Yerevan hökuməti qarabağlı ermənilərdən xilas olmağa çalışır

Yeni pasportlarda Qarabağ ermənilərinin doğulduqları yerə "Azərbaycan" sözünün yazılması metodlardan biridir

"Böyük ehtimalla, Qarabağdakı separatçıların da pasportlarında "Azərbaycan" yazılıb"


Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb. Bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz feysbuk hesabında yazıb. Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib: “Azərbaycan SSR deyil, “DQR” deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyi vətəndaşlığı aldı və məlum oldu ki, o, Azərbaycandandır. Nədir bu?”. 

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib. O bildirib ki, bu vətəndaş sovet dövründə Azərbaycan SSR-də anadan olub: “Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan”. Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin “Azərbaycan SSR” kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Şərq”ə deyib ki, Ermənistan Viza İdarəsinin bu addımı Baş nazir Nikol Paşinyanın direktividir. Ekspert bildirib ki, bu, məqsədyönlü tətbiq olunan bir tendensiyadır:

“Qarabağda yaşayan ermənilərin sayı ilə bağlı ciddi şəkildə mübahisələr var. Köçürmələrlə rəqəmi şişirtməyə çalışsalar da, məlum oldu ki, özlərinin iddia etdiyi kimi heç də yüz minlərlə ermənidən söhbət getmir. Rusiya Müdafiə Nazirliyinin son açıqlamasına əsasən, təxminən 55 min erməninin Xankəndi və ətraf ərazilərə daşındığı deyilir.

Məsələ ondadır ki, Ermənistanın özü üçün erməni əhalisinin sayının dəqiqləşməsinə ehtiyac var. Paşinyan hökuməti bilməlidir ki, Ermənistan vətəndaşları və Qarabağdan gələn ermənilər rəsmi olaraq nə qədərdir. Ermənistandakı camaat Qarabağdan gedənləri özləri üçün problem görürlər. Hesab edirlər ki, Ermənistandakı bütün erməni “qaçqınları” yavaş-yavaş Qarabağa qaytarmaq lazımdır.

Yəni keçid dövrü üçün Azərbaycan vətəndaşı sayılan ermənilər bundan sonra bizim ölkənin qanun və hüquqları çərçivəsində öhdəliklərini qəbul etməlidirlər. Azərbaycan üçün artıq Qarabağ problemi yoxdur, amma Ermənistan üçün belə bir problem qalmaqdadır”. 

Ə.Əlibəyli vurğulayıb ki, Yerevan hökuməti müxtəlif üsullarla qarabağlı ermənilərdən xilas olmağa çalışır:

“Yeni pasportlarda Qarabağ ermənilərinin doğulduqları yerə “Azərbaycan” sözünün yazılması bu metodlardan biridir. Böyük ehtimalla, Qarabağdakı separatçıların da pasportlarında “Azərbaycan” yazılıb. Məqsəd Xankəndi və ətrafındakı ermənilərlə əlaqəni tədricən kəsmək və onların mərkəzi hökumətə yaradacağı təhlükəni birdəfəlik aradan qaldırmaqdır”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu