Qarabağın ETİBARI...


Cəsarəti, dəmir iradəsi onu Qubadlıya qədər apardı və sonunda şəhid oldu

"Atası hara gedəcəklərini soruşduqda isə Etibar “Allah qoysa qayıdanda deyərəm, heç bir narahatlıq yoxdur, torpaqlarımızı da tezliklə düşmən tapdağından azad edəcəyik” deyir"


Etibar Nəcəfov cəsarəti və dəmir iradəsi sayəsində döyüş yolunu Qubadlıyadək davam etdirib. Şəhidlik zirvəsinə ucalan qəhrəmanımız ölümündən sonra beş medalla təltif olunub. Millət qəhrəmanını tanımalıdır. 

Nəcəfov Etibar Mehman oğlu 14 noyabr 1998-ci il tarixində Ağcabədi rayonunun Aran kəndində anadan olub. 2005-ci ildə Laçın rayon Aran kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olub və 2014-cü ildə doqquz illik məktəbi bitirdikdən sonra təhsilini Ağcabədi rayon Aran kənd 1 saylı tam orta məktəbində davam etdirib. Etibar Nəcəfov 2016-cı ildə orta məktəbi başa vurub. O, uşaq yaşlarından idmana xüsusi maraq göstərib. Hətta karate və kikboks idman növləri ilə yaxından məşğul olub və keçirilən yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2017-ci il yanvar ayının 5-də müddətli hərbi xidmətə yola düşüb. Xidmətini öncə Gəncə şəhərində, daha sonra isə Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib. Xüsusi Təyinatlı Kəşfiyyat Bölmələrində təlimlər keçib və ön xətdə göstərdiyi xidmətlərinə görə fəxri fərmanla təltif edilib. 2018-ci il 2 iyul tarixində ordu sıralarından tərxis olunub. Etibar Nəcəfov hərbi xidmət zamanı, eyni zamanda, mülki həyatda öz nizam-intizamı ilə seçilənlər arasında olub. Öz nizamı ilə ətrafındakı insanların daim böyük hörmətini, rəğbətini və sevgisini qazanıb. 

Qəhrəmanımızın əmisioğlu Əkbər Nəcəfov onunla olan xatirələrini "Şərq"ə bölüşüb. O qeyd edib ki, Etibarı tanıyanlar onun necə cəsarətli, mərd və qorxmaz olduğunu yaxşı bilirdi:

"Əmim oğlu Etibar Nəcəfov 27 sentyabr 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı təxribatı nəticəsində ordumuzun əks-hücum əməliyyatlarından sonra biganə qalmır. O, ölkəmizin müdafiəsi naminə könüllü olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə bir neçə dəfə müraciət edir. Lakin bir neçə dəfə müraciət etməsinə baxmayaraq çağırılmır. Bir gün hərbi komissarlıqdan geri qayıtdıqdan bir neçə saat sonra ona zəng edilir və orduya çağırılır. Məhz elə 2020-ci il oktyabrın 1-də  Etibar böyük qürurla döyüş bölgəsinə - Vətənin müdafiəsinə yollanır. Etibar həqiqi hərbi xidmətini o bölgələrdə keçdiyi və xüsusi təlimlər aldığı üçün həmin bölgələri yaxşı tanıyırdı. O, döyüşlərin qızğın getdiyi bir vaxtda müharibəyə qoşulur. Onun döyüş yoldaşları Etibarın qəhrəmancasına vuruşmasından, cəsarətindən, qorxmaz və dönməzliyindən ürək dolusu danışırdılar. Məhz cəsarəti və dəmir iradəsi onu Qubadlıya qədər aparıb. Etibarın döyüş yolu Cəbrayıl, Füzuli, Zəngilan, və Qubadlı uğrunda olub. O, böyük qəhrəmanlıqları  və igidliyi ilə hər kəsin diqqətini çəkib". 

Ə.Nəcəfov qeyd edib ki, Etibar ilə sonuncu görüşləri oktyabrın 1-i hərbi komissarlıqda onu yola salanda olub: "Sentyabrın 30-da bir yerdə evlərində idik. Özü ilə xeyli söhbət etdik. O tək əmioğlu deyildi, həm də qardaşım idi. Sonuncu dəfə hərbi komissarlıqda onu yola salanda, görüşüb bir-birimizin əlini sıxaraq qucaqlaşdıq. Mənə dedi ki, əmioğlu, narahat olma, bu dəfə torpaqlarımızı düşmən işğalından azad edəcəyik. Etibar və Etibar kimi, öz canını Vətən uğrunda qəhrəmancasına fəda verən igid qəhrəmanlarımız sayəsində bu gün qürur hissi ilə deyə bilərik ki, doğma torpaqlarımız azaddır. Təbii ki, bütün gənclər kimi onun da arzuları çox idi. Subay idi. Ən böyük arzusu görə bilmədiyi doğma dədə-baba torpağına getmək və Laçını görmək idi. Ən əsası isə tanınmış  idmançı olmaq və Azərbaycan bayrağını dünya arenasında dalğalandırmağı çox arzulayırdı. O, sonuncu dəfə atası Mehman Nəcəfov ilə telefonla danışıb. Atası ondan vəziyyəti və harada olmasını soruşduqda  atasına Qubadlı istiqamətində olduğunu deyib. Atası hara gedəcəklərini soruşduqda isə Etibar “Allah qoysa qayıdanda deyərəm, heç bir narahatlıq yoxdur, torpaqlarımızı da tezliklə düşmən tapdağından azad edəcəyik” deyir. Son cümləsi isə “Anama deyin, narahat olmasın” olur. Oktyabrın 19-dan sonra ondan heç bir xəbər olmayıb. Məhz sonuncu danışığı da elə həmin gün olub. Noyabrın 25-də məlum olur ki, o Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Noyabrın 26-da isə dəfn olunub". 

Qeyd edək ki, Etibar Nəcəfov Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı, həmçinin, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib". 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu