Bitkoin çox riskli yatırımdır

Çünki onun arxasında duran məsələlər artıq təhlükəyə çevrilib

"Bu sahə ilə məşğul olanlar daim bu xəbər axınlarını izləməli və gedişata görə də qərar verməlidirlər"


Son günlər yüksəliş rekordu qıran Bitkoin, xeyli ucuzlaşaraq 50 min dollarlıq psixoloji səddindən aşağı düşüb. Ən böyük kriptovalyuta birjası olan “Binance”da olan vəziyyətə görə, bitkoin 12,38 faiz ucuzlaşaraq 49,9 min ABŞ dollarınadək geriləyib. Həmçinin 20-dən artıq birjadakı orta göstəricini əsas götürən “Coin MarketCap”a görə, bitkoin 13,45 faiz ucuzlaşaraq 49,5 min dollardan satılıb. Hərrac əsnasında bitkoin hətta 47,6 min dollaradək ucuzlaşıb. Xatırladaq ki, bazar günü bitkoin rekord vuraraq 58.352,8 ABŞ dollarına çatıb.

Bitkoin barədə danışan iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında vurğulayıb ki, o, ümumilikdə çox spekulyativ və həddindən artıq riskli bir aktivdir. Ekspertin sözlərinə görə, məhz buna görə də onun qiymətinin aşağı düşməsi və yuxarı qalxması artıq heç kəsdə şübhə doğurmur: "Bitkoin sırf xəbər axını ilə bağlı və müxtəlif spekulyasiyalara açıq bir aktivdir. Xəbərin fonunda biz onun qiymətinin sərt yüksəlməsini və sərt enməsini də görürük. Yəni kəskin dalğalanmalar olur. Təbii ki,  bu da bitkoini çox riskli bir aktiv halına gətirir. Əslində bu, ilk gündən belə idi. Çünki bitkoinin arxasında duran əsas məsələlər artıq təhlükəyə çevrilib".

N.Cəfərli əlavə edib ki, onu dəyərli edən məsələlərdən biri anonimliyidir: 

"Kifayət qədər anonimliyi gözləmək şərtilə bu ticarəti, yəni bitkoin ticarətini həyata keçirmək mümkün idi. Bu anonimlik artıq təhlükəyə çevrilir.  Son günlər onun qiymətinin kəskin enməsinin şahidi olduq. Yəni bir gün və cəmi 24 saat ərzində 58-59 mindən dəyəri  47 minə qədər ucuzlaşdı. Bu da təbii ki, elə xəbər axını ilə bağlı idi. Çünki bir gün bundan öncə Amerika maliyyə naziri, keçmiş Federal Ehtiyat Sisteminin  (FED) rəhbəri Janet Yellen çıxışında bitkoinlə bağlı həm spekulyativ, həm də təhlükəli bir aktiv olmasına işarə verdi. Bununla da, bir gün ərzində bitkoinin qiymətində kəskin ucuzlaşmalar baş verdi.  Təbii ki, bitkoini bazarda qazanmaq da, itirmək də mümkündür".

İqtisadçı-ekspert Azərbaycanda da  bu sahə ilə məşğul olanların sayının kifayət qədər olduğunu qeyd edib: 

"Azərbaycanda bitkoinlə məşğul olanlar bir şeyi dəqiq bilməlidirlər ki, bu aktivin hansı zaman dəyər qazanacağı və hansı zaman kəskin ucuzlaşacağı  onun arxasında duran hansısa bir gücdən və  dəyərdən irəli gəlmir. Sırf xəbər axınlarına və spekulyativ məlumat axınlarına bağlı olacaq bir bazardır. Buna görə də bu sahə ilə məşğul olanlar daim bu xəbər axınlarını izləməli və gedişata görə də qərar verməlidirlər. Çünki  bitkoin çox riskli yatırımdır".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu