Ermənistan minalı ərazilərin xəritəsini vermir: “Böyük cinayət”

Müharibələr tarixinin ən acınacaqlı statistikalarından biri mülki şəxslərin minalardan əziyyət çəkməsidir. Beynəlxalq təcrübəyə əsasən, münaqişələr bitdikdən sonra əksər hallarda minalı sahələrin xəritələri qarşı tərəfə təqdim edilir ki, gələcəkdə mülki əhali bundan zərər görməsin. Ermənistan isə 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının minalanmış xəritələrini nəinki təhvil vermir, hətta bu ərazilərdə hər yeri, hərbi təyinatı olmayan torpaqları belə minalayır.

Təbii ki, burada məqsəd mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasına nail olmaqdır. 
Yaxın keçmişə nəzər salsaq, Birinci Qarabağ müharibəsində minlərlə dinc sakinin hərbi məqsədlər üçün basdırılmış minaların qurbanı olduğunu görə bilərik. İkinci Qarabağ savaşı sona çatıb. Lakin Azərbaycan tərəfi nə qədər çalışsa da, minalı sahələrin xəritəsini əldə edə bilmir. Ermənistan xəritəni verməkdən boyun qaçırır. 

Prezident İlham Əliyev də bu gün keçirilən mətbuat konfransında bildirib ki, əsas çətinlik minalardan təmizləmə ilə bağlıdır:

“Çünki Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər”

Belə olan halda dövlətimiz alternativ olaraq hansı tədbirlər görə bilər?



Sualımızı cavablandıran millət vəkili Ramil Həsən “Sherg.az”a vurğulayıb ki, Qarabağda inkişaf strategiyası və əhalinin ora qayıtması üçün əsas əngəl həmin ərazilərin minalardan təmizlənməməsidir. 

Deputatın sözlərinə görə, şübhəsiz ki, vətəndaşlarımızın azad edilmiş ərazilərə gec qayıtması müəyyən güc və qüvvələrə sərf edir:

“Bu, beynəlxalq hüquq nöqteyi cəhətdən çox kobud qanun pozuntusudur. Müharibə bitdikdən sonra qarşılıqlı şəkildə addım atılır və minalardan təmizlənmə prosesi üçün sənədlər qalib  ölkəyə təqdim edilir. Təəssüf ki, Ermənistan bunu etmir və böyük bir cinayətə yol verir”.

Parlament üzvünün fikrincə, Azərbaycan tərəfi belə olan halda ilk olaraq İsrail və Türkiyə ilə, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığını gücləndirməlidir:

“Dövlətimiz həmin ölkələrin minalı ərazilərin təmzilənməsi təcrübəsindən istifadə edə bilər. Vaxt itirməmək üçün hazırda türkiyəli mütəxəssislər ölkəmizə gəliblər.

Onsuz da bu proses davam edir. Azad olunan kəndlərdə müxtəlif layihələrin həyata keçirilməsi minalar təmizlənməmiş necə mümkün ola bilər? Ona görə də dövlətimiz üzərinə düşən imkanlardan maksimum istifadə edərək minalardan təmizləmə işini görməlidir.

Lakin real bir həqiqət var: Xəritə Azərbaycana təqdim olunsaydı, bu iş qısa müddətdə bitərdi. Beləliklə, kommunikativ nəqliyyat yollarının açılması, mülki əhalinin sağ-salamat qayıtması baş tutardı.

Azərbaycan yanvarın 15-də Avropa məhkəməsinə müraciət edərək Ermənistanın vandalizm siyasəti ilə bağlı maddi və mənəvi təzminat tələb edib. Eyni zamanda basdırılmış minaların yerini göstərməməkdə israr edən Ermənistana beynəlxalq müstəvidə iddia qaldıra bilərik.

Azərbaycan, Türkiyə və Rusiya arasında münasibətlər hər gün yeni iqtisadi və siyasi platforma çərçivəsində davam edir. Bunu nəzərə alsaq, minalı ərazilərin xəritəsinin Ermənistandan alınması üçün Rusiyanın mövqeyindən istifadə edə bilərik.
Bu məqamlar bir-birini tamamlamalıdır ki, bölgədə sülhə və təhlükəsizliyə xidmət edən işlər həyata keçirilsin”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu