İşğaldan qurtulan torpaqların dəqiq təyinatı müəyyənləşməlidir

"İstifadəsiz qalmış, ya da yararsız hala salınmış torpaq sahələri əkinə yararlı vəziyyətə gətirilməli, kənd təsərrüfatı təyinatlı olmalıdır"


İstifadəsiz qalan torpaqlarla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev narahatlığını bildirib. Vətən müharibəsindən əvvəlki dövrlərdə bu vacib məsələyə toxunan prezident torpaq sahələrindən təyinatına uyğun istifadə edilməsinin zəruriliyini vurğulayırdı. Xatırladaq ki, bir neçə il Prezident istifadəsiz saxlanılan, təyinatının dəyişdirilməsinə cəhdlər edilən torpaq sahələri ilə əlaqədar müvafiq sərəncam imzaladı və aidiyyəti qurumlara sərəncamdan irəli gələn vəzifələrin həlli tapşırıldı.

Hazırda vəziyyət təbii ki, ölkəmizin xeyrinə dəyişib. Azərbaycan 44 günlük müharibədə möhtəşəm qələbə qazandı və 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərini düşməndən geri aldı, ərazi bütövlüyünü, suverenliyini bütün ölkə boyu bərpa etdi.

Bu o deməkdir ki, bizim əkib-becərmək üçün indi daha çox imkanlarımız var. Əlbəttə, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma, abadlıq, həmçinin torpaq sahələrinin dirçəldilməsi prosesi lazımi qaydada aparılarsa. Prezident də dəfələrlə vurğulayıb ki, əkinə yararlı torpaq sahələrindən digər məqsədlər üçün istifadə edilməməlidir. Azərbaycanın kənd təsərrüfatı sahəsində inkişafı yüksəldilməlidir ki, dövlətimiz idxal amilindən asılı vəziyyətə düşməsin.

Bu, həm dövlət maraqlarının, eyni zamanda vətəndaşların, ümumilikdə ictimai maraqların müdafiəsi baxımından vacibdir. Məlumdur ki, idxaldan asılılıq dövlət büdcəsinə ziyandır, vətəndaş da bu halda idxal olunan məhsulların qiymətindən narazı qalır. Yerli istehsal zəifləyir, müəssisələr çalışmır, dövlət büdcəsindən idxal məhsullarının alınmasına xeyli vəsait sərf olunur. Yəni hansı tərəfdən baxsan, ziyanlı görünür. Bunun qarşısının alınması üçünsə ilk növbədə torpağın qədri bilinməlidir - əkinə yararlı, kənd təsərrüfatı təyinatlı torpaqlardan digər məqsədlər üçün istifadəyə yol verilməməlidir.         

Vətəndaşların pay torpaqlarına göz dikmək olmaz 

Problemli vəziyyət həm də pay torpaqları ilə bağlı yaşanır. Bəzən vətəndaşa pay torpağını satmaq üçün şirnikləndirici təkliflər edilir. Vətəndaş da bəzən əsl məqsədi bilmədən, yaxud da maddi ehtiyac üzündən pay torpağını satmağa razılaşır. Beləcə pay torpaqlarının təyinatı dəyişir. Pay torpağını əkib-becərməklə, təsərrüfat yaratmaqla uzun müddətli, hətta dayanıqlı maddi gəlir əldə etmək imkanına sahib vətəndaş torpağını satdığı üçün təminatsız vəziyyətə düşür. Dövlət qurumları belə hallarla mübarizə aparmaqda maraqlıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev “Ekspert saatı” proqramında çıxışı zamanı bildirib ki, son vaxtlar pay torpaqlarında yaşayış evlərinin, ictimai iaşə müəssisələrinin tikintisi aparılır, amma belə torpaqlarda bu halın baş verməsi yolverilməzdir. Onun sözlərinə görə, vaxtilə insanlara verilən pay torpaqlarında yalnız əkinçiliklə məşğul olmaq olar: “Qarşıya kənd təsərrüfatı təyinatı olan torpaqların sahəsinin azaldılmaması məqsədi qoyulub. Hər bir torpaq kateqoriyası dəyişdirilirsə, onun əsaslandırılması aparılmalıdır. Torpağın kateqoriyasının dəyişdirilməsi təşəbbüsünü irəli sürən torpaq mülkiyyətçiləri müvafiq qurumlardan bunun üçün rəy və icazə almalıdırlar. Bu prosedur aparılmadan bu kateqoriyalı torpaqlarda tikinti işlərinin aparılması yolverilməzdir”.
Ümumiyyətlə, Vətən müharibəsində əldə etdiyimiz qələbə bir çox məsələlərə yeni baxış formalaşdırıb. O cümlədən də torpaq sahələri və vətəndaşların hüquqlarının qorunması baxımından. 

Misal üçün, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən işğaldan azad olunan ərazilərdə bir çox əmlakın çöl inventarlaşdırma işləri tamamlanıb, bir neçə infrastruktur, nəqliyyat və təchizat, eləcə də torpaq sahələrinin inventarlaşdırılması başa çatdırılıb.
Bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclasında məlumat verilib.
Bildirilib ki, azad edilmiş torpaqlarda iqtisadi fəaliyyətin təşkili işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu İqtisadi məsələlər üzrə İşçi Qrup əmlakın inventarlaşdırılması, işğaldan əvvəl mövcud olan xəritələrin vektorlaşdırılması, habelə iqtisadi fəallığın dəstəklənməsi kimi proseslər üzərində işləyir.

Həmçinin, aidiyyəti qurumlar tərəfindən Qrupun sahəvi tədbirlər planının icrasına başlanılıb. Veb əsaslı, mətn və qrafiki komponentlərdən ibarət Qarabağ İnventar Proqramı hazırlanıb və dövr ərzində təkmilləşdirilib. Hazırda müvafiq dövlət qurum və təşkilatları ilə texniki inteqrasiya mühiti qurulur. Hətta meşələrin sərhədlərinin daha dəqiq müəyyən edilməsi üçün də meşə quruluşu işləri aparılır. Bunu da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev bildirib. Şöbə müdiri qeyd edib ki, bu işlərin nəticəsindən asılı olaraq, meşələrin xəritələri müəyyən ediləcək. Bu barədə ictimaiyyət də mütəməadi məlumatlandırılacaq. Bu işin özü də keçmiş köçkünlərin doğma yurd-yuvalarına qayıdışı prosesində əhəmiyyətlidir. Evinə qayıdan vətəndaş malik olduğu torpaq sahəsinin təyinatını da biləcək, hansı ərazilərin dövlət nəzarəti altında olduğunu, hansı ərazidə təsərrüfatla məşğul olmağa icazə verilir, hara meşəlikdir, hara qoruqdur… və sair bu kimi məsələləri artıq biləcək. Ən əsası da doğma elinə qayıdan əhali kənd təsərrüfatı sahəsində çalışmaq, öz fərdi təsəffüfatını yaratma imkanına sahib olacaq.   
 
Torpaqlardan təyinatı üzrə istifadə edilməlidir

Bələdiyyələrin Fəaliyyətinin Təbliği Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında bildirdi ki, torpaq sahələrinin inventarlaşdırılması vacib məsələdir. Ölkə üzrə mövcud torpaq sahələrinin nə qədərinin dövlət balansında, nə qədərinin şəxsi mülkiyyət olduğu dəqiq bilinməlidir.   
- Azərbaycan artıq yeni bir dövrə, həm də çox böyük, əhəmiyyətli bir dövrə qədəm qoyub. Bunun başlıca səbəbi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun, onun igid döyüşçülərinin qazandığı parlaq qələbədir. Dünənədək nə olubsa, olub. Amma bundan sonra artıq qüsursuz fəaliyyət göstərilməlidir.

Əkinə yararlı, kənd təsərrüfatının inkişafına səbəb olacaq torpaq sahələrində təyinatı üzrə istifadə edilməlidir. Bir neçə il əvvəl ozamankı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sənədsiz evlərlə bağlı rəy açıqlamışdı.

Orada bildirilirdi ki, qanunsuz tikililərlə bağlı ən pis vəziyyət Bakıda - Abşeron rayonunun idarəçiliyində olan torpaqlardadır. Bu ərazilərdə böyük yaşayış massivləri formalaşıb. Qanunsuz zəbt olunmuş, həmçinin istifadəsiz torpaqlarla bağlı son illər ciddi işlər aparılmağa başlandı. İstifadəsiz qalan torpaqların kənd təsərrüfatına yönəldilməsi ən məqbul variant sayılır. 

Bakıda və Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı olan torpaqlarda tikilmiş və sahibləri bu günə qədər mülkiyyət hüquqları əldə etməmiş fərdi evlərlə bağlı da araşdırma aparılmalıdır. İstifadəsiz torpaq anlayışı başqadır, sənədsiz evlər məsələsi başqa. İstifadəsiz torpaq, mümkün qədər olmamalıdır. Hansı torpaqda ki əkib-becərmək, məhsul əldə etmək, iqtisadi, sənaye məqsədilə istifadə etmək olar, sənaye müəssisəsi tikmək mümkündür, onlar dövlət ehtiyacları üçün alına bilər.

Bu zaman da orada məskunlaşmış əhaliyə dövlət tərəfindən kompensasiya ödənilir. Amma hansı ərazilər ki, kənd təsərrüfatı üçün yararsızdır, onları sənayeyə yönləndirmək də tutarlı bir mənfəət gətirməyəcək, üstəlik, həmin ərazilər yaşayış massivi kimi artıq formalaşıb, onları vətəndaşların mülkiyyəti kimi sənədləşdirmək əlbəttə, daha doğru qərardır.

Ümumiyyətlə, kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəyə ciddi yanaşılmalıdır. Bir çox hallarda əkinə yararlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilir. Torpaqlar ya istifadəsiz saxlanılır, ya da təyinatına uyğun olmayan şəkildə istifadə edilir. Bunların qarşısı ciddi alınmalıdır. Amma söhbət iqtisadi cəhətdən səmərə verməyəcək torpaqlardan gedirsə, niyə dövlət ziyana düşməlidir?

Amma belə hal, kimlərəsə daha artıq əraziləri qanunsuz zəbt etmək üçün fürsət kimi görünməsin. Torpaq sahələri dövlətə lazımdır. Əgər kimsə torpaq sahəsini zəbt edib, lakin ondan istifadə etmir, buyursun, həmin torpaq səhəsini dövlətə qaytarsın. Dövlət ondan hansı məqsədlər üçün istifadə edəcəyini müəyyənləşdirər. 

İstifadəsiz torpaq sahələrindən təyinatı üzrə yararlanmaq kənd təsərrüfatı sahəsində böyük irəliləyişə səbəb ola bilər. Necə ki, bu proses işğaldan kənarda qalmış ərazilərdə aparılırdı. İndi də işğaldan azad edilmiş ərazilərimizdə eynilə aparılmalıdır.

İşğal müddətində istifadəsiz qalmış, ya da yararsız hala salınmış torpaq sahələri əkinə yararlı vəziyyətə gətirilməli, kənd təsərrüfatı təyinatlı olmalıdır.

Bir neçə il əvvəl Goranboyda belə işlər aparılmışdı. Yararsız vəziyyətdə olan torpaq sahələrinin əkinə yararlı vəziyyətə gətirilməsi üçün yarğanlar doldurulmuşdu, yüksək keyfiyyətli hamarlama işləri aparılmışdı, sahələr təmizlənmişdi.

Bütün bu işlər, şühbəsiz, işğaldan azad edilmiş ərazilərdə də aparılacaq. Bununla da vətəndaşlar fərdi təsərrüfat sahələri yaratmaq imkanı əldə edəcəklər. Əkin sahələrinin yararlı hala salınması həm dövlətə mənfəət qazandıracaq, həm də vətəndaşa. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu