Ermənistan rəhbərliyi reallığı anlamağa başlayıb

Paşinyan mövcud durumu ictimaiyyətə açıqlamaq üçün doğru zaman seçib

Baş nazir və müdafiə nazirinin açıqlamaları regional sülh və əməkdaşlıq baxımından müsbət irəliləyişlərdir


Ermənistanın Baş naziri Nikol Paşinyan “1in.am”a müsahibəsində öz tərəfdaşlarına və erməni xalqına gərginlik və yeni müharibə deyil, əməkdaşlıq və inkişaf vəd edib. Paşinyan Rusiya vasitəsilə Azərbaycanla təmasların davam etdiyini vurğulayıb. Erməni baş nazir regional layihələrdə Ermənistan dövlətinin və xalqının da maraqlı olduğunu vurğulayıb. Nəhayət, Nikol Paşinyan etiraf edib ki, kommunikasiyaların açılması barədə konstruktiv və qarşılıqlı fayda gətirəcək qərar regiona uzunmüddətli və dayanıqlı sülhü gətirəcək faktorlardandır.

Baş nazirin sözlərinə görə, kommunikasiyalar regionu bir-birinə bağlayır: “Region ölkələrinin hamısı kommunikasiyaların açılmasında maraqlıdır. İstisnasız olaraq hamısı. Rusiya, Gürcüstan, İran, Azərbaycan, Türkiyə, Ermənistan. Aydındır ki, bu maraq eyni zamanda hər bir tərəf üçün ümumi olduğu qədər fərdi xarakter daşıyır”. Paşinyanın fikrincə, 11 yanvar bəyanatından sonra Abxaziya dəmir yolunun açılması, Fars körfəzini Qara dənizlə birləşdirəcək dəmir yolu haqqında müzakirələr fəallaşıb: “Burada doğru istiqaməti seçəcəyi halda Ermənistan üçün strateji əhəmiyyəti olan imkanların olmadığını iddia etmək düz olmaz”. Paşinyan bu açıqlaması ilə rəqiblərinə mesaj göndərir ki, regional layihələrdə iştirak Ermənistanın xeyrinədir. Halbuki, onun rəqibləri, o cümlədən bəzi erməni iqtisadçılar vurğulayırlar ki, guya kommunikasiya xətlərinin açılması Ermənistana fayda gətirməyəcək. Digər tərəfdən baş nazir Sünikdəki duruma da aydınlıq gətirib və vurğulayıb ki, həll edilməsi mümkün olmayan problem yoxdur: “Sünikdə qonşumuzla sərhəd müəyyənləşir. Əlbəttə, bu həmin bölgədə yaşayan vətəndaşlarımızda müəyyən suallar yaradır. Ancaq bir müddət sonra gərginliyin azalacağına inanıram. Biz Sünik bölgəsində sosial və infrastruktur çalışmalarını sürətləndirəcəyik”. Bu açıqlama da ona hesablanıb ki, ermənilər Azərbaycanla qonşuluqda yaşamağa öyrəşməlidirlər.

Beləliklə, Nikol Paşinyan son müsahibəsi ilə müharibədən əvvəlki ritorikasından geri çəkilmiş kimi görünür. Bir vaxtlar Şuşada yallı gedən, “Qarabağ Ermənistandır” deyən şəxs hazırda Azərbaycanla və Türkiyə ilə əməkdaşlıq imkanlarından, kommunikasiya xətlərinin açılmasından danışır. Paşinyan növbəti açıqlamalarının birində Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı  ərazi iddialarının olmadığını da vurğulayarsa, regional əməkdaşlığa real töhfəsini vermiş olacaq. 

Normal düşünməyə başlayan sadəcə Paşinyan deyil. Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan da bəyan edib ki, Naxçıvanla Azərbaycanın qalan əraziləri arasında nəqliyyat dəhlizi Ermənistan üçün heç bir problem yaratmır, əksinə, faydalıdır: “Ermənistan Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyi üçün bütün tələbləri icra edəcək. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti icra edəcək”.

Onu da xatırladaq ki, ötən gün Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirləri Ankaradakı görüşü zamanı Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Ermənistana çağırış etmişdi. Qardaş ölkənin naziri vurğulamışdı ki, bölgədə davamlı sülh və inkişaf üçün tarixi fürsət yetişib. Ermənistan bu fürsəti qaçırmamalıdır: “Ermənistanın sülh yolunu seçməsinə ümid edirik. Türkiyə Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanın hər bir müsbət addımına cavab verəcək”. Ermənistanda hələ də revanşist düşüncədə olanlara baxmayaraq, hesab edilir ki, Yerevan 10 noyabr və 11 yanvar bəyanatlarının kommunikasiya xətlərinin açılması hissəsini yerinə yetirməyə başladıqda istər-istəməz Azərbaycan və Türkiyə ilə regional əməkdaşlıq çərçivəsinə daxil olacaq. 

Ermənistan hakimiyyətinin müsbət dönüşünü “Şərq”ə dəyərləndirən millət vəkili Hikmət Babaoğlu deyib ki, Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra ilk dəfədir ki, kapitulyasiya aktına imza atmış Ermənistanda rəsmi şəkildə  kommunikasiyaların açılmasından danışılır və bu reallıq baş nazir tərəfindən dilə gətirilir. Deputatın sözlərinə görə, bu, özlüyündə yaxşı haldır və Azərbaycanın yaratdığı yeni geosiyasi və geoiqtisadi reallığın Ermənistan tərəfindən qəbul edilməsinin başlanğıcıdır:

“Ancaq bu hələ heç də o demək deyil ki, Azərbaycan dərhal 30 il torpaqlarımızı işğal altında saxlamış, xalqımıza qarşı hərbi cinayətlər, soyqırımlar törətmiş, tarixi, dini və mədəni abidələrimizi yerlə-yeksan etmiş bir ölkə ilə dərhal əməkdaşlığa başlayacaq. Üstəlik, hamımıza məlumdur ki, Ermənistanda hələ də revanşist qüvvələr, terrorçu birləşmələr var və onlar bizdən qisas almaq kimi faşist düşüncələrdən hələ də əl çəkməyiblər. Ancaq bununla belə biz həm də başa düşürük ki, Cənubi Qafqaza davamlı və uzunmüddətli sülhün gəlməsi, yeni qarşılıqlı faydalı regionla əməkdaşlıqdan keçir. Bunun üçün ən yaxşı başlanğıc üçtərəfli razılaşmada göstərildiyi kimi yol-nəqliyyat və enerji kommunikasiyalarının açılması ola bilər. Ermənistanın Baş naziri Nikol Paşinyan da elə bu məsələlərin aktuallığına toxunaraq onun ermənilərin mənafeyi baxımından da aktual olduğunu dilə gətirib”. 
Parlament üzvü vurğulayıb ki, Paşinyan mövzu ilə bağlı publik açıqlama vermək üçün doğru zaman seçib: “Çünki bu tipli açıqlamaları bir qədər əvvəl versəydi, erməni ictimai rəyi buna hazır olmayacaqdı. Elə buna görə də real addımların atılması daha da çətinləşəcəkdi. Ancaq İrəvanda keçirilən 20 fevral mitinqlərindən sonra Paşinyan bir daha əmin oldu ki, onun xeyli sayda tərəfdarı var və yeni reallığı Ermənistanda qəbul edənlərin sayı hər gün daha çox artmaqdadır. Mitinq ərəfəsində keçirilən rəy sorğusunda Paşinyanın hakimiyyətdə qalmasını istəyənlərin təqribən 34 faizə çatması baş naziri belə açıq danışmağa cəsarətləndirən faktorlardan biri oldu. Mövcud reallığı ən yaxşı bilənlərdən biri də Ermənistanın müdafiə naziridir ki, o da Paşinyanın açıqlamalarına bənzər fikirlər söyləməklə əslində öz baş nazirini dəstəklədi. Və nəhayət, Ermənistan rəhbərliyi region dövlətlərinin hamısının əməkdaşlıqda maraqlı olduğunu dilə gətirməklə ilk dəfədir ki, onların da mənafeyini qəbul etməyin zərurəti ilə bağlı reallığı dilə gətirdi. Bütün bunlar isə regional sülh və əməkdaşlıq baxımından müsbət irəliləyişlərdir. Azərbaycanın da məqsədi regionumuzda uzunmüddətli və davamlı sülhə nail olmaqdır”. 

Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov da “Şərq”ə bildirib ki, rəsmi Yerevandan səslənən sağlam düşüncəli bəyanatlar ermənilərin Azərbaycana qarşı düşmənçilik münasibətlərinin dəyişdiyi anlamına gəlmir. Analitikin sözlərinə görə, çıxılmaz vəziyyətə düşmüş Ermənistan rəhərliyi yeganə qurtuluşun rəsmi Bakının, Ankaranın və indiki halda Rusiyanın tələblərinə əməl etmək olduğunu yaxşı dərk edir:

“Yerevan hökuməti, konkret baş nazir Nikol Paşinyan anlayır ki, Cənubi Qafqazda kommunikasiyalar, nəqliyyat dəhlizləri açılmasa, erməni dövlətinin və cəmiyyətinin nəfəsi tamamilə kəsiləcək. Müharibə Ermənistanı çökdürdü, hökumət də, xalqda bərbad duruma düşüb. Görünür, Paşinyan mövcud durumu doğru-düzgün dəyərləndirməyə başlayıb. Əslində erməni müxalifəti də bölgədəki reallığın, Ermənistanın acınacaqlı məğlubiyyətinin fərqindədir. Sadəcə hakimiyyətə gəlmək məqsədi ilə boş, mənasız şüarlar səsləndirirlər. Niyyətləri baş naziri devirməkdir. Ermənistan dalana dirənib, ölkə təcrid vəziyyətdədir və iqtisadiyyat məhv olub. Xalqın dirçəlişi və rifahı üçün qonşularla normal münasibət qurulmalı, sərhədlər açılmalı, nəqliyyat dəhlizləri fəaliyyət göstərməlidir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, artıq münaqişəyə son qoyulub və yeni səhifənin açılması üçün işlərə başlanılıb. Acınacaqlı durumda olan Ermənistana da əl uzadırıq. Deyirik ki, əgər normal həyat yaşamaqda maraqlıdırlarsa, o halda kommunikasiyaların bərpasına əngəl törətməsinlər. Regionda sülh və sabitliyin yaranmasına dəstək versinlər. Sağlam düşüncəyə malik olan hər bir şəxs, toplum bu cür humanist təklifləri geri çevirməməlidir”. 

Professor vurğulayıb ki, Rusiya Paşinyandan sonra Ermənistanda Moskvaya yaxın siyasi qüvvənin hakimiyyətə gəlməsində maraqlıdır:

“Erməni müxalifəti revanşist çıxışlar edir. Sözün açığı, belə məqamda revanş təfəkkürdə olanları anlamıram. Axı revanş deyəndə nəyi nəzərdə tuturlar? Məgər erməni ordusu bundan sonra müharibə aparmaq gücündədirmi? Savaşla yenidən torpaqlarımızı, Şuşanı işğal edə bilərlərmi?! Azərbaycan dövləti erməni xalqına Qarabağda yaşamaq şansı verib. Xankəndi və ətrafında elə indi də ermənilər məskunlaşıb. Gücümüz çatdığı halda onları torpaqlarımızdan qovmamışıq. Ermənistandakı müxalif qüvvələrin revanş cəhdləri gurultulu şüarlardan başqa bir şey deyil. Məqsəd odur ki, öz ətraflarına daha çox kütlə toplasınlar və Paşinyana qarşı etirazı artırsınlar. Ermənistan tərəfi, hətta Paşinyandan sonra hakimiyyətə gələcək siyasi qüvvələr belə 10 noyabr və 11 yanvar anlaşmalarının nüvəsini dəyişmək iqtidarında deyil. Maksimum halda hansısa müddəada kiçik dəyişiklikdə israr edə bilərlər, vəssalam. Çünki üçtərəfli razılaşmalar, sadəcə rəsmi Bakını deyil, Rusiya, Türkiyə və hətta İranı da bağlayır. Bütün qonşu ölkələr regionda kommunikasiyaların açılmasında maraqlıdırlar”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu