Yolumuz haqq yoludur

Bu dəfə Xocalı soyqırımının təbliğatını ən yüksək müstəvidə həyata keçirmək lazımdır

"44 günlük müharibə Azərbaycanı nəinki Özbəkistanda, ümumiyyətlə, Orta Asiya ölkələrində və dünyada daha çox tanıtdı"

“Özbəkistanda yaşayan azərbaycanlılar hər il Xocalı soyqırımının ildönümünü çoxsaylı tədbirlərlə qeyd edir, erməni vəhşiliyini mümkün qədər təbliğ etməyə çalışırıq”.

Bu barədə “Şərq”ə açıqlamasında Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli-Mədəni Mərkəzinin sədri Firdovsi Hüseynov deyib. Diaspora təşkilatının rəhbəri bildirib ki, Xocalı soyqırımının 29-cü ildönümü daha geniş miqyasda dünyanın əksər ölkəsində keçirilməlidir:

“Dünya xalqları erməni qaniçənlərinin necə cinayətlər törətdiklərini bilsinlər. 1992-ci ildə erməni terrorçularının Xocalıda törətdiyi qanlı soyqırım hadisəsi, uşaqların, qadınların, yaşlıların ən qəddar, amansız formada qətlə yetirilməsi sadəcə azərbaycanlıların deyil, bütün bəşəriyyətin faciəsidir. 28 il ərzində davamlı təbliğatımıza, Azərbaycan həqiqətlərini israrla dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışsaq da, istəyimizə nail ola bilmirdik. Erməni lobbisi və onların dəstəkçiləri həqiqətləri ört-basdır etməyə çalışırdılar. 44 günlük Vətən müharibəsində hamı erməni xislətini gördü. Ermənilər savaş əsnasında dayanmadan şəhərlərimizə raket atdılar. Uşaq, qadın, yaşlı demədən mülki şəxslərimizi bombaladılar. Dünya ictimaiyyəti müasir dövrdə erməni vandalizmini öz gözləri ilə gördülər. Düşmənin iç üzü açıldı. Ona görə də budəfəki soyqırım tədbirlərini, erməni cinayətlərinin təbliğatını daha yüksək müstəvidə həyata keçirmək lazımdır. Yolumuz haqq yoludur. Heç kimin torpağını işğal etməməşik, günahsız, mülki şəxsləri öldürməmişik, bir nəfəri belə öz yurd-yuvasından qovmamışıq. Amma ermənilər ən rəzil əməllərə al atıblar, qanlı cinayətlər törədiblər”. 

Həmvətənimiz qeyd edib ki, müharibədə qalib olmuşuq, torpaqlarımızı azad etmişik, erməni qəsbkarlarından qisasımızı almışıq:

“Ancaq dayanmaq lazım deyil. Düşməni ifşa etməli, haqq sözümüzü hər kəsə çatdırmalıyıq. Xarici ölkələrdə yaşayan azərbaycanlılar bu işdə daha fəal olmalı, bütün mümkün vasitələrdən, imkanlardan istifadə etməlidirlər. Hamımızın bir Vətəni var, o da Azərbaycandır. Ölkəmizin rifahı, inkişafı, sabitliyi üçün dünyanın harasında yaşamağımızdan asılı olmayaraq əlimizdən gələni etməliyik”.

F.Hüseynov diqqətə çatdırıb ki, 44 günlük müharibə Azərbaycanı nəinki Özbəkistanda, ümumiyyətlə, Orta Asiya ölkələrində və dünyada daha çox tanıtdı:

“Ölkəmiz və Qarabağ məsələsi ədalətli savaşla dünyanın diqqət mərkəzinə düşdü. Özbəklər də proseslərdən kifayət qədər məlumatlıdırlar. Buna rəğmən, diaspora təşkilatı olaraq heç zaman arxayınlaşmırıq. Əgər başımıza gətirilən oyunları, ermənilərin soyqırımlarını özümüz unutsaq, yad etməsək, tədricən digər xalqlar da yaddan çıxaracaq”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu