İtaliya artıq könlümüzü fəth edir

"2020-ci ilin yekunlarına əsasən Azərbaycan ticarət dövriyyəsində İtaliya ən böyük paya malik olub"


İtaliya şirkətləri Qarabağda yenidənqurma işlərinə dəvət edilib. Bu şirkətlər Qarabağ regionunda şəhərsalmanın planlaşdırılması, zəngin tarixi-memarlıq irsimizin bərpası və yenidənqurma işlərində iştirak edəcəklər. Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının hazırlanmasında Azərbaycan İtaliyanın dünyaca məşhur aparıcı multimedia şirkəti olan “G GROUP” şirkəti ilə əməkdaşlığa başlayıb.

Qeyd edək ki, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının mükəmməl işlənilməsi üçün məkanla yerində tanış olmaq mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə cari ilin 19-21 fevral tarixində “G GROUP” şirkətinin işçi heyətinin - yaradıcı icraçı direktor və bədii rəhbər Fabrizio Conti, strategiya üzrə məsləhətçi Laura Conti, memar, muzey və ekspozisiya dizayneri Nicola Pavan və memar Carlo Pavan Bakıya səfəri təşkil olunub. Görüş zamanı Mədəniyyət naziri Anar Kərimov Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin dövlətimizin və xalqımızın əzmkarlığı nəticəsində qazandığı Şanlı Qələbəni, Vətən müharibəsinin gedişatını müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olmasının vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında vurğulayıb ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Deputat diqqətə çatdırıb ki, 2020-ci ilin yekunlarına əsasən Azərbaycan ticarət dövriyyəsində İtaliya ən böyük paya malik olub:

"Belə ki, cari ticarət dövriyyəmiz 4 milyard 568 milyon dollar olub. Bu da ticarət dövriyyəsində ilk yerdir. Qeyd edim ki, Azərbaycan-İtaliya münasibətləri formalaşdıqdan sonra İtaliya şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 7 milyard dollara yaxın investisiya qoyuluşu həyata keçirilib. Bu da təbii ki, İtaliya şirkətlərinin Azərbaycanda fəal şəkildə iştirak etməsi anlamına gəlir". 

V.Bayramov qeyd edib ki, eyni zamanda Azərbaycan İtaliyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır:

"İtaliyanın Cənubi Qafqaz ölkələri ilə olan ticarət dövriyyəsinin 92 faizi Azərbaycanın payına düşür. Bu da ondan xəbər verir ki, Azərbaycan İtaliya üçün regional olaraq strateji müttəfiq ölkədir. Təbii ki, bu mütəffiqlik strateji əhəmiyyət daşıyır. Növbəti mərhələdə iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənəcəyi gözlənilir. Belə ki, İtaliya-Azərbaycan arasında enerji əməkdaşlığının artıq növbəti illərdə, xüsusən də 2021-ci ildən başlayaraq yeni mərhələyə qədəm qoyacaq. Artıq Cənubi Qaz Dəhlizi vasitəsilə Azərbaycanın mavi qazı Avropa bazarına çıxarılacaq.

Birinci mərhələdə Azərbaycan Avropaya on milyard, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql edəcək. Bu da təbii ki, İtaliya-Azərbaycan arasındakı ticarət dövriyyəsinin daha da artmasına səbəb olacaq. Eyni zamanda, İtaliya şirkətləri işğaldan azad olunan ərazilərimizin bərpasında, yenidən qurulmasında və iqtisadi aktivliyin formalaşmasında yaxından iştirak edəcəklər.

Artıq İtaliya şirkətləri ilə yarımstansiyaların qurulması və enerji təminatı ilə bağlı anlaşma da imzalanıb. Növbəti mərhələdə İtaliya şirkətləri digər sektorlarda da öz sərmayə qoyuluşlarını davam etdirəcəklər. Praktiki olaraq bu ondan xəbər verir ki, biz növbəti illərdə iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsini və ticarət dövriyyəsinin artmasını müşahidə edəcəyik".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu