Deputat:“Sona qədər apardığımız mübarizə bizi məqsədimizə çatdırdı”

"Xocalı soyqırımının 29-cu ildönümüdür, biz şəhidlərimizin, faciə qurbanlarının qisasını almışıq. Prezident İlham Əliyevin söylədiyi kimi, biz bu illər ərzində bütün gücümüzü səfərbər etdik, ardıcıl siyasət apardıq, beynəlxalq müstəvidə, iqtisadi sahədə, qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində böyük işlər gördük"

Bu barədə "Sherg.az"a millət vəkili Könül Nurullayeva bildirib. O qeyd edib ki, bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib torpaqlarımızı işğaldan azad etdi:

Azərbaycan 30 il ərzində Ermənistanın işğal siyasətinə qarşı bütün cəbhələrdə mübarizə aparıb. Soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində intensiv işlər görülüb. Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycanın haqq səsi dünyaya çatdırılmaqdadır. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib. 63-ü uşaq olmaqla 613 nəfərin xüsusi amansızlıqla qətlə yetirildiyi bu bəşəri cinayət 20-ci əsrin ən qanlı soyqırımlarından biri kimi təsdiqlənib".

Millət vəkili onu da əlavə edib ki, əslində bu illər ərzində bütün dünya Azərbaycanın haqlı tərəf olduğunu anlayırdı. Sadəcə, əksər hallarda ikili standartlar bəzi siyasi dairələrin bu reallığı etiraf etməsinə mane olurdu:

"İşğalçıya açıq dəstək bölgədə ədalət balansının pozulmasına səbəb olmuşdu. Azərbaycan belə mürəkkəb şəraitdə bütün müstəvilərdə mübarizə apararaq, ərazi bütövlüyünün təmin olunması və haqq səsimizin dünyaya çatdırılması istiqamətində bir addım da olsun geri çəkilmədi. Sona qədər aparılan mübarizə bizi əsas məqsədimizə çatdırdı.

44 günlük Vətən Müharibəsində bir daha bütün dünya gördü ki, əgər iradə və güc varsa haqq-ədalət öz yerini tapır. Azərbaycan Ordusu və Azərbaycan xalqı  bu reallığı nümayiş etdirdi. Biz azərbaycanlılara qarşı törədilmiş bu soyqırımın dünyaya təqdim olunması istiqamətində bundan sonra da yorulmadan çalışmalıyıq.

20-ci əsrin ən dəhşətli faciəsinin bir daha təkrarlanmaması üçün Xocalıya ədalət sona qədər dünyanın şüarı olmalıdır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aygün Tahirqızı Yazarın yazıları
menu
menu