“Dostluq” yatağı iqtisadi düzəni tənzimləyəcək

Türkmənistanla əməkdaşlıq regionda strateji münasibətlərin yeni mərhələyə qədəm qoymasına imkan yaradacaq

Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanmasını birmənalı olaraq tarixi əhəmiyyətli hadisə adlandırmaq olar.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov vurğulayıb ki, “Dostluq” adlandırılan bu yataq 32 il  idi ki, ölü kapital statusunda saxlanılırdı: “Belə ki, 1989-cu ildən Azərbaycan neftçiləri tərəfindən kəşf edilsə də, Azərbaycan tərəfindən “Kəpəz”, Türkmənistan tərəfindən isə “Sərdar” adlandırdığı bu yatağın potensialından istifadə edilmirdi. Azərbaycan tərəfi zaman-zaman bu yatağın istifadəsi ilə bağlı qarşı tərəfə daha güzəştli, əlverişli şərtlər daxilində yatağın birgə işlənməsi üçün prinsipial həll yolları təklif edirdi. Amma Xəzərin status da daxil olmaqla müxtəlif səbəblərdən, bu istiqamətdə anlaşma əldə edilmirdi. 2018-ci ildə Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanması yataq probleminin həllini sürətləndirdi. Nəhayət, uzun illərdən sonra ötən ay Azərbaycan və Türkmənistan Hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı”. 

E.Əmirov qeyd edib ki, yatağa “Dostluq” adının verilməsi  düzgün yanaşmadır:

“Adından göründüyü kimi, iki ölkə arasında münasibətlərin inkişafının qorunmasına xidmət edən bir faktor rolunu oynayır. Yatağın bizim üçün olan əhəmiyyətinə gəldikdə isə bu təkcə ölü kapitalın aktiv kapitala çevrilməsilə deyil, ümumilikdə Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Bir müddət əvvəl tam hazır vəziyyətə gətirilib və istifadəyə verilmiş Cənub Qaz Dəhlizinin aktuallığını artırmış olur. Neft-qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artırır. Yatağın ehtiyatlarına və onun bölgüsü haqqında danışarkən bəzən bu bölgünün niyə 30:70 nisbətində Türkmənistanın xeyrinə olması ilə bağlı suallarla qarşılaşırıq. Amma qeyd etmək istəyirəm ki, bu sadəcə kortəbii bölgü deyil. Bu nisbətin əldə edilməsi üçün o yataqların geoloji quruluşu, coğrafi koordinatları, Xəzər dibinin bölüşdirilməsi və s. kimi ciddi prinsiplərin nəticəsi olaraq alınmış bölgüdür. Hazırkı mövcud geoloji kəşfiyyat məlumatlarına görə bu yatağın neft ehtiyatı 60 milyon ton, qaz ehtiyatı isə 100 milyard kub metr olaraq qiymətləndirilir. Razılaşdırılmış bölgüyə əsasən Azərbaycanın payı 18 milyon ton neft, 30 milyard kub metr qaz olaraq hesablaya bilirik. Lakin bu informasiya nisbi xarakter daşıyır və əlavə ehtiyatların mövcudluğu ehtimalı qalmaqdadır. Amma burada daha böyük fayda Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasındadır. Bu yatağın birgə işlənməsi həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək və regionda strateji münasibətlərin yeni mərhələyə qədəm qoymasına imkan yaradacaq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu