Azərbaycan, Türkiyə və Türkmənistan ortaq fəaliyyətə başlayır

"Üçlü görüş həm də yeni formatların ortaya çıxmasına təkan verəcək"



Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Ankarada keçiriləcək 5-ci üçtərəfli görüşünün proqramı açıqlanıb. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, fevralın 23-də baş tutacaq görüş çərçivəsində həm ikitərəfli, həm də üçtərəfli təmaslar olacaq. Görüşlərdə ölkələr arasındakı münasibətlər və regional proseslər ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün atıla biləcək addımlar müzakirə olunacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistan XİN başçısı Rəşid Meredovu qəbul edəcəyi də gözlənilir. 

Üçtərəfli görüşün əhəmiyyətini “Şərq”ə dəyərləndirən millət vəkili Asim Mollazadə vurğulayıb ki, Azərbaycan və Türkiyə Türkmənistanla birlikdə enerji sahəsində çox mühüm əməkdaşlığa, ortaq fəaliyyətə başlayıb. Deputat bildirib ki, Xəzər dənizindəki “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı Memorandumun imzalanması Bakı ilə Aşqabad arasında əməkdaşlıq üçün yeni imkanlar yaradıb:

“Hər üç ölkə böyük bir layihənin astanasındadır. Türkmənistan Azərbaycan və Türkiyə ilə birlikdə TANAP enerji xəttinə qoşulmaqda maraqlı olduğunu ortaya qoydu. Ankarada nəzərdə tutulan üçtərəfli görüş strateji əhəmiyyət kəsb edir.

Üç türk ölkəsi daha sıx tərəfdaşlıq və sistemli fəaliyyət məsələlərini müzakirə edəcəklər. Hər üç dövlətin güclərini birləşdirməsi ilk növbədə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Bu layihəyə dünya ölkələri tərəfindən böyük dəstək müşahidə edilir.

Maraqlıdır ki, bu yaxınlarda Rusiyanın “Lukoil” şirkəti də layihədə yer almaq niyyətini açıqladı. Regional inkişaf nöqteyi-nəzərindən üş türk respublikasının sıx əməkdaşlığı vacibdir.

Üçlü görüş həm də yeni formatların ortaya çıxmasına təkan verəcək. Belə təmasların alt yapısı enerji məsələləri olsa da, siyasi müzakirələr daha çox önəm daşıyır. Şübhə yox ki, Azərbaycan və Türkiyənin Mərkəzi Asiya ölkələri ilə əlaqələri daha da genişlənəcək”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu