Ermənistanın “siyasi sancı”ları şiddətlənir

İctimai etirazlar nəzərə alınmasa faktiki olaraq üç siyasi qrup  toqquşma vəziyyətindədir


“Ermənistanda xaosun yeni dalğası siyasi ziddiyyətlərin artmasını, konfrontasiyanın şiddətlənməsini şərtləndirir. Bu ölkədə faktiki olaraq siyasi böhran hökm sürür". 
Bu fikirləri “Şərq”ə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Politoloq vurğulayıb ki, keçmiş xunta rejiminin nümayəndələrini öz sıralarında birləşdirən revanşist qüvvələr hazırkı hakimiyyəti “siyasi tupik”ə sıxışdırmağa çalışır:

"Digər tərəfdən isə hakimiyyət daxili qarşıdurma vəziyyətin gərginləşməsini şərtləndirir. Eyni zamanda, iqtidar öz rəqiblərini siyasi autsayderə çevirmək üçün yeni həmlələr edir. Qarşı-qarşıya duran tərəflər aqressiv davranışları ilə məğlub ölkəni yeni siyasi kataklizmlərə sürükləyirlər".

N.Qələndərli əlavə edib ki, ictimai etirazları nəzərə alınmasa faktiki olaraq üç siyasi qrup toqquşma vəziyyətindədir:

"Birincisi, Paşinyanın rəhbərlik etdiyi komanda, ikincisi, hakimiyyət daxilindəki digər qruplaşma və sonuncusu isə müxalifət düşərgəsidir. Əvvəla qeyd edim ki, baş qərargah rəisi Onik Qasparyanın Paşinyanın istefasını tələb edən bəyanat verməsi, ardınca Prezident Armen Sarkisyanla baş nazirin qarşıdurmasını ifadə edən fikirlərin səsləndirilməsi və digər faktlar Ermənistanda ciddi hakimiyyət böhranının hökm sürdüyünü təsdiqləyir. Bununla yanaşı, siyasi arenada “müxalifət” adı altında varlığını nümayiş etdirməyə çalışan revanşist qüvvələrin hökumətə yönəlik təzyiqləri həm siyasi, həm də sosial gərginliyi artırır. Digər tərəfdən, erməni lobbisində də hazırkı məsələlərə münasibətdə parçalanma və pərakəndəlik müşahidə edilir. Belə olan halda, məğlub Ermənistanın “siyasi sancı”ları daha da şiddətlənir və ölkə faktiki olaraq “xaos dumanı”nda boğulur”. 

N.Qələndərlinin sözlərinə görə, Ermənistanda qarşıdakı dövrdə fərqli senarilər və proseslərə şahidlik ediləcək:

“Düşünürəm ki, hazırkı hakimiyyət həm inzibati resurslardan, həm də mövcud ictimai əhvaldan, siyasi şəraitdən istifadə edərək öz manevrlərini davam etdirəcək. Yəni iqtidar kürsüsünü rəqiblərinə verməyəcək. Ola bilsin ki, hansısa siyasi-hüquqi kampaniyaya – növbədənkənar seçkilərə, referenduma və s. start verilsin. Amma proseslərin gedişatına nəzər salaraq indiki iqtidarın rəqiblərini neytrallaşdıracağını və siyasi üstünlüyünü təmin edəcəyini proqnozlaşdırıram”.