Bakı-Sumqayıt yolundakı tıxacı birdəfəlik həll etmək olar


Ən ideal variant "Koroğlu"dakı asma körpünün kiçik modelini Xırdalan dairəsində qurmaq idi

Bakı-Sumqayıt magistralında yolun genişləndirilməsi ilə bağlı görülən tədbirlər də bir nəticə vermədi.

Nəticədə isə səhər saatlarında yolun Sumqayıtdan Bakıya gələn hissəsi, axşama yaxın isə Bakıdan Sumqayıta gedən tərəfində böyük tıxaclara səbəb olur.

Demək olar ki, hər gün eyni vəziyyət yaşanır və bu proses davam edir.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Şərq"ə bildirdi ki, əslində problemin köklü həll edilməsi üçün fikir bildirilib, amma Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ənənəyə sadiq qalaraq işi yarımçıq gördü:

"Bakı-Sumqayıt yolunda görülən işlər qismən də olsa öz nəticəsini verdi. Amma təəssüf ki, verilən təkliflərə baxılmadı. Şəxsən mən özüm problemin köklü şəkildə həll edilməsi üçün  dəfələrlə təklif irəli sürmüşəm.
Belə ki, məsələni köklü həll etmək üçün "Koroğlu" metrosunun yaxınlığındakı asma körpünün kiçik modelini Xırdalan dairəsində qurmaq lazım idi.

Həmin körpü orda olsa Sumqayıt istiqamətində hərəkət edib Xırdalana dönmək istəyənlər həmin yoldan maneəsiz keçid edə bilərlər. Amma bunu etmədilər. Əvəzində zolaqlar genişləndirildi. Lakin yenə də bəzən tıxacın uzunluğu ekologiya postuna qədər çatır.

Bəzi sürücülər də qabağa düşmək üçün kobud şəkildə manevr qaydalarını pozurlar. Yəni problemin əsası sırf Xırdalana ayrılan yolun düzgün istifadə olunmamasıdır.

Biz təklif elədik ki, vəsait ayrılırsa, yol bir dəfə bağlanırsa, problem birdəfəlik həll edilsin. Amma AAYDA ənənəyə sadiq qalaraq işi yenə də yarımçıq həll etdi. Bu gün də onun ağır fəsadları özünü göstərir.

Orada gediş-gəlişi bir neçə obyekti söküb həll etmək olardı. Amma ən ideal variant "Koroğlu"dakı asma körpünün kiçik modelini Xırdalan dairəsində qurmaq idi. Bununla problem əbədi həll olunardı".

Ağarza Elçinoğlu 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu