Səbaildə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib

Bu gün paytaxtın Səbail rayonunda Xocalı soyqırımı zamanı qətlə yetirilən 613 Xocalı sakininin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 613 ağac əkilib.
APA xəbər verir ki, aksiya Salyan şosesi 32 ünvanında təşkil edilib. Ağacəkmə aksiyası Heydər Əliyev Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Xocalı şəhərindən köçkün düşərək Səbail rayonunda məskunlaşmış ailələrin nümayəndələri, eyni zamanda Qarabağ müharibəsində həlak olmuş şəhidlərin ailə üzvləri, qazilər, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Xocalı faciəsi qurbanlarının, eyni zamanda torpaqlarımızın azadlığı uğrunda canından keçmiş əsgər və zabitlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra 613 ağac tingi rayon ərazisində yaşayan xocalılar, şəhid ailələri və digər qonaqların iştirakı ilə torpağa basdırılıb.

İştirakçılar tərəfindən qeyd olunub ki, bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib.

Qeyd edilib ki, son illər ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən çoxşaxəli islahatlar, möhkəm əsaslara malik xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyədə qurulması və həmrəyliyin təmin olunması, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və bu kimi əhəmiyyətli nailiyyətlər tarixi qələbəmizi şərtləndirən mühüm məsələlər sırasındadır. Vətən müharibəsindəki misilsiz qələbə Azərbaycan xalqının, onun liderinin, qəhrəman ordumuzun gücünü bütün dünyaya nümayiş etdirib.  

Görüşdə çıxış edən xocalılar 29 il ərzində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa olunması ümidi ilə yaşadıqlarını, tariximizin bu mərhələsində qazandığımız qələbənin böyük xoşbəxtlik olduğunu bildiriblər. Qeyd olunub ki, bundan əvvəl də 16 fevral tarixində Vətən müharibəsində qazanılan Qələbənin 100-cü günü münasibətilə Səbail rayonunda 200 ağac əkilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu