Rusiya Gümrüyə qoşun toplayır

Paşinyan isə müharibəyə deyil, hakimiyyəti üçün zaman qazanmağa çalışır

"ABŞ-ın rəsmi mövqeyindən də anlamaq olur ki, hazırda regiona ən yaxın NATO üzvü olan Türkiyə dövlətinin Cənubi Qafqazda güclənməsinə önəm veriləcək"


Məğlub Ermənistanın ilk yeni müdafiə naziri olan Vaqarşak Arutyunyan Rusiyanın Ermənistandakı hərbi bazası ilə bağlı fikir bildirib. O, Rusiyanın Gümrüdə yerləşən 102 saylı hərbi bazasının bütövlükdə Ermənistan və Rusiya Silahlı Qüvvələrinin Birgə Qoşun Birləşməsinin bir hissəsi olduğu üçün Ermənistanın həmin bazanın genişləndirilməsi və potensialının artırılması ilə bağlı maraqlı olduğunu bildirib. Çox maraqlıdır, məğlubiyyətə uğramış, daxildə baş verən siyasi çəkişmələrdən və təlatümlərdən başı açılmayan Ermənistan bu bəyanatla nə demək istəyir? 



Sualımızı cavablandıran politoloq Xəyal Bəşirov "Şərq"ə açıqlamasında vurğulayıb ki, bu bəyanat həm ölkə əhalisinə, həm də beynəlxalq aləmə hesablanmış bir bəyanatdır. Politoloqun sözlərinə görə, bununla da cəmiyyətə məhv və darmadağın edilmiş ordunun yenidən təşkil edilməsi və gücləndirilməsi ilə bağlı mesaj verilir:

"Yəni dolayı yolla müharibə çağırışları edən revanşist qüvvələrin pafos dolu bəyanatlarına cavab verilir. İnsanlara izah etməyə çalışırlar ki, bu gün orduları nəinki müharibə etməyə, heç ona cəhd etmək iqtidarında belə deyil. Təbii ki, bununla da Paşinyan əslində müharibə etmək üçün deyil, hakimiyyətini gücləndirmək üçün zaman qazanmağa çalışır". 

Politoloq qeyd edib ki, bu cür bəyanatın səsləndirilməsi ilə bağlı ən maraqlı məqamlardan biri Rusiyanın mövqeyidir:

"Çünki hazırda Rusiya tərəfinin razılığı olmadan Ermənistan rəsmi olaraq belə bir fikir səsləndirə bilməz. Bəs, Rusiyanın məqsədi burda nə ola bilər?! İlk olaraq onu qeyd edək ki, rus sülhməramlı korpusunun şəxsi heyəti əsasən Gümrüdəki bazadan gətirilib. Ona görə də uzun illər ərzində Rusiya üçün daha çox Türkiyəyə qarşı prioritet təşkil edən Gümrünü yenidən doldurmaq lazımdır. Bunun üçün formal və süni də olsa Ermənistan dövlətinin bunda maraqlı olmasına dair bəyanatına ehtiyac var idi.

Görünən odur ki, Ermənistan siyasi, iqtisadi və hərbi asılılığını daha da genişləndirməkdə maraqlıdır. Digər bir məqam isə regionda gedən proseslərlə və Qərbin Cənubi Qafqaza dair planları ilə bağlı ola bilər. Təsadüfi deyil ki, bir neçə gün öncə ABŞ-ın yeni dövlət başçısı Co Bayden Münhen Təhlükəsizlik konfransında ciddi mesajlar verdi:

“Hamıya deyirəm: Amerika qayıtdı! Transatlantik İttifaq geri döndü və geri baxmayacağıq!”. Baydenin sözlərinə görə, NATO-nun istənilən üzvünə qarşı atılan hər bir addımın cavabı layiqincə veriləcək. Azərbaycanın da daxil olduğu regionda sabitliyin və təhlükəsiz şəraitin təmin olunmasında maraqlı olan Qərb Rusiyanın buradakı hərbçilərinin sayını artırmasından əndişələnir. ABŞ-ın rəsmi mövqeyindən də anlamaq olur ki, hazırda regiona ən yaxın NATO üzvü olan Türkiyə dövlətinin Cənubi Qafqazda güclənməsinə önəm veriləcək. Regionda yeni reallıq yaradan Azərbaycan tərəfinin də maraqlarına uyğun olan bu məqam şimal qonşumuzu narahat etməyə bilməz.

Düşünürəm ki, bu, Qərbin regionla bağlı gələcək planlarına qarşı Rusiya tərəfinin mesaj xarakterli addımı da ola bilər".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu