Türkiyə sonuna qədər terrorçularla savaşacaq

"Əslində İraqı indiki vəziyyətə salan elə İranın özü olub"

"Tehranı narahat edən əsas məqam Cənubi Qafqazda və Yaxın Şərqdə Türkiyənin güclənməsidir"

Azərbaycanı Qarabağ müharibəsində terrorçu istifadə etməkdə ittiham edən İran Türkiyənin PKK terrorçuları ilə mübarizəsinə qarşı çıxıb. İranın İraqdakı səfiri İrec Mescidi Türkiyənin İraq ərazisində apardığı anti-terror əməliyyatlarının “yanlış” olduğunu deyib. Tehran Ankara hökumətini İraqın suverenliyini pozmaqda suçlayıb və türk qoşunlarının İraqdan çıxması ilə bağlı çağırış edib.

Bununla bağlı olaraq İranın Ankaradakı səfiri əfiri Məhəmməd Ferazmend Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Ferazmendə bildirilib ki, Ankara Tehrandan terrorizmlə mübarizəyə qarşı çıxmaq deyil, bu terrorizmlə mübarizədə dəstək gözləyir. Vurğulanıb ki, iraqlı həmkarının səsləndirdiyi ittihamlar Türkiyə tərəfdən qəti rədd edilir. Çünki Türkiyənin apardığı hərbi əməliyyatlar İraqın təhlükəsizliyini və suverenliyini hədəfə alan PKK ünsürlərinə qarşıdır. Nəzərinə çatdırılıb ki, bu, İraq rəsmi dairələrinə məlumdur və Türkiyə ilə İraq arasında son zamanlar keçirilən yüksək səviyyəli görüşlər isə buna nümunədir. Türkiyə XİN-in xəbərdarlığında həmçinin qeyd olunub ki, səfir Mescidinin müsahibəsində İraqda PKK-nın mövcudluğundan bir cümləlik də olsa bəhs edilməyib. 



Tehranın narahatlığını “Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli deyib ki, qonşu İranın Azərbaycana və Türkiyəyə mənfi münasibəti arzuolunmazdır. Analitikin sözlərinə görə, İranın 44 günlük müharibədə Azərbaycana qarşı mövqeyi və ötən gün mətbuat konfransında iranlı müxbirin Prezidentimizə ünvanlandığı uğursuz sual bu ölkənin yanaşmasını ortaya qoyur:

“Dünyada radikal qrupları dəstəkləyən ölkə kimi tanınan İran dəfələrlə terrora məruz qalmış Azərbaycan və Türkiyəni “terrorçulara meydan verməklə” suçlayır. Tehranı narahat edən əsas məqam Cənubi Qafqazda və Yaxın Şərqdə Türkiyənin güclənməsidir. Guya indi İraqın suverenliyini özünə dərd edir. Əslində İraqı indiki vəziyyətə salan elə İranın özü olub. Amerika işğalından sonra Bağdadın suverenliyini əlindən alan məhz İrandır. Bu dövlət Tehran tərəfindən idarə olunur. Əgər günahkar Türkiyədirsə, niyə iraqlılar Ankaraya məxsus binalara deyil, birbaşa İran səfirliyinə, konsulluğuna hücum çəkirlər. İraq camaatı türklərdən şikayətçi deyil. Bu gün İraqın daxili işlərinə müdaxilə edən Tehran hökumətidir. Həqiqətən İraqın müstəqilliyini arzulayırlarsa, bu ölkədən əlini çəksin. İmkan versin ki, Türkiyə bölgəni terrorçulardan təmizləsin”. 

Ə.Məmmədli vurğulayıb ki, Türkiyə ilə İraq arasında PKK-ya qarşı mübarizə ilə bağlı müqavilə var idi:

“Hələ Səddam Hüseyn zamanında İraqla Türkiyə arasında anlaşma var idi. Razılaşmaya görə, türk ordusu PKK-ya qarşı hərbi əməliyyatlar zamanı ölkə sərhədindən bir neçə kilometr içəriyə girə bilər. Amerika və İranın işğalından sonra İraq öz ərazisinə nəzarəti tam itirib. Həmin bölgədə terrorçuların yuva salması Türkiyənin cənub-şərq sərhədləri üçün risklidir. Ona görə də hərbi əməliyyatlar aparır. İraq şimal ərazilərində təhlükəsizliyi özü təmin edənədək Türkiyənin bölgəyə nəzarət haqqı olacaq”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu