Türkiyə hər zaman, hər şəraitdə bizim yanımızdadır

Monitorinq Mərkəzinin fəaliyyəti ilə digər qüvvələrin bölgədə tərəf olmaq cəhdləri aradan qaldırılır

Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanın haqq davasında öz dəstəyini əsirgəmədi. Münaqişədə tarixi, hüquqi, mənəvi ədalətin bərqərar olunması üçün səsimizə səs verdi. Dünyadakı gücü, təsir imkanları ilə Azərbaycanı ermənilərin havadarlarından qorudu. Torpaqlarımızı özlərinin hünəri hesabına deyil, məhz havadarlarının əli ilə zəbt etmiş erməni işğalçılarının döyüş meydanında qəhrəman Azərbaycan əsgəri ilə üz-üzə qalmasına şərait yaratdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş ölkənin rəsmiləri Azərbaycanın yanında olduqlarını bütün dünyaya açıq şəkildə çatdırdılar. Xalqımıza qarşı kənar təhdidləri uzaqlaşdırdılar.

Türkiyə vətəndaşları Azərbaycanın haqq davasını bütün beynəlxalq aləmə çəkinmədən bəyan etdilər. Bu önəmli məqam ötən gün Prezident İlham Əliyev tərəfindən təkrar vurğulandı. Dövlət başçısı qeyd etdi ki, Türkiyə müharibənin ilk günlərindən çox müsbət davranış göstərib. Sülhə, sabitliyə hesablanmış davranış sərgiləyib:

“Əziz qardaşım, hörmətli Prezident ilk günlərdən çox dəqiq açıqlamalar verib. Digər vəzifəli şəxslər - müdafiə naziri, xarici işlər naziri, digər nazirlər, Türkiyə Böyük Millət Məclisinin sədri də açıqlamalar veriblər.

Bu açıqlamalar, bizə verilən siyasi və mənəvi dəstək həm bizi gücləndirdi, eyni zamanda, bir çoxları üçün çox ciddi mesaj oldu. Müharibədən sonra da Türkiyə çox müsbət münasibət göstərir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir”.



Millət vəkili Anar Məmmədov “Şərq”ə deyib ki, Vətən müharibəsinin gedişində Türkiyə həmişə qardaşı Azərbaycanın yanında oldu, Qarabağ problemini öz problemi bildi. Deputatın sözlərinə görə, təcavüzkar Ermənistanın və onun havadarlarının təzyiqləri, əsassız ittihamları ilə qarşılaşan Türkiyə prezidenti qətiyyətlə bildirirdi ki, onun ölkəsi ədalətin, haqq işinin tərəfindədir və ona görə də Azərbaycanı dəstəkləməkdə davam edəcək: 

"Ərdoğan xəbərdarlıq edirdi ki, Ankara Ermənistan-Azərbaycan müharibəsinə üçüncü tərəfin qarışmasına dözməyib hadisələrin gedişinə dərhal müdaxilə edəcək. Türkiyə Azərbaycanın qələbəsindən sonra ərazidə sülhün qorunması prosesində də yaxından iştirak edir. Bildiyimiz kimi, Türkiyə artıq tam rəsmi qaydada atəşkəsə nəzarət etmək işində Rusiya ilə birgə həlledici rol oynayır. Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyət göstərir.

Birgə Monitorinq Mərkəzinin fəaliyyəti təkcə Qarabağda deyil, ümumilikdə Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olunması, eləcə də region ölkələri arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin reallaşması baxımından böyük əhəmiyyət kəsb edir. Bu mərkəzin fəaliyyəti ilə digər qüvvələrin bölgədə tərəf olmaq cəhdləri aradan qaldırılır.

Qardaş Türkiyə təmsilçilərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə xidmətə başlamasını ölkəmizin regionda yaratdığı yeni geosiyasi reallıqların daha bir uğurlu nəticəsi kimi göstərmək olar. Eləcə də regionda gələcək əməkdaşlıq perspektivləri baxımından Türkiyə və Rusiyanın birgə fəaliyyətləri geniş imkanlar yaradır”. 

Parlament üzvü bildirib ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması prosesinə Azərbaycana dost olan ölkə şirkətlərinin cəlb edilməsi mühüm dividendlər vəd edir:

“Türkiyə şirkətləri ilə müqavilələr imzalanıb və bu şirkətlər işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyətə başlayıblar. Cənab Prezident də bildirdi ki, görüləcək işlərin həcmi çox böyükdür və yenidənqurma prosesinə cəlb olunacaq ölkələr arasında Türkiyənin xüsusi rolu var. Türkiyə hər zaman, hər şəraitdə bizim yanımızdadır. Bu reallıq heç zaman dəyişməyəcək”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu