Ətin ucuzlaşması mümkün deyildi

Bütün örüş yerləri pambıq sahələrinə çevrilib, yem bazası zəifləyib

Nəticədə məlum olur ki, üç ildir ət idxalı artıb


Koronavirus pandemiyası ətin qiymətinə də təsir edib. 2020-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə əsasən, mal əti satışı ƏDV-dən azad edilib. Bildiyimiz kimi, təxminən bir ilə yaxındır ki, Azərbaycanda toy və yas mərasimləri də keçirilmir. Uzun müddət də restoranlar işləmədi. Amma bütün bunlara baxmayaraq ətin qiymətində ucuzlaşma müşahidə olunmadı. Bunun səbəbi nədir?



Mövzu ilə bağlı suallarımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında  bildirib ki, ətin qiymətinin ucuzlaşmasına və yaxud da dəyişməsinə əsas yaradan səbəb bolluqdur.

Yəni ilk növbədə ət məhsullarının bolluğu olmalıdır ki, müəyyən dərəcədə qiymətlərdə ucuzlaşma olsun. Ekspert ətin qiymətinin ucuzlaşmamasının əsas səbəbi kimi örüş sahələrinin pambıqçılıq və başqa əkin sahələrinə çevrilməsində görür:

"Azərbaycanda bir neçə il bundan öncə pambıqçılıqla bağlı qərarlar verildi. Qərarlar verilərkən, çox təəssüf ki, bəzi rayonlarda, əsasən də rayon icra hakimiyyətləri elmi araşdırmalar aparmadılar. Sadəcə pambıqçılıq siyasəti var deyə, o cümlədən mərkəzi hökumətə xoş gəlmək üçün bəzi örüş sahələrini pambıqçılığa çevirdilər. Bu da nəticədə yem bazasının zəifləməsinə səbəb oldu". 

Ekspert vurğulayıb ki, pambıqçılığın artması yemlərin qiymətinin bahalaşmasına da səbəb oldu:

"Təqribən 2015-2017-ci illərdə biz bu tendensiyanı gördük. Bu elə bir tendensiyadır ki, bir müddət sonra daha çox özünü büruzə verir. Artıq elə bir şəraitə gəlib çatdıq ki, iribuynuzlu və xırdabuynuzlu mal-qarada müəyyən dərəcədə say etibarı ilə azalmalar müşahidə olunur. Nəticə etibarı ilə də ət idxalı artıb". 

N.Cəfərli əlavə edib ki, üç ildir ki, ölkəyə gətirilən ətin həcmi də artıb:

"Bunun nəticəsi olaraq, təklifin bol olmaması və artmaması sonda qiymətlərin iqtisadi qanunlarla tənzimlənməsində problemlər yaşadır. Yəni bolluq və daha çox məhsul istehsal olmadığına görə qiymətlər də uzun müddətdir ki, yuxarı səviyyələrdə qalır".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu