Paşinyan “Rusiya kartı”nı oynayır: “Kremlə qarşı meyllər güclənir”

İkinci Qarabağ müharibəsi xeyli müddətdir bitsə də “iz”ləri hələ də qalmaqdadır. Belə ki, biabırçı məğlubiyyətdən sonra düşmən ölkədəki yerli əhali baş nazir Nikol Paşinyana qarşı etirazlara başlayıb. Yəni Ermənistan sözün əsl mənasında “qaynayır”. Bu “qaynar qazanda” kimin “bişəcəyi”, kimin “çiy qalacağı” isə ciddi sualdır. Vəziyyəti onsuz da ağır olan Paşinyan isə dinc dayanmır, sərsəm iddialarla çıxış edir.
Siyasi analitik Züriyə Qarayeva Ermənistandakı daxili vəziyyəti və düşmənin məkrli planlarını “Sherg.az”a şərh etdi:

 “Noyabrın 10-da imzalanan üçtərəfli Moskva bəyannaməsindən sonra Ermənistanda Paşinyanı devirmək cəhdləri oldu. Əsgər valideynlərinin narazılığı dalğasında  hakimiyyəti ələ almaq istəyənlər Rusiya “kart”ından yararlanmağa çalışdılar.

Azərbaycan ordusunun biləvasitə köməyi ilə itkin düşən 1000-dən çox erməni əsgərinin cəsədi tapılaraq qarşı tərəfə verildi. Bu amil də Paşinyana qarşı olan narazı kütlənin xeyli azalmasına səbəb oldu. İndi isə hakimiyyət dəyişikliyi yalnız seçkilər yolu ilə həyata keçirilə bilər. İrəvanda anti- Rusiya meylləri artmaqdadır. Ermənistan parlamentinin sədri Ararat Mirzoyan bu günlərdə İranın bu ölkədəki səfiri Abbas Zohurini qəbul edib.



Təbii ki, bu görüş "səfirin xahişi" ilə baş tutub. Görüşdə diqqətçəkən bir məqam iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, xüsusilə də Zəngəzur (Sünik) vilayətində birgə iqtisadi fəaliyyətin genişləndirilməsi ilə bağlı tərəflərin müzakirəsidir. Şübhəsiz, onların niyyəti  Azərbaycan və Türkiyəni birləşdirən dəhliz üzərində İranın iqtisadi təsir mexanizmlərini  gücləndirməkdir.

Görünür, Zəngəzurda İranın təsir imkanlarının genişlənməsi Ermənistanın da, İranın da maraqlarına uyğundur.

Çünki hər iki ölkə regionda Azərbaycan və Türkiyənin təsir imkanlarının genişlənməsindən narahatlıq keçirir. Haqqında söz açdığım  nüansın Türkiyə-Azərbaycan biznes forumunun keçirildiyi və iki ölkə arasında 11 yeni sazişin imzalandığı günə təsadüf etdiyini nəzərə alsaq, İran səfirinin erməni spikerlə görüşünün daha çox mesaj xarakteri daşıdığını müəyyənləşdirə bilərik. Ermənistanda isə Rusiya əleyhinə təbliğat kampaniyası geniş vüsət alır. Son on ildə Ermənistanda anti- Rusiya ovqatının artması diqqətlərdən yayınmayıb. İkinci  Qarabağ müharibəsindəki ağır məğlubiyyət bu prosesi bir neçə dəfə sürətləndirdi. Siyasi dairələr, Paşinyana müxalif şəxslər, hətta zaman-zaman Paşinyanın özü də məğlubiyyətin əsas səbəbkarlarından biri kimi Rusiyanı göstərirlər”.

Z. Qarayevanın fikrincə, qarşı tərəfdə müxtəlif cəbhələrdə mübarizə aparan qüvvələrin daha ehtiyatlı addımlar atması heç də təsadüfi deyil:

“Əslində Paşinyan anti-Rusiya kampaniyasına başlayaraq Qarabağdakı acı  məğlubiyyətlərin səbəbkarını “tapıb”. Xalq isə daha çox Kremli onlara dəstək olmamaqda günahlandırır. Hətta müharibə vaxtı və  qismən də sonrakı dövrdə keçirilən mitinqlərdə bu fikirlər açıq şəkildə səslənirdi. Bu gün isə Ermənistanda hakimiyyətə gəlmək istəyən müxalifət də anti- Rusiya açıqlamalarını açıq şəkildə səsləndirir. Ermənistanın baş naziri vəzifəsinə namizəd Vazqen Manukyan İrəvanın Azadlıq meydanındakı çıxışında açıq şəkildə Rusiyanı ittiham edib. O, həmin ölkənin Ermənistana nəzarət etməsinin yolverilməz olduğunu bildirib. Manukyan kiminsə noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla razı olmadığını, eyni zamanda bu sazişi kiminsə ləğv edə bilməyəcəyini də söyləyib. Fikrimcə, Manukyanın öz fikrini yeni müharibəyə hazır olmadıqları ilə əsaslandırması, Azərbaycanın “Dəmir yumruğunun” təsirindəndir”.

Ekspert Ermənistandakı daxili vəziyyətə dair Moskvanın mövqeyindən də söz açdı: 

“Absurd olan isə Ermənistandakı bütün yollara, həmçinin Zəngəzurdan keçən yollara heç bir dəmir yolu şəbəkəsinə və iqtisadi resurslara malik olmayan düşmənin nəzarət iddiasıdır.

Yeni namizədin açıqlamalarından görünür ki, onlar Rusiyadan asılılığı tamam qoparmaq istəyirlər. Bu gün Ermənistanda anti- Rusiya siyasətinin özünü büruzə verməsi bir günün məhsulu deyil.

Müharibə dövründə də, Paşinyan ilk hakimiyyətə gəldiyi zaman da, ondan əvvəlki dövrlərdə də  Ermənistanda  anti- Rusiya toxumları səpilmişdir.

Düşünürəm ki, Rusiya hakimiyyət strukturlarına, siyasi və hərbi dairələrə bu tendensiya yarandığı gündən bəllidir. Bu yaxınlarda Köçəryanın Moskva turnelərinin fiaskoya uğraması, İrəvandakı heç bir siyasi gücə Rusiyanın dəstək verməməsi elə bu səbəbdəndir. 

Hesab edirəm ki, üçtərəfli Moskva sazişlərinin qarantı kimi, Qarabağda sülhməramlı kontingentlə atəşkəsin qoruyucusu kimi, geostrateji əhəmiyyətə malik şimal-cənub və "Turan qapısı" kommunikasiya dəhlizlərinin təşəbbüskarı kimi Rusiya öz hərbi-iqtisadi-siyasi həmlələrinin hədəfə çatacağı  müddət ərzində  Paşinyanın devrilməsini istəmir.

Zənnimcə, Azərbaycanın da qalib ölkə kimi geosiyasi proseslərdə diktə etməsi tam  təbiidir”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu