Təhsil harda, necə axsadı?

Milli qiymətləndirmə şagirdləri sistemli araşdıracaq

5-12 mart tarixlərində III, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirmə təşkil ediləcək. Təhsil Nazirliyindən verilən məlumata görə, məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir. 7000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulan milli qiymətləndirmə əyani formada təşkil olunacaq. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçiriləcək.

Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

Təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında qeyd edib ki, sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin məqsədi etibarlı məlumatların toplanması, təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir. O bildirib ki, şagirdlərin təlim nəticələri haqqında toplanmış məlumat sistemli olmadıqda müəyyən prinsiplərə - məlumatın toplanması, təhlili, istiqamətlərin müəyyənləşdirilməsi, problemlərin həllinə əsaslanmış monitorinqin aparılmasında da çətinliklər yaranır:

"Qeyd edim ki, əsas məqsəd şagirdlərin təlim nəticələrinə təsir edə bilən amilləri öyrənməklə yanaşı təhsilin vəziyyəti haqqında məlumat toplamaq, perspektivləri, gələcək fəaliyyəti müəyyənləşdirməkdir. Milli qiymətləndirmə də sistemli araşdırmanın tələblərinə cavab verən tədqiqatdır". 
K.Əsədov əlavə edib ki, əgər milli qiymətləndirmənin əsas məqsədi təhsilə təsir edən  konkret bir faktı öyrənməkdirsə, tədqiqat sualı da özündə bu problemi əks etdirir: "Məsələn, xüsusi məqsəd şagirdlərin sosial bilik və bacarıqlarını yoxlamaqdırsa, qiymətləndirmə vasitələrində tətbiqi tapşırıqlara yer ayrılır. Şagirdin məişətdə davranışını, hesablama qabiliyyətini, texniki vasitələrdən istifadə bacarığını, fikrini ifadə edə bilməsini və ümumiyyətlə, həyati bacarıqlarını yoxlayan qiymətləndirmə vasitələri ilə təhsil standartlarına diaqnoz qoyulur. Onların bu sahədə gələcək fəaliyyəti müəyyənləşdirilir. Qeyd edim ki, əvvəllər qiymətləndirmə ənənəvi qaydada keçirilsə də, pandemiya səbəbindən 19 dekabr 2020-ci ildə bu qiymətləndirmə onlayn qaydada həyata keçirildi. Bu zaman ciddi şəkildə kənar müdaxilələr oldu və vəziyyət heç də ürəkaçan olmadı. Belə ki, pandemiyaya görə, onlayn qaydada aparılan milli qiymətləndirmə bir çox təhsil iştirakçısının dili ilə desək, sanki “milli köçürmə, köməkləşmə günü”nü xatırlatdı. Apardığımız monitorinqlərdən belə məlum olur ki, onlayn formada həyata keçirilən imtahanda şagirdlər arasında kənardan kömək alaraq sualları cavablayanlar kifayət qədər çox olub. Bu işdə onlara qohumlar, valideynlər, tanışlar, bəzi hallarda müəllimlərinin özü də köməklik göstərib".

K.Əsədov vurğulayıb ki, daha bir məqam isə imtahan günü yaşanan texniki problemlərlə bağlı olub:

"Belə ki, şagirdlər dərslərinə bir neçə aydır “Virtual məktəb” platformasından davam etsələr də, əvvəlcədən təlimatlandırma olmadığına görə imtahan günü çaşqınlıq içində qalanlar da olub. Eyni zamanda da bir sıra yerlərdə internet, işıq problemi yaşanıb, şagirdlər testləri tamamlaya bilməyiblər. Birmənalı şəkildə qeyd edirəm ki, bu qiymətləndirmə şagirdlərin orta məktəb qiymətlərinə hər hansısa formada təsir göstərmir".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu