Ölkələr postpandemiya dövrünə hazırlaşır

Azərbaycanın da konsepsiyası var, ancaq onun icrası üçün təhlillər aparılmalıdır

"Postpandemiya dövrü üçün demək olar ki, əksər ölkələr iqtisadi konsepsiya hazırlayıb. Çünki belə bir proqram olmazsa, pandemiya dönəmində ciddi zərbələr almış ölkə iqtisadiyyatı tam sıradan çıxar. Odur ki, Azərbaycanda da pandemiyanın yaratdığı iqtisadi dağıdıcı effektləri azaltmaq üçün təbdirlər planı qəbul edilib. Bura iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyinin qorunması kimi məsələlər daxil idi".

Bu sözləri "Şərq"ə açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Ekspertin sözlərinə görə, bu proses  yalnız pandemiya dövründə deyil, strateji olaraq postpandemiya dövründə də iqtisadi sistemə dəstəyin göstərilməsi istiqamətində fəaliyyətləri və görüləcək tədbirləri əhatə edir:

"Bu tədbirlər sahibkarların, xüsusən də fərqli sektorlarda pandemiyanın təsir etdiyi sahələrdə çalışanların birbaşa dəstəklənməsini təmin etmək prinsipi daşıyırdı. Eyni zamanda məqsəd olaraq postpandemiya dövründə iqtisadiyyatın diversifikasiyası, şəffaflığın gücləndirilməsi ilə bağlı tədbirlər daha prioritet olacağı gözlənilirdi. Gözlənildiyi kimi də fevralın 2-də postpandemiya dönəmin ilə yanaşı qarşıdakı 10 illik müddəti əhatə edən  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı vacib iqtisadi sənəd təsdiqləndi. Bu, özündən əvvəlki sənədlərdən təkcə pandemiya şəraitində qəbul edilən və pandemiyadan sonrakı dövrü əhatə edən sənəd olmaqla deyil, eyni zamanda postmüharibə dövrünün reallıqlarını da özündə əks etdirirdi. Sosial-iqtisadi inkişafa dair olan bu Milli Prioritet özündə beş istiqaməti cəmləşdirir. Bura, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit məsələləri daxildir. Göründüyü kimi, beş istiqamətdən  biri  işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, digər ikisi isə ümumi inkişaf parametrlərini əhatə edir".
   
Ekspert əlavə edib ki, yerdə qalan iki istiqamət isə məhz postpandemiya dövrü iqtisadi aktivliyin bərpasına və sonrakı illərdə dayanıqlı təminatına hesablanmış prioritetlərdir:

"Bura  davamlı və yüksək iqtisadi artım, daxili və xarici təsirlərə dayanıqlıq daxildir. Habelə, inkişafdan hər bir vətəndaşın bəhrələnə bilməsi, yüksək və ədalətli sosial təminat, paytaxt və regionların tarazlı inkişafı və digər məsələlər də daxil edilib. Lakin burada daha vacib məsələ keçmiş təcrübələrdən dərslərin çıxarılmasıdır. Təcrübə göstərir ki, bəzi dövrlərdə iqtisadi perspektivlərlə bağlı qəbul edilmiş konsepsiyalar nəzəri cəhətdən mükəmməl bir sənəd olaraq hazırlansa da, onun tətbiqi, icrası və reallaşdırılması heç də qənaətbəxş olmur.

Çünki icra proseslərində  obyektiv və ya subyektiv səbəblər üzündən yekun nəticəyə nail olmaqda çətinliklər yaşanır. Buna görə də postpandemiya dövrü üçün nəzərdə tutulan strategiyanın həyata keçirilməsi zamanı bu səpgidən olan problemlərlə üzləşməmək üçün mütləq şəkildə hədəfə çatmaq üçün maneə olacaq riskləri, obyektiv və subyektiv amilləri ciddi təhlil edilməli, onların aradan qaldırılması üçün konkret addımlar atılmalıdır.
Əks təqdirdə bu konsepsiya yekunda lazımi gözləntiləri verə bilməyəcək".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu