400-dən çox körpəyə şəhid generalımızın adı verilib

Seyid Camal Əzimzadə: "Ancaq bu proseslərin içində iştirak edən bir şəxs kimi məni olduqca narahat edən bir məsələ var"

44 günlük şanlı Vətən savaşından və tarixi qələbəmizdən sonra bir çox valideynlər öz övladlarına qəhrəmanlarımızın adını verir. Misal üçün, yeni doğulan 400-dən çox körpəyə şəhid general-mayor Polar Həşimovun adını qoyublar. Bundan başqa vətəndaşlarımız şəhidlərimizin xatirəsini daima əziz tutmaq üçün onların adına bulaq tikdirir, şərəf lövhələri hazırlayırlar. Hər kəs qəhramanlıq tarixini yazan şəhidlərimizin ruhunu uca tutmaq üçün əlindən gələni edir. Bu çox sevindirici haldır.

Torpaqlarımızın qorunması və azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin cəsarəti, əzmi hər bir Azərbaycan gəncinə, vətəndaşına örnəkdir. Hamı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Vətənpərvərlik tərbiyəsi də elə buradan başlanır.  



Bununla bağlı tanınmış şərqşünas Seyid Camal Əzimzadə "Şərq"ə öz fikirlərini bölüşərkən qeyd edib ki, gərək valideynlər şəhidlərimizin müqəddəs isimlərini övladlarına qoyarkən onların qarşısında bir ömür məsuliyyət daşıdıqlarını unutmasınlar:

"Bu müharibə nəticəsində Azərbaycan xalqının mənəvi dünyasında uzun illər sonra yenidən bir dirçəliş baş verdi. Hazırda mübarək bir iqlimin şahidi olmaqdayıq. Bu isə çox qürurverici bir haldır. Polad Həşimovdan tutmuş, Mübariz İbrahimov, Fərid Əhmədov və digər minlərlə qəhrəmanlarımızın adının xalqımız tərəfindən yaşadılması çox gözəldir.

Bu, milli vətənpərvərlik ruhuna və gələcək nəsillərə vətənin və bayrağın uğrunda şəhadət şərbətini dadan, düşmənə qarşı son damla qanına qədər vuruşanların xalqın könül dünyasında əbədi yer tutduğunun göstəricisidir.

Ancaq bu proseslərin içində iştirak edən bir şəxs kimi məni olduqca narahat edən bir məsələ var. Bu adı verdikdən sonra övladlarımızı milli vətənpərvərlik ruhunda tərbiyə etmək, vətənə, dövlətə xeyirli bir övlad olmasını təmin etmək çox vacibdir. Çünki həmin uşaqlar bu cür milli qəhrəmanların adını daşıyır.

Əgər insanlar bu adı övladına verdikdən sonra onları vətəninə, bayrağına sevdalı bir tərzdə yetişdirməyəcəksə həmin mübarək ruhlar qarşısında bir ömür məsuliyyət daşıyacaqlar. Ona görə də bu məsələdə ehtiyatlı davranmaq, fikrimcə, ən doğrusu olar". 

Sosioloq Əhməd Qəşəmoğlu da bu barədə fikirlərini "Şərq"ə açıqlayıb:

"Bu, öz vətəni uğrunda vuruşan, canından keçən adamlara qarşı xalqımızın böyük rəğbət hissinin olması deməkdir və çox yaxşı əlamətdir. Biz buna sevinməliyik". 

Aytac Ali 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu