Türkiyədə qismən icazə verildi, biz də başlayaq

İctimaiyyət nümayəndələri də hesab edir ki, bir yol tapıb toyları bərpa etmək lazımdır

Qapanmalar insanları depressiyaya salır, bədbinlik yaradır


Türkiyə toylara start verdi. Bizdən fərqli olaraq qardaş ölkədə regionlar, şəhərlər üzrə koronavirus xəritəsi tərtib edilib. Və yumşalmalara da xəritə üzrə gedilir. Hansı ərazilərdə ki yoluxma sayı azdır, risklər kiçikdir, oarda toy, nişan, digər şənlik məclislərinə, yas mərasimlərinə bəlli sayda insanın iştirakı ilə icazə verilir artıq. Bizdə isə riskə gedib toy çaldıranlar hələ də məsuliyyətə cəlb edilir. Aydındır, anlayırıq, karantin rejimidir, qaydalar var, amma insanlar qəbul etmir artıq və qaydaları pozmağa meyillənirlər.

Son günlərdə Şəmkir və Gəncədə toy mərasimi keçirənlərə “toy tutulub”. Şəxslər cərimə edilib. Birinci dəfə deyil. Belə hallar hətta karantinin ən sərt dönəmlərində də vardı. Qısası, Azərbaycan insanı nə toydan əl çəkir, nə yasdan. Neyləyək, başqa Vətənimiz olmadığı kimi, başqa adət-ənənəyə də adaptasiya oluna bilmirik. Məşhur “Bəyin oğurlanması”nda deyildiyi kimi, “Xalqımın toy kimi adəti var!”.  

Yas mərasimləri ilə bağlı vəziyyət bir az fərqlidir. Ölənin ardınca kim ölüb ki?! İlk vaxtlar ailə üzvləri, yaxın qohumların dəfndə, yas mərasimində  iştirakına icazə verilirdi. Son aylarda daha kimsə icazə-filan da istəmir. Yas düşmüş evə daha birbaşa gedirlər. Çox ziyarətçisi olan ölü də var, az ziyarətçisi olan da. “Camaatdan ayıbdı, el-oba nə deyər?!” anlayışı ilə ehsan verən də olur, “gəlib tutarlar, cərimə edərlər”, qorxusu ilə ehsandan könülsüz vaz keçən də. Toy isə müşküldür.

Həm də çox! “Evləri köndələn yar”da istedadlı aktrisamız Kübra Əliyevanın canlandırdığı obrazın dili ilə desək, analar da “indi deyirsən, mən oğlumun toyunda sındıra-sındıra oynamayım?!” təfəkkürü ilə illərlə gözləməyə razıdırlar, karantin bitsin, təki toyda sındıra-sındıra oynasınlar. 
Bir az başqa tərəfdən də baxaq, toy mərasimlərinin keçirilməməsinə. Toy mərasimlərindən böyük bir sektor faydalanırdı. Şadlıq evləri, orada çalışanlar – müdiriyyətdən başlamış ofisiantına, xadiməsinə, aşbazına, “parkovka” gözətçisinə kimi, həmçinin də müğənnilər, tamadalar, rəqqasələr. Toy evi də azdan-çoxdan gəlir əldə edirdi.

Qohumlar, başqa dəvətlilər səxavətli davranıb yaxşı nəmər salırdısa, ailələr girov qalmaqdan qurtulur, oğlan evi toy xərcini bağlayır, qız evi də kredit götürdüyü cehizin pulunu ödəyirdi. Hə, deməli, mebel mağazaları da ziyandadır.

Toy yoxdu, mebel alan da yoxdu. Ət biznesmenləri, broyler fabrikləri və ümumiyyətlə qida sektoru (masaya 100 cür təam düzülürdü, ondan) da  ziyandadır. Hansı tərəfdən baxsan, ziyana uğrayanları görürük. Demoqrafik problemdən heç danışmayaq. Amma psixoloji gərginlikdən danışmalıyıq. Çünki toysuz cəmiyyət bədbinliyə məhkumdur.        

Komitə sədri anons verdi, deputatlar dəstəklədi 

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı KİV-ə açıqlamasında deyib ki, dini mərasimlər və toyların təşkilinin bərpası ilə bağlı müvafiq addımlar atılacaq. M.Qurbanlı bildirib ki, toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməsi operativ qərargahın səlahiyyətindədir: “Həmin qurum bununla bağlı tibb mütəxəssislərinin pandemiya ilə bağlı yaranmış vəziyyətə dair qiymətləndirməsini nəzərə alaraq qərarlar qəbul edəcək”.
Toy məsələsi millət vəkillərini də narahat edir. Millət vəkili, iqtisadçı Vüqar Bayramov Sputnik.az-a açıqlamasında toy sektorunun çalışmamasının fəsadlara səbəb olduğunu deyib: "Toy mərasimlərinin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq bu sferada hələ də açılmaya gedilmir. Daha yaxşı olardı ki, bəlli standartlarla bu sahədə də aktivlik bərpa edilsin. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımından da vacib hesab olunur”. 

Millət vəkili Fazil Mustafa da uzun müddətdir karantin qaydaları ilə bağlı mövcud vəziyyətdən narazılığını bildirir. Millət vəkili belə bir status da paylaşmışdı: “Toylara icazə verilmir, amma restoranda 100-200 adam eyni anda əyləşir. Xəstəlik yayılacaqsa, elə restoranda da yayılacaq”. Millət vəkili bu fikirdədir ki, Türkiyədəki kimi bizdə də müəyyən sayda insanların iştirakı ilə toylara icazə verilə bilər:

- İnsanların bir ildən çoxdur ki, toyları təxirə salınıb. Ölkədə müəyyən sahələrə qoyulan qadağalar iş yerlərinin bağlanması, insanların iş yerlərindən çıxarılması ilə nəticələnir. Sahibkarlar da burada məcbur qalıb bunu edirlər. İnsanlara müəyyən qadağalar qoyulub. Maska taxılması, sosial məsafə qaydalarına riayət edilməsi və dezinfeksiya məhlullarından istifadə mütləqdir.

Bunlar gözlənilməklə qonşu ölkədə olan praktikanın müəyyən sayda insanların iştirakı ilə Azərbaycanda da tətbiqi mümkündür. Müəyyən sayda insanlar restoranda 1-2 saatlıq toy məclisi təşkil edə bilər. Bunun üçün qaydalar hazırlanmalı və bu istiqamətdə maarifləndirmə işləri görülməlidir.

İnsanların psixologiyası pozulub

İctimai xadim Azər Həsrət “Şərq”ə açıqlamasında qeyd etdi ki, toy məclisləri, yas mərasimləri ilə bağlı müəyyən yumşalmalara gedilməlidir: 

- Ehtiyatı əldən verməmək şərti ilə müəyyən yumşalmalara gedilməlidir. Avtobuslarda onsuz da basa-basdır. Şəhərdə nəqliyyat sektorunda xaos yaşanır. Nəinki pik saatlarda, ümumiyyətlə, günün hər saatında şəhərdə avtomobil idarə etmək böyük bir əzaba çevrilib.

Metro bir ilə yaxındır qapalıdır. İnsanlar məcburdur, avtobuslara minir, şəxsi avtomobillərdən, taksi xidmətindən istifadə edir. Ona görə də yollarda dəhşətli sıxlıq yaşanır, sərnişinlər avtobusda ağız-ağıza dayanır.

İnsanlar arasındakı sıxlıq azalmır, əksinə, artır. Məktəblər açıldı, heç bir fövqəladə hal yaşanmadı. Bütün bunların fonunda yoluxma sayında gah azalma, gah da artım müşahidə edilirsə, deməli, yoluxma statistikasındakı dəyişmələrə səbəb nə toylardır, nə də yas mərasimləri. Yas mərasimləri onsuz da keçirilir.

Bəzən bir mərasimə 100 nəfər qatılır. Tibbi maska taxılmasına əməl edən də var, etməyən də. Amma toylar keçirilmir. Hardasa, kimlərsə gizli mərasim təşkil edir, gah müəyyənləşir, gah müəyyənləşmir, bunları hesaba almayaq. Toyların keçirilməsinə qadağanın hələ də qüvvədə qalması ilk növbədə insanların psixologiyasına mənfi təsir edir.

Məlumdur ki, insanın xəstəliyə qalib gəlməsində əhval-ruhiyyənin yüksək olması böyük əhəmiyyət daşıyır. Xəstəliyin müalicəsi üçün insanların normal həyata qayıtması vacibdir. İnsanlar şənlənmək, bir araya gəlmək istəyir. Bu, adi insani istəklərdir. Deyirlər, toyların keçirilməsinə icazə verilsə, karantin qaydaları pozulacaq, kimlərsə sərxoşluq edəcək, məsafə saxlamaq mümkün olmayacaq. Məntiqsiz yanaşmadır. Karantin qaydalarını pozanlar indi də var. İnsanlar, bayaq dediyim kimi avtobuslarda ağız-ağızadır. Sosial məsafədən danışmağa dəyməz. Sərxoşluq edənlərsə, indi də edir.

Qapanmalar insanları depressiyaya salır, bədbinlik yaradır. Ona görə də hesab edirəm ki, bu sahənin mütəxəssisləri bir yol, üsul tapıb toy məclislərinin keçirilməsi üçün təkliflərlə çıxış etməlidir. Vəziyyət bundan artıq davam edə bilməz. Dəyişiklik mütləq olmalıdır, yumşalmalara gedilməlidir. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu