Ermənistanda vəziyyət Paşinyanın lehinədir


Baş nazir xalqın nəbzini tutmağı bacarır

Müxalifətin gözü müəyyən mənada mitinqdən qorxdu


Ermənistan Baş naziri Nikol Paşinyanla müxalifət və Baş Qərargah arasında davam edən siyasi qarşıdurmanın həlledici məqamı martın 1-də baş tutan mitinqlə başa çatdı. Paşinyan Yerevanda çoxminli mitinq keçirməklə revanşist müxalifəti fiaskoya uğratdı. Erməni xalqı mitinqlə Koçaryan-Sarkisyan tandeminin bir daha hakimiyyətə gəlişinə imkan verməyəcəyini göstərdi. Həmçinin, bu mitinq ölkədə hərbi çevrilişin qarşısını almış oldu. Paşinyan erməni xalqına müraciətində bildirdi ki, “məni bura siz gətirmisiniz, siz də endirə bilərsiniz”.

Erməni xalqı dünyadan təcrid olunmuş, heç bir meqalayihənin iştirakçısı olmayan, sadəcə, xaricdən gələn ianələr hesabına ayaqda qalan bir ölkədə yaşamaq istəmir. Böyük əksəriyyət Rusiyadan qurtulmaq niyyətindədir. Ancaq bu, hələ ki, sadəcə arzu olaraq qalacaq. Ən azından yaxın gələcək üçün Rusiyadan qopma müzakirə mövzusu belə ola bilməz. Burada əsas məqsəd müxalifətə mesaj idi. Əgər hər hansı hərbi çevrilişə cəhd olarsa, xalq buna imkan verməyəcək. Yəni hazırda Ermənistandakı mövcud vəziyyət Paşinyanın lehinə görünür. 

Ermənistandakı siyasi böhranı “Şərq”ə təhlil edən politoloq Turan Rzayev bildirib ki, Paşinyanın təşkil etdiyi çoxminlik mitinq bir sıra məqamlarla yadda qaldı. Siyasi şərhçinin sözlərinə görə, mitinqin bu şəkildə rəğbət görəcəyi əvvəlcədən məlum idi. Çünki müxalifətin etiraz mitinqlərinə çox az adam qatılırdı:

“Mitinqin geniş izdihamla baş tutmasının müxtəlif səbəbləri var. Baş nazir mitinq üçün önəmli bir günü seçmişdi. 13 il qabaq martın 1-də Serj Sarkisyan saxta yolla prezident seçildiyi üçün ölkədə etirazlar başlamışdı. Nəticədə küçədə 10 nəfər vəhşicəsinə qətlə yetirilmişdi. Paşinyan məhz bu qanlı hadisəyə görə mitinqi həmin günə təyin etdi. Bu o deməkdir ki, meydana çıxanlar arasında Paşinyana dəstək verənlərlə yanaşı, həmin günü yad edənlər və Sarkisyan-Koçaryan cütlüyünə qarşı mövqe sərgiləyənlər də çox olub. Baş nazir bu mənzərəni əvvəlcədən hesablamışdı. Hər halda Paşinyan mövcud durumu özü üçün manipulyasiya etməyi bacardı. İndiki halda xalqının gələcəyini düşündüyünü göstərdi”. 

T.Rzayev vurğulayıb ki, bu gün erməni cəmiyyətində real yanaşma ondan ibarətdir ki, köhnə klan heç vaxt revanşist düşüncələrdən əl çəkməyəcək və onlar yenidən hakimiyyətə gələrsə, eyni ambisiyanı davam etdirəcəklər:

“Erməni xalqının böyük qismi üçün “Qarabağ klanı”nın vədləri məqbul deyil. Çünki ermənilər böyük itkilərlə üzləşiblər. Paşinyanın isə gündəliyində Qarabağ məsələsi, yeni “müharibə” iddiaları yoxdur. Baş nazir erməni xalqının nəbzini tutmağı bacarır. Müxalifətin gözü müəyyən mənada mitinqdən qorxdu”.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu