“Şəhidlərimizin şərəfinə ehsan bulağı tikdirirəm” – MÜSAHİBƏ 

Leyla Əhmədova: “Fəaliyyətimizin əsas qayəsi vətənpərvərliyin təbliğidir”

“Azərbaycanımız üçün maddi-mənəvi, fiziki gücümüzü səfərbər etmişik”

“Düşmən ölkənin bizə törətdiyi maneələr də az deyil”

“Lakin xalqımızın başına gətirilən erməni müsibətlərini buradakı insanlara ən bariz şəkildə çatdırmağa çalışırıq” 


Xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması ilk növbədə onların hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımdan önəmlidir. Çünki, müasir dövrün tələblərinə uyğun olaraq qarşıda duran ən vacib məsələ həmvətənlərimizin tarixi vətənlə əlaqələrini gücləndirmək, mədəni irsimizin təbliğini və ölkə həqiqətlərinin daha geniş müstəvidə dünya ictimaiyyətinə çatdırılması prosesini sürətləndirməkdir.

Bu gün soydaşlarımızın Azərbaycan naminə təşkilatlanlanması yalnız ölkəmizin milli maraqların təmin olunması baxımdan deyil, həm də müasir dünyada gedən ictimai siyasi proseslərə inteqrasiya baxımından da zəruridir. Nəzərə alaq ki, diasporanın ən önəmli missiyası ana Vətənə xidmətdir. 

Xarici ölkədə Azərbaycanımıza və soydaşlarımıza layiqli xidmət göstərən, ölkəmizin tanıdılması istiqamətində mühüm işlərə imza atan dəyərli diaspora təmsilçilərindən biri də Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının Rostov vilayəti üzrə vitse-prezidenti Leyla Əhmədovadır. 

“Şərq” qəzeti olaraq həmyerlimizlə söhbətə keçməzdən öncə qısaca bildirək ki, Gürcüstanın Dmanisi rayonunda dünyaya göz açan Leyla xanım Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Rostov vilayətində yaşamağa başlayıb.

Leyla Əhmədova ictimai işlərdə hər zaman fəal olub və Azərbaycanın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin təbliği istiqamətində bacardığını əsirgəməyib. Həmçinin, xeyriyyəçilik fəaliyyəti ilə də azərbaycanlıların sevgi və rəğbətini qazanıb. 

 - Leyla xanım, təmsil etdiyiniz qurum çərçivəsində əsasən hansı işləri görürsünüz? Xüsusən, 44 günlük Vətən müharibəsində fəaliyyətinizi necə qurdunuz? 

 - İlk öncə qeyd edim ki, fəaliyyətimin əsas qayəsi vətənpərvərliyin təbliği olub. Bundan sonra da əsasən bu istiqamətdə çalışacam. 44 günlük Vətən müharibəsi dönəmində hər zaman əsgərlərimizə maddi və mənəvi dəstək göstərmişik. Vətəndən uzaqda vətənin keşiyini çəkmişik. Azərbaycanımız üçün maddi-mənəvi, fiziki gücümüzü səfərbər etmişik. Həmin müddət ərzində Azərbaycana gələrək hərbi hissələrə, qospitallara da baş çəkmişəm. Şəhid ailələrini ziyarət etmişəm. Böyük Qələbəmizin əldə edilməsi şərəfinə əsgərlərimiz qarşısında qurbanlar kəsdirmişəm. Hazırda şəhidlərimizin şərəfinə ehsan bulağı tikdirirəm. Bütün bunlar mənim bir azərbaycanlı kimi borcumdur. 

 - Rusiya bizim üçün önəmli ölkədir. Şimal qonşumuzda milyonlarla soydaşımız yaşayır. Belə mühüm dövlətdə diaspora fəaliyyəti, Azərbaycan həqiqətlərinin tanıdalması nə qədər zəruridir? 

 - Rusiya dövlət olaraq hər zaman bizə dəstək olub. Əlbəttə, düşmən ölkənin bizə törətdiyi maneələr də az deyil. Lakin Azərbaycan həqiqətlərinin Rusiyada layiqincə tanıdılması üçün bütün maneələrə sinə gərmişik. Haqq yolundan hec vaxt geri addım atmamışıq və bundan sonra da atmayacağıq. 

 - Rusiya ictimaiyyətinin ölkəmizə yanaşmasını qənaətbəxş hesab edirsinizmi?

 - Rusiya ictimaiyyətinin ölkəmizə baxışı müsbətdir və bu yanaşma bizə əlavə güc verir. 

 - Konkret Rostov vilayətində durum necədir? Orada yaşayan azərbaycanlılar hansı problemlərlə üzləşirlər?

- Rostovda yaşayan azərbaycanlıların yeganə və əsas problemi sənədlərlə bağlıdır. İnşallah, qısa zamanda bu problemi də aradan qaldıracağıq. 
 
- Rusiyada yaşayan həmyerlilərimizdən qurumun fəaliyyəti ilə bağlı yetərli dəstək görürsünüzmü? 

 - Əlbəttə, soydaşlarımız hər zaman bizə mənəvi dəstək verirlər. 

 - Bəzən diaspora təşkilatları ilə bağlı neqativ xəbərlər də yayılır. Bir-birinin işinə əngəl törətdikləri iddia edilir. Siz bu cür maneələrlə üzləşmisinizmi? 
 
- Hər işdə çətinliklər olur. Bizim də işimizə mane olmaq istəyən, uydurma xəbərlərlə, dezinformasiyalarla gördüyümüz işlərə kölgə salmaq istəyən insanlar var. Lakin həyat mübarizə meydanıdır. Biz hər zaman öz layiqli işlərimizlə neqativ fikirləri alt-üst edirik. Maneələr bizi yolumuzdan döndərmir. 

 - Bir neçə gün əvvəl Xocalı soyqırımının 29-cu ildönümünü qeyd etdiniz. Anım tədbiri necə keçdi? Tədbirə kimlər dəvətli idi?
 
- Xocalı faciəsi ilə bağlı əhəmiyyətli bir tədbir kecirtdik. Bir daha Xocalı qurbanları yad edildi. Tədbirə Rusiya və Azərbaycan icmasının ən fəal üzvlərini dəvət etmişdik. Biz yalnız yüksək əməkdaşlıq şəraitində işlərimizi qurmağa calışırıq. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi işimizin bir hissəsidir. Ümumiyyətlə, 31 Mart soyqırımı, 20 Yanvar faciəsi və digər soyqırımlarla bağlı ümummilli hüzn günlərimizi də unutmuruq, unutdurmuruq. Xalqımızın başına gətirilən erməni müsibətlərini buradakı insanlara ən bariz şəkildə çatdırmağa çalışırıq. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu