"Yunanıstan Türkiyəyə qarşı istifadə olunan alətdir"

1923-cü ildə imzalanan Lozanna və 1947-ci ildə bağlanan Paris müqaviləsinə görə, Aralıq və Egey dənizlərində silahsız olmalı olan daha bir adanı Yunanıstan zəbt edib. Yunanlar son olaraq Limoniya adasına ordu qüvvələrini yeridiblər. Onlar burada Bizans və Yunanıstan bayrağı qaldırıblar. Beləliklə, Yunanıstanın beynəlxalq razılaşmaları pozaraq zəbt etdiyi adaların sayı 20-yə çatıb.

Qeyd edək ki, beynəlxalq sənədlərə görə Türkiyə sərhədində yerləşən 23 ada neytral olmalıdır və oraya hərbi qüvvə yerləşdirməklə bağlı heç bir dövlətin səlahiyyəti yoxdur.  Yəni bizim ermənilərdən gördüklərimizi- işğalçılığı, talançılığı, oğruluğu qardaşlarımız da yunanlardan görürlər.



Bu isə təkcə beynəlxalq hüquqların pozulması deyil, eləcə də rəsmi Ankara ilə zarafat etməkdir. Politoloq Sədrəddin Soltan məsələ barədə “Şərq”ə danışarkən yunanların arxasında müəyyən qüvvələrin dayandığını söylədi:

“Bu, ilk belə hal deyil. Türkiyə ilə Yunanıstan arasında ziddiyət yaratmaq istəyən qüvvələrin maraqları təmsil olunur. Yəqin kasıb Yunanıstana işğal qarşılığında nələrsə vəd edilib. Hər halda onların Türkiyənin adalarından məqsədyönlü şəkildə istifadə etməyə iqtisadi imkanları yoxdur. Fikrimcə, torpaqlar böyük vəsait məbləğində üçüncü bir tərəfə satılacaq.

Ümumiyyətlə, Yunanıstan Avropanın Türkiyəyə qarşı istifadə etdiyi vasitələrdən biridir. Başqa sözlə desək, alətdir. İkinci belə vasitə Bolqarıstandır. Ermənistandan Azərbaycan əleyhinə istifadə etdikləri kimi həmin ölkələrdən də rəsmi Ankaraya qarşı faydalanmağa çalışırlar”.

S.Soltanın fikrincə, Türkiyə öz haqlarını müdafiə etməlidir:

“Məncə, bu məsələ NATO müstəvisində müzakirəyə çıxarılmalı və öz həllini tapmalıdır. Çünki NATO nizamnaməsində üzv ölkələrin ərazi bütövlüyü məsələsi var. Bu qurum işğala məruz qalanın ərazi bütövlüyünü müdafiə edir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu