Qızcığazın suçu nə? - Ol gən ki, adaxladız, utandım !

“Uşaq valideynin əlindən alınıb, dövlətə təhvil verilməlidir”

“Hüquq çərçivəsində nikah üçün yaş həddi 18-dir”

"Həyəcan təbili çalınmalıdır, buna son qoyulmalıdır. İcra hakimiyyəti ciddi nəzarət etməlidir" 

“Hüquq -mühafizə orqanları tərəfindən təxirəsalınmaz tədbirlər görülməlidir”  

Gürcüstanda yaşayan daha bir azərbaycanlı ailənin azyaşlı övladına nişan mərasimi keçirdiyi iddia edilib. Bununla bağlı sosial şəbəkələrdə foto yayılıb. Həmin şəkildə görünür ki, azyaşlı qız əlində qırmızı lentli, şirinçay stəkanları tutub. Ən dəhşətlisi isə qızcığazın da baş verənləri normal hal kimi qarşılamasıdır. Belə hadisələrdə Mirzə Ələkbər Sabirin məşhur misralarını xatırlamamaq mümkünsüzdür:

Ol gən ki, adaxladız, utandım, 
Olandı, dediz, ərin inandım, 
Ər böylə olurmuş?! İndi qandım; 
Xandostu amandı, qoyma, gəldi! 
Kirdarı yamandı, qoyma, gəldi! 

Fəqət o cocuqlar isə anlamırlar, dərk etmirlər. Onlara rəzillik adət-ənənə adı ilə izah olunub. Bəli, nə ilkdir, nə də son!



Hüquqşünas İradə Cavadova “Sherg.az”a məlum hadisənin dəhşətli olduğunu söyləyib:

“Tez-tez buna bənzər halların şahidi oluruq.  Valideynlər öz öladlarından sui-istifadə edərək cinayət törədirlər. 10-11 yaşlı qız uşaqlarını nəyinsə xatirinə, başlarından edirlər. 

Düzgün yolda olduqlarını düşünürlər. Qanunvericilikdə də  azyaşlı uşaqlara qarşı intim və seksual xarakterli hərəkətlər cinayət kimi qəbul olunur. Bu zaman uşaq valideynin əlindən alınıb, dövlətə təhvil verilməlidir.

Ata-ana cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Qeyd edim ki, hüquq çərçivəsində nikah üçün yaş həddi 18-dir. Yalnız xüsusi icazə ilə bir yaş azaltmaq mümkündür. Amma azyaşlı qıza nişan mərasimi keçirib, onu nəyəsə hazırlamaq, cinayətdir.

Həyəcan təbili çalınmalıdır, buna son qoyulmalıdır. İcra hakimiyyəti ciddi nəzarət etməlidir, hüquq -mühafizə orqanları tərəfindən təxirəsalınmaz tədbirlər görülməlidir”.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu