Erməni vandalizmini gözləri ilə görüb məyus oldular

Xristian dövləti olan Gürcüstan nümayəndələrinin Qarabağa səfəri olduqca vacib idi

Bir qrup gürcüstanlı jurnalist, ictimai-siyasi xadim və ekspertlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Qonşu ölkədən olan qonaqlar Ağdam, Füzuli, Cəbrayıl və digər ərazilərə baş çəkib, erməni vandalizmi və vəhşilikləri ilə tanış olub. Gürcüstanlı qonaqlar gördüklərindən dərin məyusluqlarını ifadə ediblər.

Səfərlə bağlı fikirlərini "Şərq"ə danışan politoloq Natiq Miri deyir ki, qonşu dövlət və xristian ölkəsi olan Gürcüstan tərəfinin gəlib gerçəkləri öz gözü ilə görməsi beynəlxalq ictimai rəyi tamamilə Azərbaycanın xeyrinə dəyişəcək:

"Azərbaycan Prezidenti Cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə bir çox diplomatik nümayəndəliklərin rəhbərləri, təmsilçilərinin və jurnalistlərin səfəri ilə bağlı konkret göstərişi olub. Bu, Qarabağ haqqında həqiqətləri dünyaya təqdim etmək və beynəlxalq ictimai rəyi Azərbaycanın xeyrinə dəyişməyi hədəfləyir. Düşünürəm ki, bu çox doğru bir addımdır. Gürcüstan tərəfindən önəmli şəxslərin də bu ərazilərə gəlməsi iki dövlət arasında münasibətləri tənzimləməyə və işğalla bağlı ortaq təsəvvürün formalaşdırılmasına çox ciddi şəkildə yardım edir. Qonşu ölkənin də bu yöndə problemləri var. Gürcüstanın hazırda Abxaziya və Axetiya kimi əraziləri işğal altındadır. Ona görə də Gürcüstanla Azərbaycanın ümumi ictimai rəyə və təsəvvürə malik olması çox faydalıdır. Xristian dövləti olan Gürcüstan vasitəsilə həqiqətlərin dünyaya çatdırılması bütün xristian dünyası üçün çox inandırıcıdır" .

Natiq bəy qeyd etdi ki, bu səfərlərin gələcəkdə də davam etməsi bizim üçün çox əhəmiyyətlidir:

"Ermənistan dəfələrlə cəhd edib ki, Gürcüstan ilə Azərbaycan arasındakı münasibətləri pozsun və bu, indi də davam edir. Məsələ tək Ermənistanla bağlı deyil. Zaman-zaman Rusiya da iki ölkə arasındakı əlaqələri korlamağa cəhd göstərib. İndi isə qonşu ölkə olan Gürcüstanın Qarabağ gerçəklərini gəlib öz özü ilə görməsi və bunu həm ölkə daxili, həm də xarici mediada işıqlandırılması iki millət və dövlət arasında münasibətlərin daha yüksək məcraya yönəldilməsinə xidmət edir. Bu baxımdan azad olunmuş bölgələrimizə xarici ölkələrin nümayəndələrinin gəlməsi çox əhəmiyyətlidir. Çünki bu, informasiya savaşında blokadanın tamamilə yarılması deməkdir. Həmin səfərlər imkan verir ki, proseslər Azərbaycanın xeyrinə dəyişsin. Hesab edirəm ki, bu səfərlər gələcəkdə də davam etməlidir".

Aytac Ali 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu