"Lavrov açıqca deyə bilməz ki, Türkiyənin Turan hədəfi var"

Politoloq: "Rusiya XİN başçısı mümkün qədər ona ünvanlanan sualdan qaçmalı, başqa cür dəyərləndirməli idi"

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Türkiyənin “Böyük Turan” dövləti qurmaq məqsədi güdmədiyini söyləyib. Lavrovun iddiasına görə, keçmiş sovet respublikaları da bu ideyanı dəstəkləmirlər. “RBK” telekanalında “Azərbaycan kimi ölkələr Böyük Turana daxil olarsa, Moskva Türkiyənin güclənəcəyindən çəkinirmi” sualını cavablandıran XİN rəhbəri Türkiyənin məqsədinin Turan qurmaq olmadığını bildirib: “SSRİ-nin parçaları olan və sonra müstəqillik qazanan ölkələrin reallıqda belə bir ideyanı necəsə dəstəkləyəcəyini təsəvvür etmirəm. Əksinə, onların xarici siyasətlərinin pafosu və praktiki fəaliyyətləri öz milli dövlətçiliklərini gücləndirməyə yönəlib. Türkiyənin öz maraqları var”. Lavrov qeyd edib ki, türkdilli xalqların münasibətləri mövzusu Türkiyə ilə digər ölkələr, o cümlədən Azərbaycan və Orta Asiya dövlətləri arasında əməkdaşlıqda özünə dərin yer edib: “Türkdilli dövlətlərin əməkdaşlığı əsasən mədəni, maarifləndirici ənənələr və dil vasitəsilə gerçəkləşir”. 



Lavrovun açıqlamalarını “Şərq”ə təhlil edən politoloq Əhəd Məmmədli bildirib ki, Rusiyanı təmsil edən bir şəxsin, özü də Lavrov kimi siyasətçinin başqa formada Turandan danışması mümkün deyil. Analitikin fikrincə, Turan ideyası ətrafında birləşmək müstəqil türk ölkələrinin öz suverenliklərindən vaz keçib “vahid dövlət” qurması anlamına gəlmir. Turan türk dövlətlərinin hərbi-siyasi, iqtisadi və mədəni birliyidir. Türk dünyasını bir dam altına cəm edən zəruri bir formatdır:

“Lavrov açıqca deyə bilməz ki, Türkiyənin Turan hədəfi var və bu, Rusiyanın maraqlarına ziddir. Hazırda rəsmi Moskva ilə Ankara arasında münasibətlər normallaşma istiqamətindədir. Rusiya XİN başçısı mümkün qədər ona ünvanlanan sualdan qaçmalı, başqa cür dəyərləndirməli idi. Lavrov cavabında vurğulayır ki, türk dövlətlərinin fəaliyyəti “öz milli dövlətçiliklərini gücləndirməyə yönəlib”. Əslində Kreml Lavrovun dili ilə türk respublikalarına mesaj verir ki, birbaşa Rusiyanın hegemonluğuna boyun əymək şərt deyil.

Yəni Moskva həmin ölkələrin tam müstəqil olmasına qarşı deyil, amma tələbi odur ki, həmin dövlətlər Türkiyənin də nəzarəti altına girməsinlər. Əslində, bu, Rusiyanın geri çəkilməsidir. Qardaş ölkənin Cənubi Qafqazda, Orta Asiyada və digər regionlarda ciddi təşəbbüsləri Moskvanı müdafiə taktikasına keçməyə məcbur qoyub.

Kreml türk ölkələrinə mesaj verir ki, Moskva sizin müstəqil olmanızla razılaşır, hətta suverenliyinizi gücləndirməyinizə də qarşı çıxmır. Yeganə istəkləri odur ki, Türkiyə mümkün qədər türklər yaşayan regionlardan uzaq dursun. Ruslar üçün problem Türkiyənin türk dünyasını sahiblənərək Turan qurması istiqamətində fəaliyyətidir”.

Siyasi şərhçi hesab edir ki, Turan mütləq yaranmalıdır:

“Türk ölkələrinin Avropa Birliyi və NATO kimi bənzər qurumlar çərçivəsində birləşməsi, birlikdə hərəkət etmələri çox önəmlidir. Əlbəttə, türk birliyi ABŞ-ın, Avropanın, Rusiya və Çinin maraqları ilə üs-üstə düşmür. O baxımdan bu ideyaya qarşı çıxanları anlayırıq.  Amma əsas odur ki, belə bir formatın yaranması hər türk dövlətinin, hətta islam dünyasının faydasına olacaq. Güclü Turan daxilində nisbətən zəif türk respublikaları belə güclü görünəcək, söz sahibi olacaqlar”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu