Psixoloq obrazı artıq insanların həyatına daxil olmaqdadır

"Sivilizasiya inkişaf etdikcə cəmiyyətdə insanlararası münasibətlər tabularla yox, məhz psixologiya ilə idarə olunur. İnsanların həyat tərzi, həyat keyfiyyəti artdıqca cəmiyyətdə psixoloqların da rolu artır. Və psixologiya demək olar ki, cəmiyyətin bütün istiqamətlərinə sirayət edir. Nəticədə insanlararası münasibət psixoloji qanunauyğunluqlarla idarə olunur. Eyni zamanda psixoloqların müxtəlif narahatlıq və problemlərə neytral yanaşması, mühakimə etməməsi, empatik və aktiv dinləmə bacarıqları insanların problemlərini rahatlıqla bölüşməsinə, həlli istiqamətində doğru addımlar atmasına səbəb olur. Bu isə cəmiyyətdə psixoloqun rolunun artmasına birbaşa təsir göstərir". 


Bu sözləri "Şərq"ə açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib. Onun sözələrinə görə, insanlar arasında psixoloji maarifləndirmə artdıqca psixoloqa baxış tərzində də müsbət istiqamətdə dəyişikliklər müşahidə olunmaqdadır: "Artıq valideyn uşağında hər hansı bir narahatlıq müşahidə edəndə həkimlə paralel psixoloq tövsiyəsini almağa çalışır.

Yeniyetmə övladı ilə problem yaşadıqda mütəxəssis dəstəyi alaraq ona düzgün yanaşmanı formalaşdırır. Hətta ailədaxili problemlər yarandığı zaman problemin şiddətini artırmaq və boşanmaq, ayrılıq, şiddət kimi hadisələri yaşamaq əvəzinə psixoloqa müraciət edərək çıxış yollarını axtaranlar var.

Hesab edirəm ki, bu günləri evlilik öncəsi psixoloji yardım alaraq gələcəkdə ailədə yaşana biləcək problemlərlə bağlı profilaktik tədbirlər görülməsinə, hər hansı somatik xəstəliklə yanaşı psixoloji problemlərin müşahidə olunmaması üçün dəstək alınmasına ehtiyac var.

Bu hal cəmiyyətdə interpersonal münasibətlərin adekvat formalaşmasına, ailədaxili konfliktlərin azalmasına, həyat keyfiyyətinin artmasına səbəb olacaq. Həmçinin təhsil sistemində məhsuldarlığın yüksəlməsinə və dolayısıyla bütün sahələrdə müvəffəqiyyətin əldə olunmasına şərait yaradacaq". 

E.Rüstəmov əlavə edib ki, son dövrlərdə müxtəlif filmlərdə süjet xəttinə psixoloq obrazının əlavə olunması psixologiyanın cəmiyyətin ictimai praktikasına çevrilməsinə, ictimai şüurda bu fenomenin inkişafına səbəb olmaqdadır:

"Psixoloq obrazı doğru formada təqdim olunduğu təqdirdə insanlarda onlara qarşı güvən hissi formalaşır. Nəticədə insanlar şəxslərarası münasibətdə problemin həllində qeyri-adekvat üsulları seçmək əvəzinə mütəxəssis yardımı almağa yönəlirlər. Psixoloji maarifləndirmə doğru aparıldığı təqdirdə şəxsin özündə müşahidə olunan və indiyə qədər aşkarlanmayan, səbəbsiz aqressiya, gərginlik, bədbinlik, ümidsizlik və s. kimi narahatlıqlar daha tez ortaya çıxır. Nəticədə zamanında yardım alaraq xroniki formaya keçid almasının qarşısı alınır. Eyni zamanda psixologiya hər bir insanın həyat tərzinə çevrilmiş olur".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu