Stansiyanın restavrasiyası: kosmetik dəyişiklik, yoxsa faciədən xilas?

Bəxtiyar Məmmədov: “Lazımi işləri vaxtında görməsək, yarana biləcək faciəyə görə məsuliyyət daşıyırıq”

Natiq Cəfərli: “Dövlət vəsaitinin qeyri- prioritet işlərə sərf edilməsi ciddi tənqid  olunmalıdır”


Son iki həftədir Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının yanından keçəndə ona həm həsrət, həm tə təəccüblə baxıram. İntizarın səbəbi aydındır. Heyrətləndirici məqam isə həyata keçirilən təmir-tikinti işləridir. İlin, ayın bu günündə- hərbçilərin maaşları ilə bağlı problem yaşandığı bir vaxtda həmin metrostansiyanın restavrasiyasına vəsait ayrılması nə qədər prioritet ola bilər ki?

Özü də qapılarının aylardır sərnişinlərə bağlı olduğunu nəzərə alsaq, atılan addım təkcə məni yox, əhalinin böyük əksəriyyətini  düşündürür. Metrostansiyaya elə baxmaqla kifayətlənəcəyik?!



 Bakı Metropoliteni QSC-in mətbuat xidmətinin rəisi  Bəxtiyar Məmmədov bu barədə “Sherg.z”a açıqlama verdi. Onun sözlərinə görə, həyata keçirilən işlər labüd idi: 

“Hər işin öz vaxtı var. Bərpa işlərinin də artıq zamanı çatmışdı. Əgər biz mövcud qaydalara əməl edib, lazımi işləri vaxtında görməsək, yarana biləcək faciəyə görə məsuliyyət daşıyırıq. Restavrasiyanın nə qədər davam edəcəyini dəqiq deyə bilmərəm. Lakin o vaxtadək sərnişindaşıma bərpa olunsa, vətəndaşların təhlükəsizliyi tam təmin ediləcək. Biz bu barədə əvvəlcədən məlumat vermişdik”.



ReAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli isə məsələyə differensial yanaşmağın tərəfdarıdır: 

“Ciddi problem varsa, əlbəttə, təmir-tikinti işlərinin həyata keçirilməsi başa düşüləndir. Lakin söhbət ikinci, üçüncü dərəcəli proseslərdən, o cümlədən dizayndan gedirsə, onda ciddi suallar meydana çıxır.

Çünki Bakı Metropoliteni QSC illərdir ki, ziyana işlədiyini, dövlətdən dotasiya aldığını deyir. Dövlət vəsaitinin qeyri- prioritet işlərə sərf edilməsi ciddi tənqid  olunmalıdır. Fəqət, dediyim kimi, əvvəlcə, məsələnin əhəmiyyətlilik dərəcəsi araşdırılmalıdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu