"Kütləyə çatmaq əsas hədəfimizdir"

Kamran Muradov: "Güc birlikdə doğar, buna çalışırıq"

"Şəhid ailələrinə, qazilərə, ahıl və kimsəsiz vətəndaşlara qayğı və diqqətin gənclər arasında yayılmasını təmin edirik"

Son zamanlar respublikamızda ictimai və sosial yönümlü bir çox qurumlar yaradılıb. Bu qurumlar Azərbaycan gəncliyinin inkişafında və formalaşmasında müəyyən rol oynayır. Belə qurumlardan biri də, “Sosial İş və Sosial Media” təşkilatıdır. Bu təşkilat haqqında məlumat almaq üçün həmin təşkilatın təsisçilərindən biri olan Kamran Muradovla söhbətləşdik.


- Kamran bəy, “Sosial media və Sosial iş” platformasını yaradarkən əsas məqsədiniz nə idi?

- Əsas məqsədim gənclərin karyera inkişafına dəstək olmaq, cəmiyyətimizdə baş verən sosial problemlərə sosial işçilər olaraq yeni bir baxış ortaya qoymaq idi.

- Təşkilatda davamlı olaraq hansı növ təlimlər keçirilir?

- Əsasən psixoloji, şəxsi inkişaf, fəlsəfi, işarət dili və bədən dili ilə bağlı bağlı təlimlər təşkil olunur. Daha çox iştirakçıları və komandamızı düşündürən təlimlərə yönəlmişik.

- Təşkilatınızda hansı şöbələr fəaliyyət göstərir. Və bu şöbələrin strateji iş planında hansı mövzülara üstünlük verilir?

- Təşkilatımızda Gənclərlə iş, Operativ idarəetmə, Optimal inkişaf, İnformasiya Təminatı və Texniki Təminat, İnsan resursları və Nəzarət təftiş komitəsi şöbələri fəaliyyət göstərir. Biz strateji inkişafda məsuliyyətliliyin gənclər arasında yayılmasını və əsasən karyera inkişafında əsas olan komanda birliyinə yönələn mövzuları seçirik. İstər-istəməz gənclər artıq daha çox sosial problemlərin həllinə daha həssas yanaşır və əsası komanda birliyində şərt olan təvazökarlıq, birgə fəaliyyət prinsipinə əməl edirlər.

- 7 ay ərzində toplanan auditoriyanız sizi qane edirmi?

- Qismən bəli. Amma daha çox kütləyə çatmaq əsas məqsədimizdır. Çünki hədəfimiz və məqsədimizi daha çox gənclərə çatdırmaq, problemlərin həllinin yeni əsaslarla qurulmasıdır. Güc birlikdən doğar deyiblər. Bu güc üçün çalışırıq.

- Bəs sizi digər təşkilatlardan fərqləndirən üstünlüklər nədir?

- Biz əsasən gənclərimizə sərbəst fikir bildirmə və o fikirlərini layihə halına gətirib, test etmək imkanı veririk. Gənclərin davamlı olaraq sosial problemlərin həlli ilə bağlı fikirlərini alırıq. Layihə hazırlaya bilmirlərsə, öyrətmək üçün mütəxəssislərə yönəldirik. Gənclərə tapşırıqlar verib, vaxt təyin edərək məsuliyyətlilik hissini aşılayırıq. Tapşırıqlar ya mail, yada ki, whatsap qrupu vasitəsilə verirlər. Şəhid ailələrinə, qazilərə, ahıl və kimsəsiz vətəndaşlara qayğı və diqqətin gənclər arasında yayılmasını təmin edirik.

- Gələcəkdə fəaliyyətinizi sosial şəbəkələrdən kənarda da davam etdirmək fikriniz varmı?

- Bəli, var. Lakin indi onlayn platformalar cəmiyyətimizdə üstün mövqedədir və uzun müddət də belə davam edəcək deyə düşünürəm. Amma ənənəvi üsulla, yəni canlı görüşlərdə təşkil etməyə çalışacağıq.

- Sizin platformanızda “Diqqətcil qonşu” layihəsinə start verilib. Bu dönəmin problemlərinə uyğun planlarınız varmı?

- Bu layihəmiz əsasən ahıl, kimsəsiz, vətəndaşlara mənəvi cəhətdən qayğı və diqqət göstərilməsinə yönəlib. Təbii ki, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ev və mobil telefon, elektron poçt vasitəsilə əlaqə yaradır və yalnız mənəvi olaraq dəstək veririk. Lahiyəmiz yanvar ayında iki həftə öz işini uğurla yerinə yetirdi. Lakin layihəmiz yenidən fəaliyyətə başlayacaq və hətta ahıl, kimsəsiz insanlarla yanaşı, şəhid ailələrinə və qazilərə də yardımlar göstəriləcək.

- Pandemiya hər birimizin həyatına ciddi təsir göstərib. Bu istiqamətdə hansı işlər görülür?

- Bu istiqamətdə tibbi, psixoloji, sosial, ailə terapiyası sahələri üzrə maarifləndirmə işlərimiz davam edir. Vebinarlar təşkil edilir və xüsusilə pandemiya dönəminin uşaqların bu şəraitdə zərər görməsini minimuma endirmək üçün işlər görülür. Onlayn iş platformaların hüquqi bazası, keyfiyyətli distant təhsil sisteminin təşkili istiqamətində görülən işlərə dəstək proqramları hazırlanır.

- “Qarabağ Azərbaycandır” kontekstində sizin platformanız hansı addımlar atıb?

- Vətən müharibəsi dönəmində sosial mediada bütün platforma olaraq xüsusilə Twitter-də fəal olmuşuq və haqq səsimizi ucaltmaq üçün əlimizdən gələn dəstəyi təmin etməyə çalışmışıq. Hazırda da “Qarabağ Azərbaycandır” kontekstində “Vətənpərvərliyə Yeni Çağırışlar” adlı layihəmizi həyata keçirir və bu istiqamətdə konfranslar, təlimlər, tədbirlər təşkil edirik. Layihəmizin əsas məqsədi gənclər arasında vətənpərvərlik mövzusunda yeni layihələr təqdim etmələrini, bu layihələrin faydalılıq əmsalı barədə daha çox məlumatlandırma və yeni biliklər aşılamaqdır.

- Gələcək fəaliyyətinizdə nə kimi planlarınız var?

- Gələn ay mentor dəstəyi proqramımızın 3ayı tamam olur. Proqram üzrə ilk məzunları verəcəyik. Sonra yeni üzvlərin qəbulu, daha maraqlı, intellektual əhəmiyyətli təlimlər, yeni layihələrlə gənclərin və platformamıza diqqət ayıran iştirakçıların qarşısına gələcəyik.

Banuçiçək Hüseynli

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu