Elçin Bayramov: "Moldovada ictimai təşkilatlara Xocalı Soyqırımının tanınması ilə bağlı müraciət ünvanlayacağıq"     

"Xocalıda törədilən insanlığa sığmayan dəhşətli qətliamdan 29 il ötür".

Bu barədə "Sherg.az"a Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov deyib.



Diaspora rəhbəri bildirib ki, illərdir hər bir azərbaycanlı, nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir soydaşımız bu qətliamı, erməni vəhşiliyini dünyaya tanıtdırmağa çalışır:

"O dəhşət dolu gecədə yaşananları dünya ictimaiyyətinə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Moldova Azərbaycanlıları Konqresinin sədri kimi vəzifəmə bir neçə ay əvvəl başlasam da, artıq erməni terrorunu, erməni vandalizmini yaşadığım və fəaliyyət göstərdiyim Moldova ictimaiyyətinə, ermənilərin hiyləgər xislətini dünyanın dörd bir yanına çatdırmaq üçün əlimdən gələni edirəm. Xocalı qətliamının qisasını 44 gün ərzində alsaq da, bədnam düşmənlərimizlə mübarizəmiz bitməyib. Xocalı soyqırımından 29 il sonra da ermənilər İkinci Qarabağ müharibəsi zamanı Gəncə və Bərdədə törətdikləri terrorla bir daha sübut etdi ki, illər ötsə də xislətləri dəyişməyib. Mənfur ermənilər öz əməl və pis niyyətlərindən dönməyiblər. Ona görə də düşünürəm ki, qələbə çalsaq belə biz onların vəhşiliyini dünyaya çatdırmaqdan, törədiyi terrorları dünya ictimaiyyətinə göstərməkdən çəkinməməliyik. Biz həqiqətləri deyirik və həqiqətləri göstəririk. Ona görə də bizim missiyamız hələ bitməyib".



E.Bayramov vurğulayıb ki, tədbirlərdı, görüşlərdə dünya miqyasında aparıcı şəxslərlə dialoqlar zamanı belə ilk hədəf erməni vandallarının bədnam xislətlərini hər kəsə duyurmaq olmalıdır:

"Biz də öz növbəmizdə Moldova Azərbaycanlılar Konqresi adından Moldova Parlamentinə, Moldova Dövlət başçısına, Moldovada olan bütün ictimai təşkilatlara Xocalı Soyqırımının tanınması ilə bağlı müraciət ünvanlayacağıq. 
Fevralın 25-də Azərbaycanın Kişinyovdakı səfirliyi və Azərbaycanlıların Moldovadakı konqresi ilə birlikdə saat 10:00-da "TIME" mehmanxanasının konfrans zalında Xocalı soyqırımının anımı ilə bağlı tədbir təşkil edəcəyik. Tədbirdə Moldova İctimai xadimləri, Moldova parlament üzvləri, dövlət rəsmiləri, həmçinin Moldovada olan Beynəlxalq təşkilatlar, dini icmaların nümayəndələri də iştirak edəcəklər".

Konqres sədri bəyan edib ki, tədbirdə Xocalı qətliamını əks etdirən xüsusi film də təqdim olunacaq:

"Həmin filmin nümayişini edəcəyik. Həmçinin, Xocalıda törədilən vəhşiliklərin bir hissəsini əks etdirən sərgi hazırlamışıq ki, qonaqlar həmin vəhşiliklərin bir hissəsini fotolardan da olsa görə bilsin. Bununla yanaşı, Xocalı faciəsinin danılmaz faktlarını özündə əks etdirən çıxışlar da olacaq. Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri Qüdsi Osmanov Konqresimizlə sıx əlaqədədir, keçirdiyimiz bütün tədbirlərdə öz dəstəyini əsirgəmir. Bununla yanaşı, Moldova Azərbaycanlıları konqresi olaraq, LUKOYL neft şirkətinin Moldova üzrə nümayəndəsi Feyruz İsayevə xüsusi təşəkkürümü bildirirəm. Feyruz müəllim konqresimizin hər bir məsələsində öz köməkliyini əsirgəmir, hər zaman bizə dəstək olur. Onu da bildirim ki, qısa zaman ərzində rəhbərlik etdiyim müddətdə əldə etdiyimiz uğurlar tək mənim yox, Moldova Azərbaycanlıları Konqresinin bütün üzvləri, xüsusilə  MAK Şurasının üzvü Ramil Adıgözəlov, MAK sədrinin müavini və MAK İdarə Heyətinin sədri Ramiz Ansarov, MAK Şurasının üzvü Zamir Qubadov, eləcə də konqresimizin bütün üzvləri də mənimlə birlikdə addımlayır. Hər zaman öz işlərini, ən əsas Azərbaycan adına görülən bütün layihələri, bütün tədbirləri xüsusi sevgi və həvəslə yerinə yetirirlər. Xüsusi əminliklə qeyd edə bilərəm ki, bundan sonra da Azərbaycanımız üçün əlimizdən gələnləri əsirgəməyəcəyik".

Qeyd edək ki, Moldova Azərbaycanlıları Konqresi 2001-ci ildən Kişinyov şəhərində fəaliyyət göstərir. Konqresin başlıca məqsədi Moldovada yaşayan azərbaycanlıların vahid ideya ətrafında birləşməsi, soydaşlarımızla əlaqələrin genişləndirilməsi, onlar arasında birlik və həmrəylik hisslərinin gücləndirilməsidir. Moldovada yaşayan soydaşlarımız daim bəşəri dəyərlərin və mütərəqqi milli ənənələrimizin, dilimizin, mədəniyyətimizin daşıyıcısı olmuş, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz fəallıqları ilə seçilmişlər. Konqres Mərkəz, Cənub, Şimal, Şərq və Qərb regionları olmaqla, 5 regional təşkilatı özündə birləşdirir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu