlığı aşıladı. Əlbəttə savaşdan öncə bunların müəyyən qədəri məndə var idi. Amma orda bir sıra çətinliklər yaşadıq. Məsələn, əsgər yoldaşlarımla ailə kimi idik. Bir-birimizi qardaş, dost gözündə görürdük. Komandirlərimizi, zabit heyətini valideynlərimiz  bilirdik.  Müharibənin mənə təlqin etdiyi müsbət cəhətlər oldu.

- Bir az da fəaliyyətinizdən danışaq. Aktyorsunuz, səhv eləmirəmsə, yeni məzun olmusunuz. Bundan sonra sənətinizlə bağlı nə kimi planlarınız var?

- Dram aktyorluğunu 2016-cı ildə bitirdim. Ötən il isə magistraturanı baş vurdum. Bununla yanaşı, Türkiyədə  “Sinema güzeli” layihəsinin Azərbaycan seçmələrində birinci yerə layiq görüldüm. İndi isə hərbi xidmətimi tamamlayıb, işimə ciddi şəkildə davam edəcəm. Həm televiziyada, həm də teatrda rəğbət qazanan, seçilən aktyor olacağıma əminəm. İnanıram ki, bunun üçün məndə bütün imkanlar var. Sadəcə səbirli davranıb, düzgün istiqamətdə irəliləməliyəm.

- Bəs özünüzə örnək  gördüyünüz, yaxud da fəaliyyətini bəyəndiyiniz aktyor varmı?

- Özünü gələcəyin idealı kimi görmək istəyən şəxsin idealı ola bilməz( təbəssüm edir). Təbii ki, zarafatdır. Robert Pattinsonu həm sima, həm də aktyorluq baxımından çox bəyənirəm. 

- Azərbaycanlı müasirlərinizi necə qiymətləndirirsiniz?

- Potensialı, qabiliyyəti olanlar var. Lakin əksəriyyəti sənətə yararsızdır. Günah həmin aktyorlarda deyil, onlara dəstək verən şəxslərdədir. Onların oyunlarına görə, kütlə işini bacaran, istedadlı gənc aktyorlara qarşı ön yarqılı münasibət göstərir. Azərbaycanda aktyorluq  “viner”lik,  “TikTok” fenomenliyi ilə başlayıb, silsilə “komediya” filmləri ilə zirvəyə çıxır. Mövcud şəraitdə hansısa inkişafdan danışmaq, filmlərimizin, seriallarımızın başqa ölkələrdə izlənilməsi, rəğbət qazanması absurddur.

- Sizinlə söhbət edib, Nüsrət Kəsəmənlidən söz açmasaq, olmaz. Bəlkə, bir az şablon sualdır, amma ünvanlamaq istərdim. Şeirləri hələ də dillərdə dolaşan, xalqın sevimli şairinin  nəvəsi olmaq necə hissdir?

- Şübhəsiz ki, çox gözəl duyğudur. Körpəlik illərimdən babam mənəvi atam kimi idi. Böyüdükdə isə dahi şəxsiyyət olaraq yaddaşımda silinməz izlər qoydu. Onun soyadını daşımaq, hələ adına layiq olmaq mənasına gəlmir. Miras qoyduğu soyadın məsuliyyətini anlayıram. Əminəm ki, gələcəkdəki uğurlarımla babamın ruhunu şad edəcəyəm.

- Ailədə şeir yazmaqla məşğul olanlar varmı? Elə siz arada cızma-qara edirsinizmi?

- Əmim Rəşad Kəsəmənli həm aktyor, həm də şair kimi istedadını isbatlayıb. Sözlərinə yazılan çoxlu sayda mahnı var. Həmçinin bir neçə il öncə şeirlər kitabı çapdan çıxdı. Sosial şəbəkələrdə öz şeirlərimi paylaşıram. Şairlik qabiliyyəti bizdə genetikdir. Təəssüf ki, şeirə maraq ötən illərdəki kimi deyil. Düşünürəm ki, bu sahədə irəliləyiş üçün ciddi addım atmaq doğru sayılmaz. Ümid edirəm, gələcəkdə mövcud vəziyyət dəyişər.

- Oxucularımıza ürək sözləriniz...

- Maraqlanıb, müsahibə ilə tanış olduqları üçün təşəkkür ediərm. İnşallah yaxın zamanda növbəti uğurlu xəbərlərimi oxuyarlar.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu