Metro yaxın günlərdə işləyəcək

Artıq müəyyən tədbirlərin görülməsi buna işarədir

Mart ayının 6-7-də Bakı metrosunun infrastrukturu normal iş rejimi şəraitində yoxlanılacaq.  

"Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, mart ayının 6-7-də həyata keçiriləcək tədbirlər çərçivəsində bütün metropoliten xətlərində qatarlar müəyyən edilmiş qrafikə uyğun qaydada hərəkət edəcək. Eyni zamanda hərəkətin təşkili, idarə olunması və nizamlanması, elektrik təchizatı, habelə digər mühəndis-texniki qurğu, avadanlıq və sistemlər adi iş rejimi vəziyyətinə gətiriləcək.

Bununla bağlı "Avtosfer.az" saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Şərq"ə öz fikirlərini bildirib. O deyib ki, bu tədbirlərin metronun açılmasına dair bir işarə olduğuna ümid edirik:

"Hər bir halda bu, profilaktik tədbirdir və metronun işinin səmərəli təşkilinə yönəlib. Lakin bu, vətəndaşların, cəmiyyətin tanınmış, sayılıb-seçilən üzvlərinin irad və təkliflərindən sonra metronun fəaliyyətinin bərpası ilə bağlı addımlar atılması ilə bağlı da ola bilər. Bu baxımdan düşünürəm ki, yaxın vaxtlarda həmin məsələ ilə əlaqədar yenilik ola bilər. Hərəkətin təşkili prosesindən anlayışı olan şəxslərin də etirafı və bildiyi kimi, bu gün metronun işləməməsi ictimai nəqliyyatdan istifadə edən insanların hərəkətinə çox böyük problemlər yaradır. Buna görə də yəqin ki, yaxın vaxt ərzində metronun açılması ilə bağlı xəbər eşidəcəyik".

Ekspert metronun fəaliyyəti bərpa olunduqdan sonra hansı qaydaların tətbiq ediləcəyi barədə də məlumat verib:

"Düşünmürəm ki, metronun fəaliyyəti əvvəlki qaydada mümkün olsun. Hər bir halda müəyyən məhdudiyyətlər tətbiq ediləcək. Tövsiyə edirik ki, insanlar həmin qadağalara narazılıq etməsin. Çünki real vəziyyəti nəzərə almaq və buna uyğun işin qurulmasına imkan yaratmaq lazımdır. Pik saatlarda vaqonlarda sərnişinlər çoxluq təşkil edir. Buna görə də polis əməkdaşları 20-30 dəqiqə ərzində metroya girişi məhdudlaşdıra bilər. Hər bir vətəndaş bunu anlayışla qarşılamalıdır. Çünki içəridə sıxlıq olan zaman, təbii ki, digər vətəndaşları ora buraxmaq mümkün deyil. İstənilən halda həmin addımlar sağlamlığımızı qorumaq üçün nəzərdə tutulacaq".

Aytac Ali 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu