“Minalarla bağlı olan xəritələri Ermənistan tərəfindən tələb etmək lazımdır" - Politoloq 

"Bununla bağlı olaraq beynəlxalq auditoriya, beynəlxalq instansiyalara müraciət etmək gərəkdir"

Artıq işğaldan azad edilən torpaqlarımızın minalardan təmizlənməsi işləri həyata keçirilməkdədir. Lakin bşox təəssüflər olsun ki, burada da düşmənin mənfur xisləti özünü biruzə verməkdədir. Belə ki, Ermənistan tərəfi minaların basdırıldığı ərazilərin xəritəsini verməkdən imtina etdiyi üçün, “10 Noyabr” bəyanatından sonra mülki vətəndaşlarımız və hərbi qulluqçularımız həyatını itirib.

Mövzu ilə bağlı “Şərq”ə danışan politoloq İlyas Hüseynov deyib ki, Ermənistan tərəfindən Azərbaycan ərazisində basdırılmış minaların xəritələrinin təqdim edilməməsi bir daha onu göstərir ki, Ermənistan öz xislətinə və terrorçu mahiyyətinə hələ də sadiqdir. Politoloq qeyd edib ki, digər tərəfdən Xocalı qətliamını törətmiş şəxslərdən minaların xəritələrini gözləmək doğru olmazdı:

“Minalarla bağlı olan xəritələri Ermənistan tərəfindən tələb etmək lazımdır. Çünki Ermənistan kapitulyasiya aktına imza atıb. Bununla bağlı olaraq beynəlxalq auditoriya, beynəlxalq instansiyalara müraciət etmək gərəkdir. Beynəlxalq təşkilatlar bu məsələyə diqqət ayırmalıdırlar. Çünki Azərbaycanın bu ərazilərə qayıdışı ilə bağlı böyük planlar həyata keçirilir. Bununla yanaşı olaraq minalardan təmizləmə ilə bağlı xüsusi bir agentlik də təsis olunub. Onların peşəkarlığının artırılması və istehkamçıların çətin relyefə uyğunlaşmaq şəraitində minalardan ərazilərin təmizlənməsi prosesi davam etdirilir”.

Politoloq bir məsələni də vurğulayıb ki, Ermənistan tərəfi 10 Noyabr bəyanatından sonra əraziyə göndərilən terrorçuların tutulması ilə bağlı da artıq bütün beynəlxalq təşkilatlara müraciətlər ediblər:

“Onları hərbi əsirlər ilə eyniləşdirməyə cəhdlər göstərirlər. Lakin onlar terrorçudular və qeyri-qanuni şəkildə Azərbaycan ərazisinə basqın etmiş şəxslər hesab olunurlar. Onların tutulması hərbi əsirlərə şamil olunan normalarla uyğunluq təşkil etmədiyinə görə, onlar Azərbaycan qanunvericiliyinə görə məsuliyyət daşıyırlar. Əgər erməni tərəfi bu şəxslərin aqibəti ilə bağlı beynəlxalq instansiyalara dayanmadan müraciət edirsə və onları tələb edirsə, o zaman Azərbaycan tərəfi də minalanmış xəritələri dəqiqliklə göstərilməsini tələb etməlidir. Fikrimcə, Azərbaycan diplomatiyası bu sahədə daha israrlı və qətiyyətli şəkildə fəaliyyət göstərsə, müsbət nəticəyə nail olmaq mümkün olar. Digər tərəfdən Ermənistan hərbi qulluqçuları əraziləri tərk edərkən də pərakəndə şəkildə minaları basdırıb gedirdilər. Bu da təbii ki, böyük çətinliklər yaradır. Bununla bağlı olaraq rəsmi şəxslər, aidiyyatı orqanlar tərəfindən dəfələrlə vətəndaşlarımıza müraciətlər olunmuşdur. Çünki minaların ərazilərdən tam təmizlənməməsi həyat üçün böyük təhlükədir. Qeyd edim ki, Ottava Konvensiyası piyada əleyhinə minaların istehsalını, onların tətbiqi və saxlanılmasını qadağan edir. Bununla yanaşı “Brüssel Bəyannaməsi”, “Avropada Adi Silahların Məhdudlaşdırılması haqqında Cinah Sazişi”, eləcə də “BMT Baş Assambleyasının 51-45 saylı qətnaməsi” piyada əleyhinə minaların istifadəsini məhdudlaşdırır və qadağan edir. Eyni zamanda adı çəkilən sənədlərə qoşulan bütün dövlətlər, piyada əleyhinə minaların tətbiqinin məhdudlaşdırılması ilə bağlı çağırışlar edirlər. Təbii ki, Ermənistanda hərbi sahəyə rəhbərlik edən şəxslərdə bu xəritələr mövcuddur. Ona görə də, bu xəritələrin Azərbaycana təhvil verilməsini tələb etmək lazımdır”.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu