"Qarabağda müharibə təhlükəsi hələ qalmaqdadır" - MÜZAKİRƏ

Ərəstun Oruclu: "Məhz bu səbəbdən də minalanmış sahələrin xəritələrinin Azərbaycana verilməsinə tələsmirlər"

"Rusiya Qarabağ ermənilərini və Qarabağdakı separatçıları dirçəltməkdə davam edir"

"Mümkündür ki, Rusiya Qarabağdakı ermənilərə ikili vətəndaşlıq verməyə hazırlaşır"

"Biz azərbaycanlılarla ermənilərin birgə yaşayışını düşündüyümüz halda, qarşı tərəf tamamilə fərqli planlar cızır"

Ermənilərin Xankəndidə “Dirçəliş günü”nü qeyd etməsi bəzi məsələləri yenidən gündəmə gətirdi. Əslində Xankəndidəki separatçılar və siyasi avantüristlər şəhərin mərkəzi küçələrinə çıxaraq həmişəki kimi yerli erməniləri ələ salmaqla məşğul oldular. Maraqlı məqamlardan biri də əynində Qarabağdakı Rusiya sülhməramlı kontingentinə məxsus geyim olan keşiş idi...
44 günlük müharibə və onun nəticələri koçaryanlar, sarkisyanlar və paşinyanlar üçün elə soyuq duş effekti yaratdı ki, hələ də özlərinə gələ bilmirlər. Bu olanlardan sonra erməni cəmiyyətində gərginlik üstünə gərglinliklər yaşandı. Separatçı rejim Ermənistandakı xaosu dəf etmək, xalqın “gözündən pərdə asmaq” üçün çırpınırlar.

Bölgədəki durumlarla bağlı tanınmış politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu “Şərq”in suallarını cavablayıb.

- Xankəndidəki son proseslər barədə nə düşünürsüz?

- Ermənilərin “Dirçəliş günü” tədbirini keçirməklərinin başlıca səbəbi Azərbaycana və dünyaya mesaj verməkdir. Yəni “Biz əvvəlki mövqeyimizdə qalmışıq, Qarabağ Azərbaycanın tərkib hissəsi deyil, ermənilər Azərbaycanın tərkibində yaşamaqla heç vaxt razılaşmayacaqlar. Qondarma dövlətimizi qurmaqda davam edəcəyik”. Təbii ki, belə tədbirin keçirilməsi ağır məğlubiyyətdən sonra əhalidə müəyyən əhval-ruhiyyə, ümid yaratmağa yönəlib. Hazırda Ermənistanda, o cümlədən Qarabağdakı erməni icmasında məğlubiyyətdən irəli gələn ağır ruh düşkünlüyü var. Ona görə çalışırlar ki, bu əhvalı aradan qaldırıb, əhalini mübarizəyə kökləsinlər. Mübarizəni necə və hansı formada aparacaqlarını isə zaman göstərəcək. 

- Tədbirin rus sülhməramlıların müşayiəti ilə keçirilməsinə nə deyirsiz?

- Rus komandanlığı Qarabağdakı qondarma erməni rəhbərliyinə desəydi ki, belə tədbiri keçirməsinlər, onlar heç bir halda Rusiyanın tələblərinə qarşı çıxa bilməzdilər. Lakin görünən odur ki, Rusiyanın özü bu məsələdə maraqlıdır. Bundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər.

- Ermənilər Xankəndidə rus dilini də dövlət dili elan etdilər. Bu, nəyə hesablanıb?

- Bu çox təhlükəli tendensiyadır. Pis bir sxemin izi görünür. Vaxtilə belə addımlar Abxaziyada, Cənubi Osetiyada və Krımda həyata keçirilib. Nəticədə hər üç bölgə Rusiyanın nəzarətinə keçib. Yəni mümkündür ki, Rusiya Qarabağdakı ermənilərə ikili vətəndaşlıq verməyə hazırlaşır. Rusiya sülhməramlıları adlandırdığımız hərbi hissələrin Qarabağa yerləşdirilməsinin məqsədi başqadır. Söhbət heç də sülhməramlı missiyadan getmir. Onlar hərbi təlimlər və humanitar proqramlar həyata keçirirlər. Faktiki olaraq Rusiya dövlət və hakimiyyət orqanlarının Qarabağda nümayəndəliklərini yaradırlar. Bu, heç bir halda sülhməramlı anlaşması çərçivəsinə sığmır. Belə yanaşma Rusiyanın bölgədə möhkəmlənməsinə yönəlmiş bir addımdır. Nəticə etibarı ilə bunun davamı da gələ bilər. Sonda Qarabağ erməniləri ikili vətəndaşlıq statusuna keçər: Bir tərəfdən Ermənistan, digər tərəfdən isə Rusiya vətəndaşlığı. Hər iki ölkədə ikili vətəndaşlıq proseduru kifayət qədər sadələşdirilib. Postsovet məkanında doğulub yaşayan əhalinin Rusiya vətəndaşlığı alması asandır. Rus dilinin rəsmi dil kimi elan edilməsi bu kimi təhlükələrə səbəb ola bilər.

- Ermənistanın revanş götürmə və ordu yaratmaq iddiaları da gündəmədir. Hətta bunu özləri səsləndirirlər. Effektli işlər görə bilərlərmi?

- Bu proses 2020-ci il noyabrın 10-dan sonra başlayıb. Faktlarla sübut olundu ki, 10 noyabr üçtərəfli bəyanatına əsasən Rusiya sülhməramlıları erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasını təmin etməli olduğuna rəğmən tam əksinə fəaliyyət göstərirlər. Rus sülhməramlı qüvvələri bölgədə mina və qumbara atanlardan istifadə etməklə təlim keçir, bunu açıq şəkildə mediada işıqlandırırlarsa, onların niyyəti və Azərbaycana təzyiq istəyi göz önündədir. Çünki nə mina, nə də qumbara atanlar, sülhməramlı missiyasını həyata keçirən silahlı birləşmələrin arsenalına daxil olan silahlar deyil. O cümlədən Rusiya erməniləri silahlandırmaqla növbəti dəfə bölgə ilə bağlı hələ həyata keçirə bilmədiyi vəzifələri onlara dəstək verməklə etmək istəyirlər. Çünki rus hərbi birləşmələri özləri birbaşa olaraq bu işdə iştirak edə bilməz. Söhbət ilk növbədə bir neçə yaşayış məskəninin Azərbaycan Ordusunun nəzarətindən geri alınmasından gedir. O cümlədən Şuşa, Hadrut və Kəlbəcərin, eyni zamanda Cəbrayıl ərazisindən İrana keçən nəqliyyat dəhlizinin, Xudafərin qovşağının ələ keçirilməsindən gedir. 

- Bəs buna nail ola bilərlərmi?

- Xeyr, düşünmürəm ki, bacarsınlar. Hətta Rusiyanın dəstəyi olsa da edə bilməzlər. Əvvəla ona görə ki, artıq Azərbaycan Ordusu gücünü göstərib. İkincisi, dövlətimiz tək deyil, Türkiyə yanımızdadır. Bizi hərbi və siyasi cəhətdən dəstəkləyən başqa ölkələr var. İstənilən belə addım təkcə Ermənistana yox, Rusiyanın özünə qarşı ciddi və beynəlxalq təpkilərə səbəb ola bilər.

- Ermənistan azad etdiyimiz ərazilərdə minalı sahələrin xəritəsini verməməkdə israrlıdır. Rusiya isə bu problemi həll etməkdən boyun qaçırır. Məqsəd nədir?

- Rusiya Qarabağ ermənilərini və Qarabağdakı separatçıları dirçəltməkdə davam edir. Belə görünür ki, müharibə təhlükəsi hələ qalmaqdadır. Məhz bu səbəbdən də minalanmış sahələrin xəritələrinin Azərbaycana verilməsinə tələsmirlər. Rusiya tərəfi isə erməniləri xəritəni verməyə məcbur etmir. Halbuki, söhbət “sülh” və Qarabağda inteqrasiya prosesindən gedirsə, bunu etməlidirlər. Belə görünür ki, bütün bunlar söz xatirinə deyilib və baş aldatmaqdır. Xəritənin verilməməsi Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə hərəkətini məhdudlaşdırmaq, bərpa və abadlıq işlərinin gecikdirilməsinə xidmət edən, həmçinin itkilər yardan bir məsələdir. Bunların hamısı Azərbaycan dövlətinin suverenliyinə qarşı atılan addımlar olmaqla yanaşı, həm də mümkün və yeni müharibə təhlükəsindən xəbər verir.

- Bəs, Azərbaycan tərəfi hansı işlər görə bilər?

- Azərbaycanın ata biləcəyi yeganə addım rus sülhməramlıları və Rusiya dövlətindən həmin xəritələri tələb etməkdir. Hüquqi baxımdan beynəlxalq qurumlara müraciət edə bilmərik. Çünki Rusiya sülhməramlıları Qarabağ ərazisinə beynəlxalq təşkilatların qərarı ilə yeridilməyib. Bu, üçtərəfli və adi bir bəyanat əsasında olub. Bəyanatın beynəlxalq sülhməramlı mandatı yoxdur ki, həmin mandatı verən beynəlxalq təşkilat istər ruslara, istərsə də ermənilərə təsir göstərsin.

- Gündəmdə olan əsas məsələlərdən biri də azərbaycanlılarla ermənilərin birgə yaşayışıdır. Belə bir şey mümkündür?

- Biz azərbaycanlılarla ermənilərin birgə yaşayışını düşündüyümüz halda, qarşı tərəf tamamilə fərqli planlar cızır. Birgə yaşayış yaxın müddətdə bir neçə məsələ həllini tapana qədər, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin statusu, onların Azərbaycan vətəndaşlığını qəbul etmək istəməsi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, ölkəmizə ərazi iddialarından imtina etməsi və Rusiyanın bu prosesə səmimi dəstək verməsi şərtləri ilə mümkündür. Hələlik bunun üçün heç bir zəmin yoxdur, hansısa şərtə əməl olunmur. Düşünürəm ki, Qarabağda yeni müharibə təhlükəsi var.
Ona görə də birgə yaşayış kimi məsələlər barədə ciddi düşünməyimizə heç bir əsas yoxdur. Fikrimcə, ciddi olaraq birgə yaşayışı düşünmək hələ xeyli dərəcədə tezdir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu