İnformasiya cəbhəsində mövqelərimiz möhkəmlənir


Xarici media nümayəndələrinin Qarabağa səfəri ermənilərin törətdiyi faciənin miqyasını dünyaya yayacaq

"Belə paradların sayını çoxaltmaq lazımdır. Xarici medianın təmsilçiləri həm ərazinin tarixini bilməli, həm hazırkı dövrdə Qarabağa verdiyimiz önəmi hiss etməlidirlər"

Fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Azərbaycanda keçirilən tədbirləri işıqlandırmaq üçün ölkəmizdə olan 30-dan çox xarici KİV nümayəndəsinin iştirak etdiyi mətbuat konfransı 4 saatdan çox davam edib. Bu müddət ərzində dövlətimizin başçısına 50-yə yaxın sual ünvanlanıb.

Azərbaycan Prezidenti mətbuat konfransında natiqlik məharətini nümayiş etdirərək bütün suallara səlis, əsaslı arqumentlərlə, məntiqli cavablar verib, güclü liderlərə, böyük dövlət xadimlərinə xas peşəkar xüsusiyyətləri ilə xarici media nümayəndələrini bir daha heyrətləndirib. Təbii ki, mətbuat konfransına nüfuzlu media qurumlarının nümayəndələrinin bu cür marağı da səbəbsiz deyildi. Çünki ortada son illər ərzində Azərbaycanın keçdiyi böyük inkişaf yolu, həyata keçirilən irimiqyaslı, qlobal əhəmiyyətli layihələr, regional və beynəlxalq platformalarda əldə edilən nailiyyətlər və Vətən müharibəsində qazanılan Qələbə var. 

Pandemiya səbəbindən onlayn formatda keçirilən mətbuat konfransının Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri olan Xocalı soyqırımının ildönümü günündə təşkil olunması heç də təsadüf deyildi. Bu, ilk növbədə, faciə ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması və Ermənistanın xalqımıza qarşı soyqırımı siyasətinin ifşası baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Digər tərəfdən bu tədbir İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqların müxtəlif media platformaları vasitəsilə dünya ictimaiyyətinə çatdırılması üçün əlverişli imkan kimi qiymətləndirilə bilər. Təbii ki, aparıcı xarici media qurumlarının nümayəndələrinin ölkənin birinci şəxsi tərəfindən verilən məlumatlar əsasında hazırladıqları informasiyalar Xocalı soyqırımı ilə bağlı həqiqətlərin bütün dünya tərəfindən qəbul edilməsi işində çox böyük rol oynayacaq.

Hər zaman dünyamızda informasiya savaşı çox böyük önəm kəsb edib. Təcrübə göstərir ki, əgər bu sahədə ləngimə olarsa, o zaman qarşı tərəf bu boşluqdan faydalanaraq saxta informasiyaları dünya ictimaiyyətinə “həqiqət” kimi təqdim edəcək. Tam əminliklə deyə bilərik ki, 26 fevral tarixli mətbuat konfransı ölkəmizin informasiya cəbhəsindəki mövqelərinin gücləndirilməsində, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması işində çox önəmli rola malik olacaq və bu istiqamətdəki mövqelərimizi daha da möhkəmləndirəcək.

Bundan başqa fevralın 25-dən martın 1-dək xarici jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olunub. İşğaldan azad olan Ağdam şəhərinə səfər edən xarici media nümayəndələri ilk olaraq Ağdam cümə məscidinə gediblər. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və dəstəyi ilə gürcü jurnalistlər və ekspertlərin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə səfəri təşkil edilib. Gürcüstanın "Pirveli TV", Mtavari Arkhi, Imedi TV, POS TV kanallarının jurnalistləri səfər cərcivəsində işğaldan azad olunmuş Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdərə və Kəlbəcər rayonları, həmçinin Suqovuşan və İstisuda olublar. Orada ermənilərin törətdikləri vandallıqları öz gözləri ilə görüblər. Xarici KİV nümayəndələri Azərbaycanın erməni işğalından azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına da səfər ediblər.

Əcnəbi jurnalistlər səfər zamanı işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə, bu rayonlarda elektrik şəbəkələrinin bərpası işlərinin gedişi ilə tanış olublar, həmçinin Füzulidəki beynəlxalq hava limanının inşaat sahəsində və Füzulidən Şuşaya çəkilən Zəfər yolunda olublar.

Ümumiyyətlə, xarici jurnalistlərin  Qarabağ həqiqətlərini və erməni vandalizmini öz ölkələrində işıqlandırması Azərbaycan üçün nə dərəcədə önəmlidir?

Sualımızı cavablandıran  Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Azərbaycan hər zaman Ermənistandan güclü və haqlı olub:

"Mən konkret məsələdən söz açmazdan öncə bir məqama diqqət yetirmək istərdim. Baxın, Ermənistandakı siyasi təbəddülatlar fonunda bütün dünya ölkənin Baş naziri Nikol Paşinyanın müdafiəsinə qalxır. Bu, sıradan məsələ deyil. Müxtəlif bəyanatlar görürük ki, onlarda ordunun, hərbi qüvvələrin siyasi proseslərə müdaxiləsi pislənilir. Nəticə etibarilə demək mümkündür ki, dünya bugünkü Ermənistan iqtidarının tərəfindədir. O iqtidarın ki, Qərblə bağlıdır. Düşünək görək, 44 günlük müharibə dönəmində Paşinyan xaricdən nə üçün indi gördüyü qədər dəstək görmədi? Bəli, biz haqlıydıq, buna söz yox. Güclü olmağımız da öz yerində. Amma biz ötən 27 ildə də haqlı olmuşuq və indiki kimi olmasa da, ötən 17 ildə də Ermənistandan güclü olmuşuq. Demək, nəticə haqlı olmaqla yanaşı, haqqın təbliğatından asılıdır". 

Ə.Amaşov qeyd edib ki, 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycan təbliğat baxımından da Ermənistandan qat-qat güclüydü: "Baxmayaraq ki, ermənipərəst qüvvələr xeyli fəallıq göstərirdilər. Bu gücü təmin edən Prezident İlham Əliyev idi. Müharibə müddətində onun xarici mediaya 30-dan artıq müsahibəsi oldu. Bu müsahibələr Qarabağın informasiya cəbhəsindəki vəziyyəti xeyrimizə dəyişdi, bir növ stereotipləri qırdı".

Mətbuat Şurasının sədri əlavə edib ki, əcnəbi jurnalistlərin işğaldan azad edilmiş bölgələrə səfərləri, vəziyyətlə yerində tanış olmaları isə informasiya müharibəsindəki qələbənin belə demək mümkünsə, paradıdır:

"Şübhəsiz, belə paradların sayını çoxaltmaq lazımdır. Xarici medianın təmsilçiləri həm ərazinin tarixini bilməli, həm hazırkı dövrdə Qarabağa verdiyimiz önəmi hiss etməlidirlər. Habelə, bölgənin inkişafının xalqımız üçün prioritetliyini duymalı, həm də Qarabağa mənəvi bağlılığımızı əyani şəkildə görməlidirlər. Təbii ki, müasir dövrdə Qarabağ həm də vandalizm səhnələrinə şahidlik etmiş diyarımızdır. Bu məqama da kifayət qədər əhatəli yanaşılmalıdır. Çünki münaqişə zamanı baş vermis cinayətlər bəşəri mahiyyət daşıyır. Dünyanın bu cinayətlərin, o cümlədən Xocalı dəhşətinə bənzər faciələrin bir daha yaşanmaması üçün həmrəylik nümayişi, səfərbərlik lazımdır. Bu baxımdan da əcnəbi jurnalistlərlə apardığımız işin, onların vəziyyətlə yerində tanış olmalarının əhəmiyyəti misilsizdir".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev "Şərq"ə açıqlamasında qeyd edib ki, xarici media nümayəndələrinin işğaldan azad olunmuş ərazilərimizə ziyarət etməsinin misilsiz əhəmiyyəti var. Onun sözlərinə görə, belə səfərlərin təşkil olunması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynayır:

"Əcnəbi jurnalistlərin həqiqətləri öz gözləri ilə görməkləri çox vacibdir. Ermənilərin dinc əhaliyə qarşı törətdikləri təxribatlar xarici KİV-lərdə yayımlanırsa, bu, həqiqətlərimizi dünyaya çatdırmaq baxımından mühümdür. Məqsəd erməni vəhşiliyini, onların yaramazlığını, insani davranışlara aid olmayan hərəkətlərini beynəlxalq aləmə çatdırmaqdır. Belə səfərlərin təşkili ermənilərin iç üzünün bütün dünyaya açılması üçün xüsusi əhəmiyyətə malikdir. Xarici jurnalistlərin azad edilmiş ərazilərimizə getməsi kifayət edir ki, onlar ermənilərin kim olduqlarına qiymət versinlər. Bildiyimiz kimi, xarici media nümayəndələri bu yaxınlarda müxtəlif yerlərdə - Füzulidə, Ağdamda və s. bir çox işğaldan azad olunmuş kəndlərimizdə və şəhərlərimizdə olublar. Onlar erməni vandallığını öz gözləri ilə görüblər. Təbii ki,  bütün bu vandalizmi onların öz gözləri ilə görməsinin effekti tamam başqadır. Yəni bir var bu faktları müxtəlif  mənbələrdən oxuyarlar, bir də var ki, öz gözləri ilə görərlər". 

U.Mirzəyev hesab edir ki, bütün bunlar gələcəkdə daha çox müsbət təsirə malik olacaq:

"Çünki xarici media nümayəndələri artıq burada faciənin miqyasını dərk edirlər və həqiqəti daha yaxşı anlayırlar.  Onlar da ermənilərin bu illər ərzində bir zamanlar 10 minlərlə azərbaycanlının yaşadığı şəhərin necə viran qaldığını öz gözləri ilə görürlər. Ümumiyyətlə, biz mümkün olduğu qədər işğaldan azad olunan torpaqlarımızda Ermənistanın törətdiyi vəhşilikləri bütün dünyaya çatdırmalıyıq. Hesab edirəm ki, bu cür səfərlərin təşkilinə hər zaman xüsusi diqqət yetirilməlidir. Çoxlu sayda olmasa da, müəyyən sayda da olsa dünyanın ən nüfuzlu media nümayəndələrinin Azərbaycana bu cür səfərləri tez-tez təşkil edilməlidir".  

BAMF sədri əlavə edib ki, 44 günlük Vətən müharibəsi dönəmində ölkə başçısı İlham Əliyevin müxtəlif kanallara  müxtəlif dillərdə verdiyi geniş müsahibələrin informasiya savaşı baxımından xüsusi önəmi var idi:

"Çünki bütün bunlar informasiya savaşında da qalib gəlməyimizdə əhəmiyyətli rola malik oldu. İşğaldan azad olunmuş regionlarımızda istər yerli, istərsə də xarici media mənsubları üçün şərait yaradıldı. Təbii ki, bunun da informasiya müharibəsində müsbət mənada gücünü hiss elədik.

Prezidentin fevralın 26-da 4 dildə 4 saat ərzində 35-ə yaxın media nümayəndəsinin 50-yə yaxın sualını cavablandırması da təbliğatın ən yaxşı forması idi.

Heç şübhəsiz ki, bunun gələcəkdə ölkəmiz üçün çox böyük təsirləri olacaq. Təbii ki, bunun faydasını zaman-zaman hiss edəcəyik. Qeyd edim ki, bu günləri də bir çox media araşdırmaçıları tərəfindən prezidentin mətbuat konfransı ilə bağlı çox maraqlı müzakirələr aparılır.

Təbii ki, bu da bizim uğurlarımız sırasındadır".