Tarixi görüş: "Türkdili dövlətlər arasında yeni münasibətlər sistemi..." - Unikal əməkdaşlıq !

Fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşündə birgə bəyanat imzalanıb. Bəyanatda bildirilir ki, tərəflər iştirakçı dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi, ərazi bütövlüyünə qarşılıqlı hörmət və birmənalı dəstəklərini bir daha təsdiqləyirlər.

Bəyanatda qeyd olunub ki, tərəflər əhatəli bir sülh, sabitlik və ortaq firavanlıq məkanının yaradılması ilə bağlı baxışlarını vurğulayıblar. Çoxtərəfli əməkdaşlıq perspektivlərini genişləndirmək üçün Türkmənistan-Türkiyə-Azərbaycan üçtərəfli mexanizmindən istifadə etməyin vacibliyini qəbul ediblər.

Tərəflər iqtisadi əməkdaşlığın gücləndirilməsinin, həmçinin iştirakçı dövlətlər arasında iqtisadi əməkdaşlıq üçün hüquqi bazanın vacibliyini vurğulayıblar.

Məlum sənəd barədə fikirlərini “Sherg.az”la bölüşən millət vəkili, politoloq Elşad Mirbəşir oğlu bildirib ki, türkdili dövlətlər arasında yeni münasibətlər sistemi formalaşmaqdadır.

Parlament üzvü qeyd edib ki, türkdilli dövlətlər qarşılıqlı anlayışa üstünlük verərək səmərəli əməkdaşlıq edirlər:

“Uzun müddət idi ki, Türkmənistanla Azərbaycan arasında açıq qalan bəzi suallar var idi. Lakin bu suallar sözügedən bəyanatın imzalanması ilə cavabını tapmış oldu. Türkmənistan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan nəqliyyat kommunikasiyalarından faydalanmaq niyyətindədir. Dövlət başçıları səviyyəsində son dövrlərdəki səfərlərin baş tutması tərəflər arasında yeni əməkaşlıq sisteminin yaranmasına imkan verdi.

Təbii ki, Türkiyə türk dünyasında kifayət qədər təsirə malik dövlət olmaqla bu əməkdaşlıq sisteminin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. Cənubi Qafqaz regionunda yeni geosiyasi mərhələ başladı. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz Vətən müharibəsində qalib gəldi. Bundan sonra Cənubi Qafqazda həm təhlükəsizlik sisteminin formalaşdırılması, həm əməkdaşlıq platformasının yaradılması üçün bu zamana qədər mövcud olmayan imkanlar yarandı.

Bu imkanları da ölkə başçımız yaratdı. Belə olan halda regionda yeni nəqliyyat kommunikasiyası xəritəsi də əhəmiyyətli dərəcədə dəyişməkdədir. Həyata keçiriləcək iqtisadi layihələr regionda daha sıx əməkdaşlığı tələb edir. Eyni zamanda regionu çox cəlbedici bir əməkdaşlıq platformasına çevirir.

Bu baxımdan Azərbaycan, Türkiyə və Türkmənistan arasındakı münasibətlərin hazırlıq səviyyəsi böyük bir coğrafiyada unikal bir əməkdaşlıq müstəvisini yaratmaqdadır. Ankarada baş tutan görüş perspektiv baxımından tarixi bir görüş oldu.

Bundan sonrakı mərhələdə tərəflər arasında əməkşdalığın yeni istiqamətinin tapılması və mövcud istiqamətlər üzrə inkişafı müşahidə ediləcək”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu