Rafiq Tağının qətlindəki düyün: Kimdir müqəssir? - İran agenturası, yoxsa... – İzlər itirilir

Aqşin Yenisey: “Qatili axtararkən, təkcə cinayət yerinə deyil, bütün müsəlman Şərqinə baxmaq lazımdır”

Qardaşı İlqar Tağı: “Rafiqin “İran və Qloballaşma qaçınılmazlığı”yazısı da qətlinin səbəblərindən biridir” 

Dostu Baba Vəziroğlu: “Rafiq cəhalətlə, nadanlıqla əhatə olunmuşdu. Ortada nazik şam kimi yanırdı, onu da söndürdülər”

İlham İsmayıl: “İstintaq işlərinin dayandırılması xarici və daxili qüvvələrin istəklərinin üst-üstə düşməsi ilə əlaqəlidir”


Bu il, noyabr ayının 23-də yazıçı-filosof, həkim-kardioloq Rafiq Tağının ölümünün 10-cu ili tamam olacaq. O, 2011-ci il noyabr ayının 19-da naməlum şəxs tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq yarası alan yazıçı xəstəxanaya yerləşdirilib, əməliyyat olunub. Lakin 4 gün sonra müalicə aldığı xəstəxanada vəfat edib.

Rafiq Tağı əməliyyatın ardınca jurnalistlərin suallarını cavablandırıb, olayın təfərrüatlarından danışıb.Dayanacaqda avtobusdan düşüb, evinə doğru irəliləyərkən bir nəfərin ona tərəf qaçaraq gəldiyini, sonra qəfil zərbə endirdiyini söyləyib. Həmçinin hücumun oğurluq motivli olmadığını da xüsusi vurğulayıb. Rafiq Tağı hadisənin həmin ərəfədə yayımlanan “İran və Qloballaşma qaçılmazlığı” məqaləsinə görə törədilə biləcəyini deyib.

Xatırladaq ki, R.Tağı 2006-cı ildə “Sənət” qəzetində çap etdirdiyi “Avropa və biz” yazısının dərcindən sonra həbs olunaraq, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2007-ci il 4 may tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Prezidentin əfv fərmanı ilə həmin ilin dekabrında azadlığa buraxılıb.

Sözügedən məqalənin ucbatından iranlı ayətullah Fazil  Lənkərani onun haqqında ölüm fətvası verib. Hətta Rafiq Tağının qətlinin ardınca  Fazil Lənkəraninin oğlu Ayətullah Məhəmməd Cavad Lənkərani atasının rəsmi saytında bəyanat yayaraq qatil barəsində "İslam müqəddəslərini təhqir etmiş bir fərdi cəhənnəmə yola salan şəxsə Allah tərəfindən böyük mükafat olacağını" yazıb.

Hər müəmmalı qətl hadisəsi kimi bununda arxasında səbəbi ilə bağlı versiyalar, ehtimallar var. Kimsə həqiqəti, bu işıqlı adamın nə üçün öldürüldüyünü dəqiq bilmir. Burda bir nüans da diqqət çəkir. Rafiq Tağıya 7 zərbə endirməsinə baxmayaraq qatil öz missiyasını yerinə yetirə bilməyib.
Yazıçı bir neçə gün yaşayıb, xəstəxanada anidən dünyasını dəyişib. Həmin dəqiqələrdə mətbuata açıqlama verən mərhumun yaxınları, dostları həkimlərin səhlənkərlığından şikayətləniblər.



Rafiq Tağı qətlinin istintaq işləri 2014-cü ildə sonlandırılıb. O zaman Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki,

irəli sürülən fərziyyələrin yoxlanılması  istiqamətində bütün təxirəsalınmaz və zəruri istintaq, prosessual hərəkətlər, əməliyyat tədbirləri yerinə yetirilsə də, cinayəti törədən şəxs müəyyən edilmədiyindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraat dayandırılıb:

“Lakin təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi üçün Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinə əməliyyat tapşırıqları göndərilib və hazırda da bu istiqamətdə zəruri əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir. Cinayət işi üzrə icraatın dayandırılması üçün nəzərdə tutulan hallar aradan qalxdıqda və təqsirləndirilən şəxsin iştirakı olmadan aparılması mümkün olan prosessual hərəkətlərin yerinə yetirilməsi zərurəti yarandıqda iş üzrə icraatın təzələnməsi təmin olunacaq”.



Fəqət Rafiq Tağıya kimin və nə üçün qıydığı hələ də aydınlaşmayıb. Müqəssir indi hardadır?  yaşayırmı? sualları düşündürücüdür. Görəsən, o kirli əli daha neçə məsumun qanına bulanıb? Bilmərik.



Şair Aqşin Yenisey “Sherg.az”a deyib ki, bu cinayətin törədilməsinin zahiri səbəblərinin hamısı aydın və üzdədir:

“Mərhum yazıçı üçün ölüm fətvası verənlər var idi. Medianı izləyən hər kəs məlum səbəblərə görə bir ehtimal irəli sürməsi mümkündür. Amma cinayət fərziyyələrlə deyil, dəlil-sübutlarla ədalətə qovuşur. İndiyənə qədər sirr pərdəsinin çəkilməməsinin iki səbəbi ola bilər. Birincisi, ortada gizli və geniş hədəflərə hesablanmış kriminal planının dayanmasıdır. İkincisi, cinayətin hüquq-mühafizə orqanlarının peşəkarlığını üstələyən profesionallıqla törədilməsidir. Tarixə nəzər salsaq, görərik ki, bu cür qətl hadisələri ya ümumiyyətlə açılmır, zamanla düyün daha da mürəkkəbləşir, ya da bir vaxt ağıla gəlməz cinayət səbəbi gün üzünə çıxır. Fikrimcə, Rafiq Tağının hər kəsin total islam qorxusu içində olduğu müsəlman Şərqində öldürülməsi deyil, yaşaması təəccüblü olardı. Çünki o, Spinoza kimi, Roterdamlı Erazm kimi bir mədəniyyətin yalan üzərində bərqərar olduğunu iddia və ifşa edirdi. Biz bir cəmiyyət olaraq R.Tağının ölümündən çox aşağı səviyyədə yaşayırıq. Onun qatilini axtararkən, təkcə cinayət yerinə deyil, bütün müsəlman Şərqinə baxmaq lazımdır”.



Yazıçının qardaşı İlqar Tağı düşünür ki, qatilin tapılmaması haqda yalnız ehtimallar irəli sürə bilər:

“Fikrimizcə, ölkəmizdə cinayətin açılmamasını istəyən şəxslər var. Rafiqin öldürülməsi onun açıq düşüncəli, aydın, ziyalı fikir adamı olması ilə əlaqəli idi. Bu tip insanlar həmişə müəyyən qruplaşmalara qıcıq verib. Rafiqin “İran və Qloballaşma qaçılmazlığı”yazısı da qətlinin səbəblərindən biridir. Rafiq ona qədər 20 il ərzində esselər yazıb, naqislikləri göstərir, İranın Azərbaycandakı təsirlərini ifşa edirdi. Qardaşıma qarşı təzyiqlər “Avropa və biz” məqaləsindən başladı. O vaxt İranın ölkəmizdəki təbələri Rafiqi hədəfə çevirdilər. Təşkil olunmuş insanlar idi, “Avropa və biz” yazısını təhlil etmək iqtidarında deyildilər. Adlarını belə yaza bilmirdilər. Bununla da həm Rafiqin yazılarından heyf çıxdılar, həm də onu öldürməklə İranın burdakı  agenturasını dağıtmaq istədilər. “İran və qloballaşma qaçınılmazlığı” məqaləsi isə  kulminasiya idi. Qardaşımın ölümündən sonra dini xurafatla mübarizə başladı. Məsələn, 3 ayətullah Rafiqə ölüm hökmü vermişdi. Onlar Nardaranı İranın Qum şəhəri adlandırırdılar. Həmin “şəhər”i neytrallaşdırmaq üçün gurultulu ölüm lazım idi. Bu da dini mövzulara toxunduğu üçün Rafiqin qətli ola bilərdi. Məncə, onun öldürülməsində çox müəmmalar var. Həm də istintaq hərəkətsizliyinə yol veririrlər. Bir ipucu belə tapılmadı, bir həkim də cəzalandırılmadı. İstintaqa barmaqarası yanaşdılar. Cinayətin gizlədilməsi istiqamətində iş apardılar. 2014-dən bu günə cinayət işi açılmayıbsa, bağlanmış hesab olunur. Lakin istənilən halda şübhəli şəxs tapıla, hansısa detallar üzə çıxa, istintaq yenilənə bilər”.



 Mərhumun yaxın dostu, xalq şairi Baba Vəziroğlunun fikrincə, Rafiq Tağının qətlinin səbəbləri müxtəlif istiqamətlərə yozulub, şaxələnib:

“İstintaq müammanı aça bilməyibsə, biz sıravi insanlar nə deyə bilərik ki? Düzü, mənim üçün fərqi də yoxdur. Axı hansı cəzalandırma Rafiqi qaytara biləcək ? Lap günahkarlar Azadlıq meydanında asılsalar da o, dönməyəcək. Zənnimcə,mövhumat, cəhalət, dini fundamentalizm-insanlığa yad olan hər şey Rafiqin qatili sayılır. Sadaladığım anti-insani xüsusiyətlərin daşıyıcıları bir-iki nəfər deyil, minlərlə, milyonlarladır. Rafiq zülmətdə doğan günəş idi və işığını söndürməyə çalışdılar, amma bacarmadılar. Çünki Rafiq Tağı stolüstü kitabımdırsa, dilimin əzbəridirsə, onu ölü kimi görmürəmsə, parıltısını necə boğa bilərlər? İndi ədəbi, insani nəsillər Rafiqin ruhu ilə böyüyüb, onun kimi vicdanlı olmağa, xalqa xidmət etməyə can atırlar. Rafiqin ədəbiyyatdakı mövqeyi hər kəsə məlumdur. Bir də həkimlər arasında özünə ölümsüz sevgi, məhəbbət qazandı. O, yalnız həkim deyil, əsl loğman olub. Rafiqlə dostluq etdiyim zamanlar xəstələnmirdim. Həm də o, çox dərman məsləhət görməzdi, düzgün qidalanmağı tövsiyyə edərdi. Onu da deyim ki, çox dərin, intelektli yumoru vardı. Mənim həyatımdan Rafiq Tağı qırmızı xətt kimi keçdi. Hər axşam saatlarla danışırdıq, ondan çox şey öyənirdim, ruhən qidalanırdım. Rafiq insanın yaşaması üçün stimul idi. Onun kimi adamlar barmaqla sayılacaq qədərdir. Zülmət də böyük olanda tunelin sonundakı işığı öldürməyə çalışır və nail olur. Aydınlığın qaranlığa qalib gəlməsi yalnız nağıllardadır. Rafiq cəhalətlə, nadanlıqla əhatə olunmuşdu. Ortada nazik şam kimi yanırdı, onu da söndürdülər. Bir də Rafiqi bəzən milləti, xalqı bəyənmədiyini söyləyib, qınayırdılar. Onun kimi vətənpərvər, imanlı adam var idi? 

O, da Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Nərimanov kimi cəhalətin, qoyun psixologiyasının düşməni idi. Həmin psixologiya da Rafiqi məhv etdi”.  



Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş MTN zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Rafiq Tağının məqalələrinə görə qətl edildiyini söyləyib:

“Onun məqalələri həm xaricə, həm də daxilə yönəlik idi. Cinayəti xaricdəkilər törədibsə, deməli daxildəkiləri də razı salıblar. Ona görə ki, bu işin izinə düşməyiblər. Həm də Rafiq radikal islamın və dindarların əleyhinə idi. Əlavə olaraq insan haqları ilə bağlı müzakirələr aparır, yazılar  yazırdı. İstintaq işlərinin dayandırılması xarici və daxili qüvvələrin istəklərinin üst-üstə düşməsi ilə əlaqəlidir. Yoxsa 20 ildir ki, davam edən cinayət işləri var. Məsələn, saxtalaşdırmış işlərdir, kimlərinsə ölkəyə gəlməsinə icazə vermirlər. Bəs niyə bu, açıq məsələnin istintaqı aparılmır?”.

Rəsmi münasibət öyrənmək üçün Baş Prokurorluğun  mətbuat xidməti ilə əlaqə saxladıq. Lakin suallarımıza cavab ala bilmədik.

Heç bir cinayət cəzasız qalmır. Məhəmməd Əmin Rəsulzadənin də dediyi kimi, şübhəsizdir ki, bir gün həqiqət parlayacaq.

 Rafiq Tağının ruhuna sayğılarla...


Hazırladı: Samirə Ərəblinski

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu