İran haqqa dönübsə, nə yaxşı...


Fazil Mustafa: "Keçmişdəkilər keçmişdə qalıb, indi Tehran bizimlə əlaqələri genişləndirməyə çalışır"

"Azərbaycan Respublikasının müdrik xalqının və cəmiyyətinin diqqətinə çatdırırıq ki, İranın Azərbaycandakı səfirliyi üçüncü bir ölkənin KİV-lərinə istinadən yayılan "İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb və bu ölkəyə silah və yanacaq verib" xəbərlərini qətiyyətlə təkzib edir". Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlik bildirir ki, İslam İnqilabının Ali Rəhbərinin və İslam Respublikasının yüksək vəzifəli rəsmilərinin Azərbaycan Respublikasının mövqelərini açıq şəkildə dəstəkləmələri və işğalı qınamaları ilə bağlı açıq mövqeləri hamıya aydındır və bu mövqe dəfələrlə Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri tərəfindən müsbət qiymətləndirilib.

İran səfirliyi əlavə edir ki, Azərbaycan Respublikasının müdrik xalqı da son müharibə zamanı İran və Ermənistanın quru və hava sərhədlərinin bağlanması xəbərindən məlumatlı idi: "Bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də bəyan olunub. Azərbaycan Respublikasının möhtərəm Prezidenti də İrandan silah aldıqlarını açıqlayıb: “İndi İranla bir növ təbliğat qarşıdurmasında iştirak edən üçüncü bir ölkə mənbəyinə istinadən yayılan təhrikedici xəbərlər tamamilə yalandır və tərəfimizdən təkzib olunur. İran, Dağlıq Qarabağ müharibəsinin həssas dövründə Azərbaycan Respublikasına siyasi və hərbi dəstək verib. İki millətin tarixi, mədəni və dini ortaqlıqlarını nəzərə alaraq, İran və Azərbaycan xalqlarının dostluğu əbədidir və heç bir qüvvə bu cür hərəkətləri ilə ona xələl gətirə bilməz”.

Qonşumuz danışdı, məsələyə dırnaqarası aydınlıq gətirdi. Amma görünən odur ki, İranın qeyd etdiyi "üçüncü ölkə" haradırsa o, həqiqətən də haqlıdır. Baxmayaraq ki, o zaman sərhədlər bağlı idi, biz İranın Ermənistana necə lazımdır dəstək verdiyini müharibənin gedişatında əldə olunan faktlardan da bilirik. 

Bəli, İran bir qədər sonra Ermənistana hərbi və humanitar yardım göndərməyi dayandırdı. Lakin bu, ölkə prezidentinin və qardaş Türkiyənin siyasi səyi nəticəsində baş verdi. 

Amma yaxşı ki, İran bu çağırışlardan nəticə çıxararaq haqq yoluna qayıtmağı bacardı.

Lakin Azərbaycan xalqının da İranın "nağıllarını" dinləməyə nə səbri, nə də inamı qalıb. Bizim üçün lazım və əsas olan yeni reallıqlardır. 

Mövzuyla bağlı millət vəkili Fazil Mustafa "Şərq"ə danışarkən bildirdi ki, müharibə zamanı İran Ermənistan tərəfinə yardımlar etsə də bu artıq keçmişdə qalıb və hazırda onlar siyasətini dəyişib bizimlə əlaqələri genişləndirməyə çalışır:

"İndiki vəziyyətdə bizim İranla münasibətlərimiz normaldır. Qarabağ savaşından sonra da İran bölgədə kommunikasiya xətlərinin açılmasını, ümumiyyətlə, inteqrasiya proseslərində öz təklifləri ilə çıxış etdi. 
Səsləndirilən mesajlar bizim üçün qaneedici mesajlar oldu. Yəni ən azından İran kimi bir dövlətin bu proseslərdə iştirak etməsində bizim də marağımız var. 

İndi Ermənistana hər hansı şəkildə etdiyi yardımlar məncə geridə qaldı. Əgər İran öz siyasətində dəyişiklik edirsə və Azərbaycanla normal münasibətlər qurmağa çalışırsa, biz bundan imtina etməməli, əksinə, normal yanaşmalıyıq. 

Keçmişdə olan münasibətləri xırdalamaq bir məna vermir, bizə konkret indiki situasiyada olan münasibətlər daha vacibdir". 

Ağarza Elçinoğlu

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu