Kitab satışı aşağı düşüb, nəşriyyatlar ağır durumdadır

Buna baxmayaraq Şahbaz Xuduoğlu heç bir əməkdaşını işdən uzaqlaşdırmayıb 


Son illər Azərbaycanda kitab oxuma mədəniyyəti yox olmaq təhlükəsi ilə üzləşib. Ənənəvi kitabların yerini onlayn kitablar tutur, onlar da oxuna, ya oxunmaya. 
Xüsusilə də koronavirus pandemiyası mağazalara birbaşa təsir etdi, kitabların satışında məhdudiyyətlər yaratdı. Kitab oxumaq istəyənlər də internetdən asılı qalıb pdf-lərə üz tutublar. 

Hazırda pandemiya qismən də olsa nəzarətə alınıb, kiçik mağazalar fəaliyyətə başlayıb. Kitab nəşriyyatları yenə də iş başındadırlar. 

Bəs hazırda kitab bazarında vəziyyət necədir? Oxucu kütləsi hansı səviyyədədir? Suallarımızı "Şərq"ə cavablandıran "Qanun" nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu deyib ki, kitab satışının əvvəlki hala gəlməsi xeyli vaxt alacaq:

"Pandemiya dövründə digər sahələrdə olduğu kimi kitab bazarı da zərər çəkdi və çəkməkdə davam edir. Kitab bu prosesdə son mərhələdir. Onun hazırlanması, ərsəyə gəlməsi son mərhələdir.

Onun çatdırılması işi başqa bir mərhələdir. Hansı ki, həmin işdə pandemiya böyük problemlər yaratdı. 

Bütün kitab mağazaları bağlandı. Kitablar yalnız onlayn şəkildə satılmağa başladı. Bu da həcmcə çox azdır. 

Buna baxmayaraq biz çalışdıq ki, komandamızı qoruyaq. Yəni heç kimi işdən kənarlaşdırmadıq. Əlbəttə ki, bu da nəşriyyat üçün böyük yükdür. Həm də böyük bir ziyandır. 

Bu mənada kitabın nəşri və yayımının əvvəlki vəziyyətə gəlməsi üçün mən düşünürəm ki, xeyli vaxt gözləməli olacağıq". 

Ş.Xuduoğlu, həmçinin, keçən il ərzində ən çox satılan kitabların hansı mövzuda olmasını da bizə bildirdi: "Biz keçən il ən çox satılan kitabların siyahısını dərc etdik. Üstünlüyü, əsasən, inkişaf və motivasiya kitabları təşkil edir".

Ağarza Elçinoğlu

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu