“Ermənilər rus qoşunlarının Zəngəzurda yerləşməsini xahiş edirlər”

Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında bir sıra mühüm məqamlara toxunub. O, həmçinin Ermənistanın revanşist meyillərindən də danışaraq bildirib ki, düşmən qisas həvəsinə düşsə bu, ona baha başa gələcək: “Ermənistanın siyasi dairələri anlamalıdır ki, hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır.
Biz hər hansı ciddi bir təhlükə görsək, dərhal cavab verəcəyik. Ona görə də xəbərdarlıq edirəm ki, qisas cəhdləri olmamalıdır. 10 noyabr bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır. Tədricən, addım-addım sülh regiona gələcək”.

Yəni Ermənistan nə qədər ki, gec deyil, ağlını başına yığmalı, konstruktiv siyasət yeritməyə başlamalıdır. Millət vəkili, politoloq Rasim Musabəyov rəsmi İrəvanın intiqam meyilləri barədə “Sherg.az”a danışdı:

 “Müharibəyə başlamaq üçün heç bir imkanları yoxdur. Ermənilər qorxudan rus qoşunlarının Zəngəzurda yerləşməsini xahiş edirlər. Belə olan halda hərbi əməliyyatları necə bərpa edə bilərlər? Yox, əgər “dəlilik” eşqinə düşərlərsə, biz onları “ağıllandıracayıq”. Bundan əmin olsunlar”.